Sərkisyanın məkrli planı – Qarabağ üzərindən baş nazirliyə...
31-10-2016, 10:14
Cəbhə xəttində artan düşmən təxribatlarında “seçki izi”; Rəsmi İrəvanın müharibə ritorikası arxasındakı daha bir hədəf – həm qorxur, həm də öz cəmiyyətini qorxudur; erməni analitik: “Hakimiyyəti mənimsəmiş klan xalqı müharibə panikası ilə idarə edir...”
Təmas xəttində son günlər artan gərginliyin, düşmən təxribatlarının bəzi səbəbləri barədə yazmışıq. Eyni zamanda, məsələdə Ermənistandaxili situasiyanın və amillərin, xüsusən də hakim qüvvənin ictimai diqqəti müharibə təhdidi ilə ölkədəki ağır sosial-iqtisadi durumdan yayındırmaq istəyinin rol oynadığını da vurğulamışıq.
Məsələ ondadır ki, bir neçə aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra isə ölkədə parlament üsul-idarəsi bərqərar olacaq, əsas səlahiyyətli, 1-ci şəxs prezident deyil, baş nazir olacaq. Siyasi analitiklərə görə, hazırkı prezident Serj Sərkisyan məhz o üzdən seçkilərdə nəyin bahasına olur-olsun, öz partiyasının qələbəsini təmin edib yeni baş nazir postuna yiyələnməyi hədəf götürüb.
Yəni indiki hökumət başçısı Karen Karapetyan əslində müvəqqəti fiqur kimi tarixə düşə bilər. İstisna deyil ki, Sərkisyan iqtidarı cəbhədə gərginliyi artırmaqla, işğalçı erməni ordusu haqda aprelə qədərki mifi bərpa etməyə çalışmaqla hakim qüvvəni seçkilərə daha əlverişli göstəricilərlə aparmağı hədəfləyib. Bu xüsusda qarşıdakı aylarda təmas xəttində daha miqyaslı, lakin lokal hərbi toqquşmalar da yaşana bilər - nə barədə ki, azərbaycanlı hərbi ekspertlər artıq xəbərdarlıq etməyə başlayıblar.
Paralel surətdə İrəvanın Dağlıq Qarabağla bağlı radikal mövqe tutmaqda və davakar ritorika sərgiləməkdə davam edəcəyi də kifayət qədər real görünür - ki, Qarabağla bağlı qeyri-məqbul, vaxtı çatmış güzəştlərdən, əraziləri boşaltmaqla bağlı mümkün təzyiqlərdən sığortalana bilsin.
*****
İşğalçı tərəfi son vaxtlar rahatsız və daha aqressiv edən bir faktor da var. Bu da odur ki, Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı ən optimal təklifi (“muxtar respublika” variantı) irəli sürməklə erməni tərəfinin təbliğat müharibəsində manevr imkanlarını daraldıb.
Çünki beynəlxalq birlik, ələlxüsus da vasitəçi-həmsədrlər gördü ki, rəsmi Bakı sırf sülh ritorikasından çıxış edir və beynəlxalq hüquqa söykənən ən real, ən mümkün həll modeli göstərir. Erməni tərəfi isə həmin beynəlxalq hüquqa tamamilə zidd mövqe sərgiləyərək, ilhaq elədiyi Azərbaycan ərazilərinin işğalını qanuniləşdirməyə səy edir, həll formulunu məhz “hərbi qələbə” kontekstində görür.
Yəni Azərbaycan prezidentinin ədalətli təklifi, faktiki, konfliktin həlli ilə bağlı yeganə doğru “Yol xəritəsi” ortaya qoyması fonunda işğalçı ölkənin maksimalist tələbi indi daha absurd və destruktiv təsiri bağışlayır. Üstəlik, bu variant Azərbaycanın ərazi bütövlüyü prinsipindən kənar istənilən həll modelini mənasız edir.
Yeri gəlmişkən, prezident İlham Əliyevin təklifinə amerikalı həmsədr Ceyms Uorlik səviyyəsində verilən müsbət reaksiya da Azərbaycanın nəfinə yazıla bilər. Düşmən ölkə rəhbərliyinin Bakının yox, məhz öz radikal mövqeyinin gündəmdə qalması üçün təxribat yolunu seçməsi bu kontekstdə də məntiqli görünür.
*****
Maraqlıdır ki, Ermənistandakı hakim klanın savaş ritorikası fonunda seçki planları ölkə daxildə də birmənalı qarşılanmır. Misal üçün, müxalifyönlü 1 in.am portalının analitiki Aram Amatiniyə görə, “Ermənistanda hakimiyyəti mənimsəmiş klan və ya qrup müharibə panikası vasitəsi ilə təkbaşına manevr eləmək və cəmiyyəti idarə eləmək imkanı əldə edib”.
Onun fikrincə, hakim rejim müharibə mövzusunu öz inhisarında saxlamaqla, əslində ictimai müqaviməti bütünlüklə məhv edib. Bu yerdə əlavə edək: həmçinin, müharibə ritorikası ilə özünün daxili siyasi hədəflərini reallaşdırmaq, hakimiyyət dayaqlarını möhkəmlətmək kursu götürüb. Hakim rejim, bir növ həm qorxur, həm də erməni cəmiyyətini qorxutmaq istəyir...
“Müharibə itə bənzəyir, ondan qorxduqca üstünə daha çox gəlir. Bizə müharibədən qorxan cəmiyyət deyil, müharibəyə hazır cəmiyyət lazımdır”, deyə - erməni təhlilçi sonda qeyd edib və faktiki, bununla öz toplumunda yaşanan müharibə xofunu ortaya qoyub.
*****
Əfsus ki, bu xofdan hakim rejim - “Qarabağ klanı” illərdir məharətlə istifadə edərək, öz siyasi ömrünü uzadır. Bu dəfə də uzada biləcəkmi? Hələlik suala birmənalı cavab vermək çətindir. Ona görə ki, düşmən ölkədə “4 günlük aprel savaşı”nın doğurduğu yeni reallıqlardan dolayı daxili ictimai-siyasi durum mürəkkəb olaraq qalır.
Ancaq bir çox yerli və xarici ekspertlərə görə, nə qədər ki, Ermənistanda “Qarabağ klanı” hakimiyyətdədir, Qarabağ məsələsinin həllinə ciddi irəliləyişə nazil olmaq mümkün olmayacaq. Çünki “müharibə partiyası”nı təcəssüm etdirən bu klanın proqramında kompromisə yer ayrılmayıb.
Əslində işğalçı ölkədəki həmin klanı hakimiyyətdə saxlayan yeganə amil də budur - Dağlıq Qarabağ məsələsində güzəştsizlik, maksimalist mövqe, populizm. Onlar “Dağlıq Qarabağın ya müstəqilliyi, ya da Ermənistana birləşdirilməsi!” şüarı ilə hakimiyyətə gəlibsə, ondan azacıq geri çəkilmək hakimiyyəti itirməyə gətirər, siyasi intihar anlamı verərdi.
Heç təsadüfi deyil ki, Xocalı hərbi canisi Serj Sərkisyan aprel döyüşlərindən bir qədər sonra panik ovqatda “Qarabağa görə ölməyə də hazıram” sözlərini dilə gətirməli olmuşdu. Bu həm də cəmiyyətə “hakimiyyəti xoşluqla verməyəcəyik”, - mesajı idi.
Populist siyasətin nəticəsi isə ortadadır: 25 ildə nə Dağlıq Qarabağın beynəlxalq tanınması baş verib, nə də yuridik cəhətdən Ermənistana birləşmə. Demək, Sərkisyanın kriminal rejimi iqtidarda qaldıqca Qarabağ problemi də “Domokl qılıncı” kimi erməni xalqının başı üzərindən əskik olmayacaq və ölkəni inkişaf etməyə, rifaha qovuşmağa qoymayacaq.
Erməni xalqı nə qədər tez bu acı gerçəyi anlayıb ayılsa və indiki rejimdən, “Qarabağ klanı”ndan canını qurtarsa, Sərkisyanın baş nazirliyini əngəlləsə, yəqin ki, bir o qədər tez öz tərəqqisinə və təhlükəsizliyinə qovuşa biləcək.
Siyasət şöbəsi