Ukraynalıların taqəti tükənir: müharibə insanları yorub
Dünən, 09:38
“Nə qədər lazımdırsa” müharibəyə dözməyə hazır olan ukraynalıların sayı kəskin azalıb: vətəndaşlar tezliklə sülh istəyirlər
Müharibə yükünü lazım olduğu qədər çəkməyə hazır olan ukraynalıların sayı bir il ərzində 16 faiz azalıb. 2024-cü ilin dekabrına bu rəqəm 57 faiz təşkil edib. Bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğu ortaya çıxarıb.
Tədqiqatçılar qeyd ediblər ki, Rusiya ordusunun Ukraynaya hücumunun ilk günündən, yəni 2022-ci ilin fevral ayından 2024-cü ilin fevral ayına qədər vəziyyət demək olar ki, dəyişməz qalıb: ukraynalıların təxminən 71-73 faizi ardıcıl olaraq müharibəyə lazım olan qədər dözməyə hazır olduqlarını bildiriblər. Bununla belə, ötən ilin fevral-oktyabr ayları arasında bu şəkildə cavab verən Ukrayna sakinlərinin nisbəti ilk dəfə olaraq 63 faizə düşüb. Bundan sonra 2024-cü ilin oktyabrından dekabr ayına kimi 57 faizə enib.
Eyni zamanda, “müharibəyə bundan sonra da dözməyə hazırsınızmı?” sualına cavab verməkdə çətinlik çəkənlərin də sayı artıb - oktyabrda 12 faizdən dekabrda 18 faizə çatıb. Digər 3 faiz bir il, 3 faiz - altı ay, 18 faiz bir neçə ay dözməyə hazır olduqlarını söyləyiblər.
Davamlı döyüşlərə dözmək istəyənlərin ən çoxu Qərbi və Mərkəzi Ukraynada müşahidə olunur (57-59 faiz). Həmçinin, yüksək gəlirli insanlar uzunmüddətli münaqişəyə (70 faiz) aşağı gəlirlilərə (51 faiz) nisbətdə daha çox hazırdırlar.
Bununla belə, KIIS sosioloqlarının fikrincə, sorğunun nəticələrinə ukraynalıların təhlükəsizlik marjasının azalması deyil, həm daxili, həm də xarici amillərlə, o cümlədən Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi ilə bağlı artan qeyri-müəyyənlik təsir edib. KIIS tədqiqatı dekabrın 2-dən 17-dək telefon müsahibələrindən istifadə etməklə aparılıb. Ümumilikdə, Ukraynanın bütün regionlarından minə yaxın respondent arasında sorğu keçirilib.
2024-cü ilin oktyabrında keçirilən “Gallup” sorğusuna görə, ukraynalıların 52 faizi Rusiya ilə danışıqlar yolu ilə müharibənin tez bir zamanda dayandırılmasının tərəfdarı olub. Münaqişənin sona çatması üçün diplomatik yolun bu qədər çox tərəfdarları Rusiya ordusunun genişmiqyaslı işğalı başlayandan bəri görünməmişdir. Bununla yanaşı, Ukraynanın Rusiya ilə sonadək mübarizə aparmalı olduğuna inananların payı 38 faizə düşüb. Müharibənin əvvəlində münaqişənin güc yolu ilə həllinin tərəfdarlarının payı 73 faiz, 2023-cü ilin sonunda isə 63 faiz təşkil edib.
“Gallup” sosioloqları qeyd ediblər ki, Rusiya ordusunun Donbassda irəliləyişinin davam etməsi fonunda ukraynalılar getdikcə müharibədən yorğunluq nümayiş etdirirlər. Hətta bəzi ərazilərin verilməsini nəzərdə tutsa belə, tezliklə sülh sazişinin əldə olunmasını istəyirlər.
Müəllif: Turan Abdulla
ayna.az