Ərdəbildə dörd siyasi fəala ittiham irəli sürülüb

Dünən, 16:18           
Ərdəbildə dörd siyasi fəala ittiham irəli sürülüb
Ərdəbilin Ümumi və İnqilab Prokurorluğu siyasi fəallar Tövhid Əmir Əmini, Hadi Təvəkküli, Yusuf Kari və Yusuf Haqqiyə qarşı “yalan xəbər yaymaq” ittihamı irəli sürüb.

Hüquq müdafiəçiləri və xəbər saytlarının yaydığı məlumata görə, iki polis məmurunun şikayəti ilə fəallara qarşı məhkəmə işi açılıb.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) bildirdiyinə görə, keçən günlərdə fəallara elektron çağırış göndərilərək, onlardan Ərdəbilin ümumi və inqilab prokurorluğunun 10-cu şöbəsinə müraciət etmələri tələb olunub.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agetnliyinə istinadən, Hadi Təvəkküli və Yusuf Haqqi şənbə günü həmin şöbəyə müraciət edərək özlərini ittihamlara qarşı müdafiə ediblər. HRA Yusuf Kari və Tövhid Əmir Əmininin şöbəyə müraciət etmədiklərini bildirib.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Kari və Əmir Əmini daha əvvəl məhkəmənin ədalətsiz əsaslarla təşkil olunduğunu önə çəkərək şöbəyə müraciət etməyəcəklərini bildiriblər.

Ərk cəmiyyətinin xəbərinə görə, dörd fəalı məhkəməyə verən polis məmurları keçən oktyabr ayında Yusuf Karini nəzarət altına alarkən döyən məmurlardır.
Əvvəllər İranın məhkəmə və təhlükəsizlik orqanları tərəfindən məruz qaldığı təzyiqlərdən dolayı işindən qovulan Kari oktyabrın 28-də Ərdəbil şəhərinin bir küçəsində meyvə satarkən nəzarət altına alınmışdı. Hüquq müdafiəçiləri onun nəzarət altına alındığı zaman və ertəsi gün polis təcridxanasında məmurlar tərəfindən şiddətli döyüldüyünə dair xəbərlər yaymışdılar.

Karinin əlavə olaraq “qarışıqlıq yaradaraq ümumi asayişi pozmaq” və “müqəddəsləri təhqir etmək” ittihamları ilə üzləşdiyi bildirilir.

Tövhid Əmir Əmini və Yusuf Kari keçmiş illərdən bəri dil hüquqları uğrunda göstərikləri fəaliyyətlər və İran Azərbaycanında təşkil olunan siyasi və mədəni tədbirlərdə iştirak səbəbilə həbs və işdən qovulma kimi müxtəlif təzyiqlərə məruz qalıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.