ABŞ Kərkük-Ceyhan neft kəmərinin tezliklə işə salınmasını İSTƏYİR
Bu gün, 09:27

ABŞ dövlət katibi Marko Rubio ilə İraqın Baş naziri Məhəmməd əl-Sudani İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının vacibliyini müzakirə ediblər.
TASS xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
"Onlar İraqın enerji müstəqilliyinə nail olmasının, İraq-Türkiyə boru kəmərinin tezliklə yenidən işə salınmasının və İraqda fəaliyyət göstərən ABŞ şirkətlərinin müqavilə şərtlərinə əməl etməsinin vacibliyi ilə bağlı razılığa gəliblər", - məlumatda qeyd olunub.
Bundan əvvəl Bağdad İraq Kürdüstanında hasil edilən neftin Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə ixracını bərpa etməyə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, Kərkük-Ceyhan boru kəməri ilə neft nəqli 2023-cü ilin martında Bağdadın beynəlxalq məhkəmədə İraq Kürdüstanı muxtar bölgəsindən neft ixracı ilə bağlı Türkiyəyə qarşı 2014-cü ildən davam edən prosesi qazanmasından sonra dayandırılıb. Bağdadın əsas iddiası Türkiyənin BOTAŞ neft-qaz şirkətinin İraq Kürdüstanından hasil edilən nefti İraq hökumətinin rəsmi icazəsi və razılığı olmadan dünya bazarına çıxarması ilə bağlı olub.