İsrail və HƏMAS arasında atəşkəsə işarələr var, lakin əminlik yoxdur
Bu gün, 17:18
Bazar günü İsrail və HƏMAS militant qruplaşması arasında Qəzzada döyüşlərin dayandırılması üçün uzun müddətdir gözlənilən atəşkəsin yaxın günlərdə əldə oluna biləcəyi və militantlar tərəfindən saxlanılan qalan girovların azad olunacağına dair işarələr olub.
İsrailin baş naziri Benyamin Netanyahunun sözçüsü bildirib ki, İsrailin yüksək səviyyəli təhlükəsizlik heyəti Qətər, Misir və ABŞ rəsmiləri ilə yeni müzakirələr aparmaq üçün Qətərə gəlib.
Onlar ABŞ prezidenti Co Baydenin yanvarın 20-də vəzifəsini tərk etməsi və yeni seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasından əvvəl razılığa gəlmək üçün yenidən səylər göstərirlər.
Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan CNN tele kanalının “State of the Union” proqramında verdiyi müsahibədə bildirib ki, tərəflər Qəzzada 15 aydan çox davam edən döyüşlərə son qoymaq və orada saxlanılan qalan 98 girovu azad etmək üçün razılaşma əldə etməyə “çox, çox yaxındırlar”. Girovların üçdə ikisinin sağ olduğu güman edilir.
“Biz bu məqsədə çatmaq üçün hakimiyyətdə olduğumuz hər gündən istifadə etməkdə qərarlıyıq. Biz bunu heç bir şəkildə kənara qoymuruq”, o bildirib.
Ağ Ev Baydenin bazar günü Netanyahu ilə davam edən müzakirələr barədə danışdığını, bildirib, lakin danışıqların heç bir təfərrüatı açıqlanmayıb.
Sallivan Baydenin Doha danışıqları ilə bağlı gündəlik yenilənmiş məlumatlar aldığını və İsraillə HƏMAS arasında vasitəçilər yolu ilə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə edildiyini bildirib.
O, Baydenin vəzifəsini tərk etməzdən əvvəl hələ də razılığa gəlmək şansının olduğunu, lakin buna əminliyin olmadığını bildirərək, “xüsusən də HƏMAS-ın barışmaz olaraq qaldığını” deyib.
İsrail Qəzza zolağında HƏMAS-a qarşı hücuma 2023-cü ildə oktyabrın 7-də HƏMAS militantlarının İsrailin hesablamalarına görə, 1200 nəfəri öldürüb və 250-dən çox insanı girov götürməsindən sonra başlayıb.
Fələstin səhiyyə rəsmilərinin bildirdiyinə görə, o vaxtdan bəri Qəzza zolağında əksəriyyəti qadın və uşaqlar olmaqla 46 mindən çox insan həlak olub. İsrail ölənlərin sayına öldürülən minlərlə HƏMAS döyüşçüsünün daxil olduğunu bildirir.
Aralıq dənizi boyunca dar bir ərazi olan Qəzza zolağının böyük hissəsi döyüşlər nəticəsində dağıdılıb və humanitar böhran içindədir. Qəzzanın 2,3 milyonluq əhalisinin böyük hissəsi dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb.
Netanyahunun ofisi şənbə günü bildirib ki, İsrailin Doha danışıqlarındakı nümayəndə heyətinə Mossad kəşfiyyat agentliyinin direktoru David Barnea, Şin Bet daxili təhlükəsizlik xidmətinin rəhbəri Ronen Bar və girovlar üzrə hərbi idarənin rəisi Nitzan Alon daxildir.
Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff cümə günü Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Təni ilə görüşdükdən sonra şənbə günü Netanyahu ilə görüşüb.
İsrail və Fələstin rəsmiləri cümə axşamından bəri İsrail və HƏMAS arasında vasitəçilərin köməyi ilə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə edildiyini bildirsələr də, təfərrüatları açıqlamayıblar. Tərəflər üzərində işlədikləri detalları ciddi şəkildə gizli saxlayıblar.
Danışıqların əvvəlki raundlarında mövcud ən böyük fikir ayrılıqlarından birinin necə aradan qaldırılacağı aydın deyil. HƏMAS müharibənin dayandırılmasını tələb edir, İsrail isə HƏMAS Qəzzanı idarə etdiyi və israillilər üçün təhlükə yaratdığı müddətdə müharibəni bitirməyəcəyini bildirir.