İsrail Ermənistan demarşı ilə nə demək istəyir
1-08-2017, 10:15
Təl-Əvivin İrəvanla eyni vaxtda Bakıya da öz nazirini göndərməsi maraqlı gedişdir; politoloq: “İsrail-Ermənistan münasibətlərinin yaxınlaşması İran üçün xoşagəlməz haldır...”
Ötən ilin aprel döyüşlərində İsrail istehsalı olan silahların sarsıdıcı zərbələrini “dadmış” Ermənistan xeyli müddət Bakı-Təl-Əviv münasibətlərinin əleyhinə mövqe nümayiş etdirdiyi halda, artıq özü bu ölkə ilə əməkdaşlığa başlayıb.
İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbinin Ermənistana 3 günlük səfərə gəlməsi də İrəvanın “arzusuna” çatdığını təsdiqləyir. Məlumata görə, səfər Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın dəvəti əsasında baş tutub. Ermənistan mətbuatının verdiyi xəbərə görə, Haneqbi son 10 ildə İrəvanı rəsmi şəkildə ziyarət edən ilk israilli nazirdir. Haneqbi özü 2003-2006-cı illərdə Ariel Şaron kabinetində xüsusi xidmət orqanlarının fəaliyyətini kurasiya edən nazir olub. Bundan başqa, 2006-2010-cu illərdə o, İsrail parlamenti Knessetin təhlükəsizlik və beynəlxalq münasibətlər komissiyasının sədri olub. Haneqbi Nalbəndyandan sonra Ermənistanın informasiya texnologiyaları naziri Vahan Martirosyanla da görüşüb və onunla kiber təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Musavat.com-un xəbər verdiyi kimi, erməni jurnalistləri səfərin rəsmi tərəfindən daha çox siyasi yönləri maraqlandırıb. AzadlıqRadiosunun Ermənistan bürosunun (“Radio Azatutyun”) müxbiri İsrail nazirinə son səfərinin iki ölkə arasında hərbi əməkdaşlıq məsələsi ilə bağlı olub-olmadığı barədə sual verib. Tsaxi Haneqbi cavabında ölkəsinin regional əməkdaşlıq naziri olduğunu və fəaliyyətinin hərbi və təhlükəsizlik sahələrini əhatə etmədiyini söyləyib. O, səfərinin əsas məqsədinin kənd təsərrüfatı, su ehtiyatları problemi, nəqliyyat və kommunikasiyalar kimi sahələrlə əlaqədar olduğunu bildirib.
Nazir İsrailin Azərbaycanla hərbi əməkdaşlıqla bağlı verilən suallardan ustalıqla yayınıb: “Məni bu cür həssas məsələlərdən kənarda tutun. Buraya, sadəcə, İsrail və Ermənistan arasında münasibətlərin pozitiv aspektlərini müzakirə etməyə gəlmişəm”.
Lakin Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan tamam başqa sözlər işlədib: “İsrail Azərbaycanın ən böyük silah tədarükçülərindən sayılır. Lakin bu dövlət Ermənistana da silah satmağa hazırdır. Əgər bu, baş tutarsa, onların verdiyi qiymət təklifi və digər faktorlardan asılı olacaq”.
“İsrailin mövqeyi olduqca sadə və ümumi şəkildə ifadə olunub. Onlar hamıya, o cümlədən bizə də silah satmağa hazırdırlar. Hərbi əməkdaşlıq sahəsində biz KTMT formatında hərəkət etsək də, bizim NATO ilə həyata keçirdiyimiz bir sıra proqramlar var” - deyə erməni nazir deyib. Köçəryan İsrail -Ermənistan münasibətlərində problemlərin qaldığını da etiraf edib. O, bir-birindən aralı düşən iki dövlətin yaxınlaşması və dialoq aparılması üçün addımlar atıldığını qeyd edib. Qeyd edək ki, erməni lobbisinin zəif də olsa, İsrail parlamentində dəstəyi mövcuddur. İsrailin solçu “Merets” Partiyasının lideri Zahava Galyon Ermənistanın aktiv müdafiəçisidir. Bu qadın dəfələrlə İsrailin Azərbaycana silah satmasına qarşı çıxıb və qondarma “erməni soyqırımı”nın parlamentdə tanınması üçün məsələ qaldırıb. Lakin hələlik qondarma iddialarla bağlı ermənilərin istəkləri nəticəsiz qalmaqdadır.
Azərbaycan-İsrail əməkdaşlığından daim narahatlıq keçirən və Bakını ən yaxın müttəfiqlərindən biri ilə münasibətdə məsafə saxlamağa cəhd göstərən Tehranın yəhudi nazirin İrəvana səfərinə sükutlu reaksiyası suallar doğurur. Maraqlıdır, Bakı-Təl-Əviv əlaqələrinə cavab olaraq işğalçı Ermənistanın əli uşaqların və qadınların qanına batmış erməni prezidenti bağrına basan İran rəhbərliyi nədən İsrail rəsmisinin İrəvan səfərinə biganədir? Xatırlatmaq yerinə düşər ki, İran Ermənistanın yeganə nəfəsliyidir və İran rəsmilərinin məntiqi ilə yəhudi nazirin səfərindən sonra bu nəfəslik qapadılmalı idi.
Bu arada İsrailin maraqlı gedişi də diqqət çəkir. İyulun 31-də Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan İsrail Müdafiə Nazirliyinin müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. MSN-dən virtualaz.org-a verilən xəbərə görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumatlar çatdırılıb. Görüşdə Azərbaycan və İsrail arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. İsrailin Azərbaycandakı səfiri Dan Stav da görüşdə iştirak edib. Şübhə yoxdur ki, Azərbaycan və Ermənistana səfərlərin eyni vaxta salınması düşünülmüş planın tərkib hissəsidir və balansa xidmət edir.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, İsrailin regional əməkdaşlıq nazirinin Ermənistana səfərini Ermənistan tərəfi anti-Azərbaycan faktoru kimi qabartmağa çalışır: “Lakin İsrail naziri bunun silah və sursatla bağlı olduğu deyil, sırf iqtisadi məsələlərlə bağlı olduğunu bildirir. Yəni səfərin əsasən kənd təsərrüfatı, nəqliyyat və s. ilə bağlı olduğunu deyir.
Təbii ki, iqtisadiyyat nazirinin silahla bağlı danışıqlar aparması o qədər də inandırıcı görünməsə də, bu, İsrailin daxili işi və siyasətidir. Məlumdur ki, İsraillə silah və sursatla bağlı bağlanacaq hər hansı müqavilə Ermənistan KTMT üzvü olduğu üçün ilk növbədə Rusiya ilə razılaşdırılmalıdır”. Politoloqun fikrincə, Rusiya isə belə bir gərgin iqtisadi vəziyyətində İsrailin onun “bazarı”nı əlindən almasına heç cürə razı ola bilməz: “Digər tərəfdən, ermənilər təbii ki, bu görüşdən anti-Azərbaycan təbliğatında istifadə etməyə çalışacaqlar və artıq bu proses başlayıb. Bir neçə dəfə müsəlman həmrəyliyi, Qüds və digər məsələlərdə guya Azərbaycanın apardığı siyasəti qabardırlar. Sadəcə olaraq, erməni lobbisi İsraildə çox zəifdir və parlament səviyyəsində də demək olar ki, çox az dəstəyi var. Bundan başqa, Azərbaycanla da Ermənistana görə münasibəti gərginləşdirməsi inandırıcı görünmür. Zənnimcə, İsrail-Ermənistan münasibətlərinin yaxınlaşması İran üçün xoşagəlməz bir haldır. Çünki hətta strateji portnyorlar kimi münasibətləri olduğunu daima gündəmə gətirməyə çalışan İran İsrailin ortaya çıxmasından heç də məmnun olmayacaq. Ola bilsin ki, bu yaxınlaşmadan Fələstin-İsrail münasibətlərində müəyyən qədər istifadə etsin, lakin ümumən bu yaxınlaşma İranın vacib bir portnyor olduğunu ikinci plana çəkə bilər”.