Makron Ukraynaya “realist” mövqe təklif edib
Dünən, 09:24
Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara başlamaq səyləri çərçivəsində ərazi məsələlərində realist mövqe nümayiş etdirməlidir.
Fransa səfirlərinin il üzrə strategiyalarını açıqlaması üçün keçirilən illik konfransda çıxış edən Makron öz şərhlərində ilk dəfə olaraq Kiyevə Rusiyanın zəbt etdiyi bütün əraziləri geri qaytarmaq istəyindən fərqli mövqe tutmağı təklif edib.
2014-cü ildə Krımı ilhaq edən Moskva 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayıb və hazırda Donbasın şərqi də daxil olmaqla, ölkə ərazisinin təxminən beşdə birinə nəzarət edir.
“Ukraynalılar ərazi məsələləri ilə bağlı real müzakirə aparmalıdırlar və bunu yalnız onlar edə bilər və avropalılar öz səlahiyyətləri daxilində təhlükəsizlik təminatlarının yaradılmasına ümid edirlər”, – deyə Makron bildirib.
ABŞ-ın rolu Rusiyanı danışıqlar masası arxasına oturmağa inandırmaq olmalıdır, deyə o bildirib və əlavə edib ki, Ukrayna və Avropanın birbaşa iştirakı olmadan münaqişənin həlli üzrə heç bir qərar razılaşdırıla bilməz.
Parisdə mətbuat konfransında çıxış edən xarici işlər naziri Radoslav Sikorski ölkəsinin mövqeyinin dəyişmədiyini açıqlayıb və sərhədlərinin gələcəyi barədə yalnız Ukraynanın qərar verə biləcəyini bildirib.
"Polşa hesab edir ki, ən təbii və uzunmüddətli həll yolu tanınmış sərhədlərə qayıtmaq olardı", - deyə o, fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə bəyan edib.
“Gəlin yada salaq ki, 2004-cü ildə Rusiya ilə Ukrayna arasında sərhəd müqaviləsini şəxsən müzakirə edən və ratifikasiya edən prezident Vladimir Putin idi”.
Makron bir daha vurğulayıb ki, Ukraynanın müttəfiqləri Kiyevə kifayət qədər dəstək verməlidirlər ki, o, istənilən danışıqlarda güclü mövqedə ola bilsin. O, Ukraynaya kömək etmək üçün heç bir konkret yeni öhdəlik götürməyib.
Makron ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müharibəni tez bir zamanda bitirmək vədinə toxunaraq, “Tez və asan həll yolu olmayacaq” deyib.