İsrail və HƏMAS kövrək atəşkəsi pozmayaraq, yeni mübadilə haqqında razılığa gəlib
Bu gün, 10:44

İsrail və ABŞ-ın terror təşkilatı kimi tanıdığı HƏMAS-ın rəsmiləri çərşənbə axşamı bildiriblər ki, kövrək atəşkəs rejimini ən azı bir neçə gün daha qoruyub saxlamaqla, girovların cəsədlərini yüzlərlə fələstinli məhbusun azad edilməsinə dəyişdirmək barədə razılığa gəliblər.
İsrail HƏMAS-ın girovları azad edərkən onlara qarşı amansız rəftar etməsinə etiraz olaraq şənbə günündən etibarən 600 fələstinli məhbusun azadlığa buraxılmasını təxirə salıb. Terror təşkilatı bu gecikmənin onların atəşkəs rejiminin "ciddi şəkildə pozulması" olduğunu və onlar azad edilənə qədər ikinci mərhələ üzrə danışıqların mümkün olmadığını bildirib.
Bu çıxılmaz vəziyyət sövdələşmənin hazırkı altı həftəlik birinci mərhələsi bu həftə sonu başa çatdıqda, atəşkəsi pozmaq riski yaratmışdı.
Lakin çərşənbə axşamı günü axşam HƏMAS, qrupun yüksək səviyyəli siyasi məmurlardan biri olan Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyətinin Qahirəyə səfəri zamanı mübahisənin həlli üçün razılıq əldə edildiyini bildirib.
Bu irəliləyiş atəşkəs rejiminə uyğun olaraq azad edilməsi planlaşdırılan daha dörd girovun cəsədinin və yüzlərlə əlavə məhbusun geri qaytarılmasına yol açıb.
HƏMAS-ın bəyanatında deyilir ki, daha öncə azadlığa buraxılması nəzərdə tutulan məhbuslar, “təslim edilmələri razılaşdırılmış israilli məhbusların cəsədləri ilə eyni vaxtda azad ediləcək,” eyni zamanda yeni qrup fələstinli məhbuslar da sərbəst buraxılacaq.
Media ilə danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən bir İsrail rəsmisi yaxın günlərdə cəsədlərin vətənə gətirilməsinə dair razılaşmanı təsdiqləyib. O, əlavə məlumat verməyib.
Lakin İsrail mediası bildirib ki, mübadilə çərşənbə günü baş tuta bilər. Ynet xəbər saytı İsrail cəsədlərinin heç bir ictimai mərasim olmadan Misir hakimiyyətinə təhvil veriləcəyini bildirib.
Son razılaşma ilə hər iki tərəfin atəşkəsin birinci fazası üzrə öhdəlikləri yerinə yetirilmiş olacaq - bu müddət ərzində HƏMAS 2000-ə yaxın fələstinli məhbus müqabilində 33 girovu, o cümlədən səkkiz cəsədi qaytarır.
O həmçinin Ağ Evin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffun bölgəyə gözlənilən səfərinə yol aça bilər. Yaxın günlərdə bölgəyə gedəcəyi gözlənilən Vitkoff deyib ki, o, tərəflərin HƏMAS-ın saxladığı bütün girovların azad ediləcəyi və müharibənin dayandırılması üçün danışıqların aparılacağı ikinci mərhələ üzrə danışıqlara keçməsini istəyir. İkinci mərhələr üzrə danışıqlar həftələr əvvəl başlamalı idi, ancaq başlamayıb.
ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə əldə olunan atəşkəs HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə 1200-ə yaxın insanın ölümü və 250-yə yaxın insanın girov götürülməsi ilə nəticələnən terror hücumundan sonra başlayan və 15 aydır davam edən şiddətli döyüşlərə son qoyub.
Fələstinli səhiyyə rəsmilərinin məlumatına görə, İsrail ordusunun hücumu nəticəsində 48 mindən çox fələstinli öldürülüb, Qəzza əhalisinin təxminən 90 faizi köçkün vəziyyətinə düşüb və ərazinin infrastrukturu və səhiyyə sistemi məhv olub. HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi ölənlərin yarısından çoxunun qadın və uşaqlar olduğunu bildirir.