Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma...
Bu gün, 08:32
“ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynadakı müharibəni mümkün qədər tez bitirmək istəyir. Lakin o, münaqişənin həlli prosesində Rusiya Prezidenti Vladimir Putinə güzəştə getməyə hazırlaşmır”. Bu sözləri gələcək Amerika liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Məncə, insanlar bilməlidirlər ki, o, nə Putinə, nə də ruslara nəsə verməyə çalışmır. O, Ukraynanı xilas etməyə və onun suverenliyini qorumağa çalışır və bunun ədalətli həyata keçirilməsini istəyir”, - Kelloq “Fox News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, vəzifəsini tərk etməkdə olan Co Baydenin "ən böyük səhvi" Putinlə iki ildən çox danışıqlar aparmaması olub. Kelloq deyib ki, Tramp administrasiyası “şərait yaratmağı planlaşdırır” ki, o, həm Ukrayna Prezidenti, həm də Rusiya lideri ilə danışa bilsin.
“Co Baydenin Rusiya lideri Vladimir Putinlə danışıqlardan imtina etmək qərarı ABŞ rəhbərinin etdiyi ən böyük səhvi idi”, deyən Kelloq xatırladıb ki, Bayden iki ildən artıqdır ki, Rusiya Prezidenti ilə danışmayıb: “Prezident Tramp həm rəqibləri, həm də müttəfiqləri ilə danışır və bunun asan olmadığını bilir. Lakin o, əslində bilir ki, son nəticəyə çatmaq üçün insanlarla danışmaq lazımdır və o, bunu edəcək”.
Kelloq həmçinin yanvarın 20-də Trampın andiçmə mərasimindən sonra 100 gün ərzində münaqişənin həllini tapmağa çalışmaq üçün “şəxsi və peşəkar” səviyyədə qarşıya məqsəd qoyduğunu bildirib.
Bundan əvvəl Trampın özü ümid etdiyini bildirmişdi ki, prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra altı ay ərzində Ukraynada müharibəni dayandıra biləcək. Eyni zamanda, o, Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxan Rusiyanın “hisslərini” anladığını bildirib. Onun sözlərinə görə, Moskva və Kiyev arasında hər iki tərəfə uyğun olan “sövdələşmə olub”, lakin Bayden onu pozaraq Kiyevin NATO-ya qoşula biləcəyini elan edib.
Ukraynanın NATO-ya üzv olmaqdan imtinası Putinin 2024-cü ilin iyununda elan etdiyi atəşkəs danışıqlarının başlanması üçün Rusiyanın əsas tələblərindən biridir. Tələblər arasında Ukrayna qoşunlarının Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin işğal olunmamış hissələrindən çıxarılması da var. Bundan əlavə, Putin Kiyevdən bu bölgələri və Krımı Rusiya ərazisi kimi tanımağı, həmçinin ölkənin qeyri-nüvə statusunu təsdiq etməyi tələb edir. Ötən ilin dekabrında Rusiya Prezidenti tələblərini təkrarlayıb, lakin danışıqlar zamanı güzəştə getməyə hazır olduğunu qeyd edib.
Zelenski öz növbəsində qeyd edib ki, diplomatik həll üçün Ukraynaya nəzarət etdiyi ərazilər üçün təhlükəsizlik zəmanəti lazımdır. Bununla yanaşı, “Kiyev itirilmiş ərazilərə əl çəkmək niyyətində deyil”.
Ayna.az