Konqresmen Co Vilson: İrandakı terror rejiminin NATO müttəfiqi Türkiyə və Azərbaycana qarşı böhtan xarakterli bəyanatlarını pisləyirəm
3-01-2025, 10:18
ABŞ Helsinki Komissiyasının həmsədri, Respublikaçı konqresmen Co Vilson (Joe Wilson) İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycan və Türkiyəyə qarşı səsləndirilən ifadələri pisləyib.
“İrandakı terror rejiminin NATO müttəfiqi Türkiyə və Azərbaycana qarşı böhtan xarakterli bəyanatlarını pisləyirəm. Suriyadan aydın olduğu kimi, NATO müttəfiqi Türkiyə Tehrandakı terror rejiminə qarşı mübarizədə mühüm tərəfdaşdır”, Vilson X səhifəsində yazıb.
İranın ali rəhbərinin Ərdəbil üzrə nümayəndəsi dekabrın 29-da Azərbaycan və Türkiyə liderlərinin ünvanına təhqiredici ifadələr səsləndirib.
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan yanvarın 1-də Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.
“29 dekabr 2024–cü ildə Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib”, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasına münasibət bildirib.
Onun sözlərinə görə, İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin Azərbaycana qarşı dedikləri İran hökumətinin mövqeyini əks etdirmir.