ABŞ Rusiyanı parçalasa, Azərbaycana günəş doğarmı...
3-08-2017, 09:32
Elxan Şahinoğlu: “Amerikanın Rusiyanı dağıtmaq niyyətinin olduğunu düşünmürəm”
Əhəd Məmmədli: “Rusiya dağılsa, nəinki Azərbaycana, bütün regiona, dünyaya günəş doğacaq”
Hazırda dünya gündəminin əsas mövzularından biri Rusiya-ABŞ, Rusiya-Qərb münasibətləridir. Hər keçən gün təhlükəni rəsmi Moskva üçün daha da artırır. Son üç ildə sanksiyalar qarşısında dirəniş göstərən Kremlin gücü də getdikcə tükənir. Artıq bir sıra ekspertlər Rusiyanın yaxın tarixdə çöküşünün reallaşacağını, nəhəng dövlətin bir neçə hissəyə ayrılacağını proqnozlaşdırırlar.
Azərbaycan acısından da məsələ müxtəlif cür dəyərləndirilir. Region dövlətləri üçün hər zaman təhlükə mənbəyi olan Rusiyanın çökəcəyi təqdirdə Azərbaycanın üzərinə günəş doğacağı, itirilən ərazilərimizin geri qaytarılması üçün münbit şəraitin yetişəcəyi bildirilir. Bunun əksini düşünənlər də var.
Politoloq Elxan Şahinoğlu Rusiyanın SSRİ-dən güclü dövlət olmadığını bildirdi: “Demək mümkün deyil ki, Rusiyanın SSRİ kimi dağılma ehtimalları yüksəkdir. Onsuz da Rusiya ətrafındakı dövlətlər müstəqilliklərini qazanıb. Rusiya imperiyası yoxdur. Rusiya Gürcüstan və Ukraynanı parçaladı. Nəticədə Qərbin də sanksiyaları ilə üz-üzə qaldı. Amerikanın ”beyin mərkəzləri" Rusiyanı necə zəiflətməyi qarşılarına məqsəd qoyublar. Amma zəiflətmə və ölkəni dağıtma kimi anlayışlar fərqlidir.
Amerikanın Rusiyanı dağıtmaq niyyətinin olduğunu düşünmürəm. Sadəcə, Kremli indiki qəsbkar siyasətindən çəkindirmək üçün onu zəiflətmək siyasəti aparılır. Rusiya nüvə dövlətidir. Əgər dağılarsa, nüvə silahı kimin əlində olacaq? Vladimir Putini nə qədər bəyənməsələr də, tənqid etsələr də, heç olmasa o, oyun qaydalarına əməl edir, nüvə silahı və ordunu nəzarətində saxlayır. Bu baxımdan, Rusiyanın parçalanmasını mümkün saymıram. 90-cı illərdə Rusiyanın parçalanmasından daha çox danışılırdı. İqtisadiyyatı bərbad idi, Çeçenistan və Dağıstanda müharibə aparılırdı, Tatarıstan geniş muxtariyyət tələb edirdi. Amma Rusiya bütün bu təhlükələri önləyə bildi. Bəli, biz də Rusiyanın siyasətindən narazıyıq. Çünki Ermənistana açıq dəstək verir. Rusiya dağılarsa, sərhəd olduğumuz Şimali Qafqazda silahlı insidentlər baş verə bilər. Bu da ölkəmiz üçün ciddi təhlükələrlə nəticələnə bilər. Biz, sadəcə, Kremlin siyasətinin dəyişməsini istəyirik. Rusiyanın dağılmasının qəlpələri ətrafa yayılar və bizi də tuta bilər".
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla onu çökdürmək mümkün deyil: “Bütün imperiyalar sonunda çökməyə məhkumdur. Gec-tez Rusiyanı da bu aqibət gözləyir. Amma indiyə gəldikdə hələ ki Rusiyanın çökəcəyini görmürəm. Bu cür sanksiyalarla Rusiyanı çökdürmək mümkün olmayacaq. Əksinə, bu, rus xalqını daha da sıx şəkildə Putinin ətrafında birləşdirəcək.
ABŞ Rusiyanı həqiqətən çökdürmək istəyirsə, daha real addımlara əl atmalıdır. 1979-cu ildə SSRİ Əfqanıstana daxil olanda Qərb ölkələri 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarında iştirak etməkdən imtina etdilər. Rusiya Avropa ölkəsi olan Ukraynanın bir hissəsini işğal edib, amma gələn il Rusiyada keçirilən futbol üzrə dünya çempionatında iştirakdan bu ölkə mərhum edilmədi. Amma edilə bilərdi, edilməli idi də. Və yaxud nə vaxta qədər ki, Avropa tam olaraq Rusiya qazından imtina etməyəcək, Amerika rus hakimiyyətinin ən yüksək eşelonuna (Putin və ətrafı) sanksiyalar tətbiq etməyəcək, onların Qərb bankları, ofşor zonalarda pullarına, mülklərinə həbs qoyulmayacaq, Rusiyaya hansısa sarsıdıcı zərbədən danışmaq düşünürəm ki hələ tezdir. Rusiya dağılandan sonra bir neçə ölkəyə bölünəcək. Ruslar üçün ən yaxşı halda onlardan ancaq milli respublikalar qopacaq. Ən pis halda isə ərəblər kimi onlarla yerə parçalanacaqlar. Rusiya Federasiyası dağılandan sonra rus xalqının yeni formatda ayağa qalxması, dirçəlməsi mümkündür, amma bir şərtlə, spirtli içkilərdən tam şəkildə imtina etməlidirlər.
ABŞ özü də indi heç də yaxşı vaxtlarını yaşamır. Prezident-Konqres, prezident-senatorlar arasında qarşıdurma indiyə qədər görünməmiş həddə çatıb. Amerika-Avropa münasibətləri gərgindir. Lakin yenə də ABŞ-Rusiya qarşıdurmasında birincilər üstün görünür. Və Rusiya dağılsa, nəinki Azərbaycana, bütün regiona, dünyaya günəş doğacaq. Heç şübhəsiz, şər imperiyası SSRİ-nin varisi Rusiya Federasiyasının dağılması labüddür. Lakin bunun baş verməsi üçün Ağ Ev Kremlə qarşı Reyqan siyasəti aparmalıdır. Obama siyasəti heç yaramadı, Trampın isə başı hələlik özünə qarışıb. ABŞ Rusiyanı ancaq yuxarıda qeyd edilən nüanslar nəzərə alınsa sarsıda bilər. Bu olan halda ancaq rus xalqı sevimli diktatorları Putindən üz döndərə və ona qarşı üsyana qalxa bilər. Rus tarixində də 20-ci əsri götürsək, həm həmin əsrin əvvəlində, həm də sonunda Rusiyada iki üsyan baş verdi və hər iki üsyanda mövcud sistem dağılsa da, imperiya başqa adla qorunub saxlanıldı. Üçüncü inqilab baş versə, bu dəfə dövlət quruluşu ilə bərabər dövlətin özü də dağılacaq. Rusiya Suriya bataqlığına sürüdülsə və oradan istədiyi kimi çıxmasa, bu Rusiyanın sonu olacaq”.
musavat.com