“Toplum TV” fəaliyyətini xaricdən həyata keçirəcəyini bildirir

Bu gün, 15:14           
“Toplum TV” fəaliyyətini xaricdən həyata keçirəcəyini bildirir
“Təəssüf ki, ölkədə mediaya olan təzyiqlər “Toplum TV”nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz edir. Buna görə də, “Toplum TV” bundan sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirəcək”.

Bu barədə “Toplum TV” nəşrinin fevralın 9-da yaydığı bəyanatda deyilir.

Nəşr bildirir ki, ölkə xaricində fəaliyyət göstərməsinə baxmayaraq, həmişə olduğu kimi tərəfsiz, qərəzsiz və müstəqil jurnalistikanı ən ali dəyər kimi qəbul edir və edəcək.

“Son il yarım ərzində ölkədə mediaya qarşı təzyiqlər “Toplum TV”-dən də yan keçməyib, qurumun təsisçisi və bir neçə əməkdaşı həbs edilib, onlar haqqında “qaçaqmalçılıq” ittihamı ilə cinayət işləri açılıb, digərlərinin də ölkədən çıxışına qadağa qoyulub. “Toplum TV” bir daha elan edir ki, ittihamlar əsassızdır və təzyiqlərin motivi “Toplum TV”nin müstəqil media olaraq vətəndaşların problemlərini işıqlandırması, müxtəlif qruplardan olan şəxsləri öz canlı yayımlarına dəvət etməsidir”, sənəddə qeyd edilir.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

2025-ci il fevralın 5-də bu iş üzrə eyni ittihamlarla jurnalist Şahnaz Bəylətqızı saxlanılıb. O “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata götürülmüş iç üzrə həbs edilib.

Yanvarın 17-də “Toplum TV işi üzrə” ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.