Rəsul Quliyevdən sensasyon iddia
9-07-2015, 23:32
Eks - spiker Rəsul Quliyev Moderator.az - a açıqlamasında Azərbaycandakıl siyasi məhbus problemiylə bağlı 16 amerikalı senatorun İlham Əliyevə məktubunu şərh edib:
"Həmin 16 senatorun sayı 2 - 3 dəfə artıq da ola bilərdi. Çünki bu gün Vaşinqtonda Azərbaycanın insan hüquqlarını pozduğunu bilməyən və qəbul etməyən siyasətçi yoxdur. Konqresmenlərin, senatorların necə məktubla müraciət edikləri prosedurunu bilirəm. Məktub yazmaq təşəbbüsünü üzərinə götürmüş senator demokrat və ya respublikaçı olmasından asılı olmayaraq bu məktubla əlaqədar Dövlət Departamentinin məsul şəxsinə zəng edib onların fikirini soruşur. Dövlət Departamenti bu məsələdə müəyyən irəliləyiş olanda bir qədər gözləməyi xahiş edir, əks halda məktubun vacibliyini təsdiqləyir. Yəni konqresmenlərin, senatorların məktubda qaldırdığı məsələlər eynilə Ağ Evi və DD ni narahat edən məsələlərdir. Bu məktuba "yox" demək ABŞ - a "yox" deməyə bərabərdir. Sözsüz, Azərbaycanın bu məktuba da məhəl qoymamasına nəhəng Amerika nəinki isterik, heç adi cavab da verməyəcək. Ancaq bu hərəkəti yadından da çıxarmaycaq. Azərbaycanın dünyanın iki nəhəngi - ABŞ və Avropa İttifaqının tələblərinə məhəl qoymaması ağlasığmaz hərəkətdir. Dünyanın ikinci nüvə silahı derjavası Rusiyanın parlamentinin sədrinin kiçik bir ölkə olan Finlandiyaya buraxılmaması məgər Azərbaycan kimi kiçik və ancaq bir məhsulun eksportundan asılı olan ölkə üçün xəbərdarlıq deyilmi?
Adətən mən proqnozlarımda nadir hallarda səhvə yol verirəm. İnsanların məntiqi addımlar atacağını nəzərə alıb proqnozlar verirəm. Siyasi dustaqlarla əlaqədar elan etməsəm də yarım ildə özümün qəbul etdiyim proqnozlar düz çıxmayıb. Birincisi, prezidentin Merkel ilə görüşdən sonra birgə mətbuat konfransından və kanslerin optimist danışığından sonra siyasi dustaqların azad ediləcəyinə inanırdım, olmadı. İkincisi, Avropa Oyunlarına 2 ay qalmış siyasi dustaqların azad edilməsi nəticəsində Avropanın ciddi şəkildə Bakıda keçiriləcək oyunlara münasibətinin dəyişməsini məntiqi bir addım hesab edirdim. Hər iki proqnoz izah edilməsi mümkün olmayan səbəbdən baş tutmadı. Eyni sualın təkrar - təkrar cavabını axtarıb tapmadıqda fantaziyaya oxşar səbəblər ağlıma gəlir. Sovetlərin davamçısı olan RF – nın KGB - si 1930 - cu illərdən dezinformasiya ustası kimi tanınır. Düşünürəm ki, Rusiya prezidentə Qərbin onu yıxmaq planının sənədlərini (sözsüz saxta) təqdim edib. Və bu işə onun inanmaycağını, şübhə edəcəyini bildiyi üçün Türk və İsrail kəşfiyatının əli ilə bu sənədləri ötürüb. Sözsüz, həmin ölkələrin kəşfiyyat orqanları bu işin rusların gördüyünü bilmədən ediblər. Yəni belə dezinformasiyalar bütün ölkələrin siyasətində mövcuddur. Düşünürəm ki, prezident dezinformasiyalara inanıb Qərbi iqnor edirsə, bu həm ona, həm də Azərbaycana baha başa gələcək."