Putinin müşaviri ermənilərə barmaq silkələdi
28-10-2016, 10:24
İşğalçı ölkəyə şimaldan müharibə və sanksiya xəbərdarlığı; İşğalçı tərəf ipə-sapa yatmasa, ona qarşı Rusiya və Qərb sanksiyaları işə düşə, “aprel” təkrarlana bilər; rusiyalı ekspert: “Tarixdə Dağlıq Qarabağ heç vaxt Ermənistana məxsus olmayıb”; “Azərbaycan böyük qonşusunun köməyi ilə əraziləri diplomatik yolla qaytarmağa nail olacaq...”
İlsonu Qarabağ məsələsi ilə bağlı müəyyən diplomatik hərəkətlilik və bəzi maraqlı gəlişmələr diqqət çəkir. Xüsusən də Azərbaycan prezidenti İlham Əliyevin Rusiya KİV-lərinə son müsahibəsində konfliktin həllinə yönəlik optimal variant təklif eləməsi, faktiki, “Yol xəritəsi” irəli sürməsi, ardınca da bölgəyə səfər edən ATƏT-in Minsk Qrupu həmsədrlərindən amerikalı vasitəçi Ceyms Uorlikin bu təklifi təqdir etməsi müəyyən kövrək ümidlər yaradıb.
Bəs bu ümidlərin reallığa çevrilməsi mümkündürmü, növbəti ildə münaqişənin həlli yönündə ciddi tərpəniş gözləməyə əsas varmı? Sülh danışıqlarının perspektivi ilə bağlı son durumu rusiyalı ekspertlər şərh edir.
***
Tanınmış politoloq, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, Vladimir Putinin etibarlı şəxslərindən olan Sergey Markova görə, hələ apreldə baş verən “4 günlük müharibə” uzun illər dondurulmuş vəziyyətdə qalmış danışıqlar prosesini bərpa eləmək üçün motiv olub. Bu barədə o, Qarabağ danışıqları ətrafında situasiyanı, o cümlədən prezident İlham Əliyevin muxtar respublika təklifinin nizamlama prosesinə nə dərəcədə stimul verəcəyini rusdilli “Moskva-Baku” portalına şərh edərkən deyib.
Markovun fikrincə, aprel olayları bağlı qapılar arxasında danışıqların fəallaşmasına gətirib: “Masa üzərində də ”Kazan formulu" qoyulmuşdu. Lakin daxili siyasi səbəblərdən Ermənistanın onun həyata keçməsinə hazır olmadığı üzə çıxdı və prezidentlərin Sankt-Peterburq görüşündən sonra danışıqlarda təzədən durğunluq yarandı".
Ekspert Azərbaycan rəhbərliyinin son bəyanatının sülh xarakteri daşıdığına xüsusi vurğu salıb: “Amma İlham Əliyev hədələrlə deyil, konkret təkliflərlə çıxış etdiyi halda - söhbət işğaldakı ərazilər azad edildikdən sonra Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi haqda təklifdən gedir - Ermənistan hər vəchlə dirəniş göstərir və nizamlama prosesini tormozlayır. Azərbaycan prezidenti həm də əmin edir ki, Azərbaycan sülhə can atır, müharibə istəmir, azərbaycanlılar və ermənilər eyni ərazidə birgə yaşaya bilərlər. Ermənistan isə xarici işlər naziri Edvard Nalbəndyanın dilindən bunu da qıcıqla qarşılayır. Çünki hər necə olmasa, Ermənistan monoetnik ölkədir”.
Markov həm Azərbaycan, həm də həmsədrlər tərəfindən səslənən bu kimi bəyanatların hamısının yeganə məqsədi qismində Ermənistanı sülhə vadar eləmək istəyini görür: “Təəssüf ki, Ermənistan rəhbərliyi devrilə biləcəyindən ehtiyatlanaraq, bundan yayınır. İstər həmsədrlərin səfəri, istərsə də Azərbaycan prezidentinin bəyanatı isə İrəvana danışıqları davam etdirmək üçün bir stimul, müharibənin alternativi kimi diplomatik təzyiqin bir formasıdır. Ceyms Uorlikin İrəvandakı bəyanatı da erməni tərəfinin inadkarlığının doğurduğu ümumi qıcığın göstəricisidir”.
Putinin müşaviri işğalçı ölkəyə xəbərdarlıq da edib: “İrəvan gərək unutmasın ki, müxtəlif qəbildən bu kimi diplomatik addımlar günün birində kəsilə bilər ki, onun ardınca da Ermənistana qarşı sanksiyalar işə düşəcək. Məlumdur ki, Rusiya, Avropa Birliyi, ABŞ Ermənistana böyük həcmdə iqtisadi yardım göstərir. İstisna deyil ki, onlar bu köməyi tədricən azaldaraq, Ermənistanın ciddi danışıqlar masası arxasında əyləşməsi üçün onun rəhbərliyinə təzyiq etsinlər. Əgər nə bu, nə də başqa təsirlər nəticəsiz olsa, o zaman ”aprel" təkrarlana bilər".
Analitik həmçinin həmsədrlərin “Qarabağ konfliktinin nizamlanması çərçivəsində təkliflər paketinin bütün elementləri müzakirə olunmalıdır” fikrinə də münasibət bildirib. “Bu yanaşmada yeni heç nə yoxdur. Söhbət ondan gedir ki, rayonlar geri qaytarılır, bunun qarşılığında isə Dağlıq Qarabağın və Ermənistanın blokadası götürülür və Azərbaycanın yeni hərbi əməliyyatlara getməməsinin zəmanəti kimi ATƏT-in missiyası genişləndirilir” - deyə politoloq sonda əlavə edib.
***
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hesabına Dağlıq Qarabağ ətrafında situasiyanı kardinal şəkildə öz xeyrinə dəyişmək arzusu əbəs və əsassızdır. Ermənistan hüquqi baxımdan Azərbaycana qarşı ərazi iddiası üçün heç bir əsasa sahib deyil, ona görə ki, ən yeni tarixdə Dağlıq Qarabağ heç vaxt ona məxsus olmayıb”. Bu fikir isə başqa bir rusiyalı politoloq Yevgeni Mixaylovun vesti.az saytındakı məqaləsində yer alıb.
“Bu üzdən də Ermənistan Dağlıq Qarabağ münaqişəsini qəti şəkildə həll eləmək üçün Azərbaycana hücum edərsə, KTMT onun tərəfini tutmayacaq. Bu, yalnız o halda mümkündür ki, Ermənistanın özü hücuma məruz qalsın. Dağlıq Qarabağ isə Azərbaycanın hüquqi ərazisidir. Üstəlik, Ermənistan Dağlıq Qarabağ ətrafında bir neçə rayonu işğal edib ki, bu da erməni rəhbərliyinin qeyri-adekvat və uzağı görməyən siyasətindən xəbər verir” - politoloq qeyd edib.
Onun qənaətincə, Azərbaycanı öz ərazilərini güc yolu ilə qaytarmağa yalnız onun Rusiya ilə tərəfdaşlıq əlaqələri mane olur: “Azərbaycan sivil dövlətdir və özünün böyük qonşusunun köməyi ilə torpaqlarını diplomatik yolla qaytarmağa nail olacaq. Bundan əlavə, biz Türkiyənin konfliktin nizamlamasında artan iştirakını görürük - hansı ki, erməni rəhbərliyinin əsla xoşuna gəlmir. Bununla belə, biz Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasının şahidiyik. Zaxarova Türkiyə rəhbərliyinin konfliktin həllinə yönəlik səylərini alqışladığını bəyan edib”.
Rusiyalı təhlilçinin sözlərinə görə, Yaxın Şərqdə müharibənin alovlandığı vaxtda nə Rusiyaya, nə də Türkiyəyə regionda yeni gərginlik ocağı lazım deyil. “Rezüme şəklində yekunlaşdırsaq, tamamilə optimist bir ehtimal irəli sürmək olar ki, lap yaxın zamanlarda çox illik konflikt öz həllini tapacaq və Ermənistan rəhbərliyinin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq geniş miqyaslı nizamlama prosesi başlayacaq” - politoloq vurğulayıb.
Lakin bunun üçün ən azından, Putinin müşavirinin dediyi kimi, Rusiyanın Ermənistana təzyiq etməsi lazım gələcək...
Analitik xidmət