Qərb üçün prioritet: iqtisadi partnyorluq, yoxsa demokratiya...

11-10-2017, 09:34           
Qərb üçün prioritet: iqtisadi partnyorluq, yoxsa demokratiya...
Əvəz Həsənov: “Qərb insan hüquqları və demokratiya ilə bağlı prosesləri pisləsə də, ümumi olaraq Azərbaycana münasibəti iqtisadi partnyora olan normal münasibətdir”

Qərb mediasında Azərbaycanla və Azərbaycan hökuməti ilə bağlı tənqidi yazıların sayı son zamanlar ciddi şəkildə artıb. Hücum kampaniyasının vüsət aldığı ötən həftə hətta Azərbaycanın prezidenti tərəfindən Avropa Birliyinin səfirlərini qəbul edərkən dilə gətirildi. Bəs Azərbaycan hökumətinin ABŞ-la, Avropa Birliyi ilə münasibətləri mediada təqdim olunduğu kimi çox gərgindir, yoxsa əslində münasibətlər heç də pis deyil? Münasibətlər kəskinləşə bilərmi?

Azərbaycan Avropainteqrasiya Milli Komitəsinin təsisçisi və üzvü Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan qlobal siyasi münasibətlər baxımından ABŞ və Avropa üçün kifayət qədər vacib bir ölkədir. Burada ölkənin iqtisadi potensialı, eləcə də Türkmənistan və Qazaxıstan qazının Avropaya daşınması üçün tranzit bölgə olmasının da önəmi var. ABŞ-a və Avropaya iqtisadi partnyorluğu uğurla davam etdirmək üçün Azərbaycanda sabit siyasi sistemin də olması çox vacibdir: “Bu siyasi sabitliyi yaradan siyasi qüvvələrin olması o deməkdir ki, ABŞ və Avropa burada stabil siyasi kursun davam edəcəyinə təminat alırlar. Əgər, istər ABŞ, istərsə Avropa ölkələri burada güclü alternativ siyasi gücün və rəhbərin olacağını görsəydilər, çoxdan ölkəmizə qarşı sanksiyaları və məhdudlaşdırmaları ciddiləşdirərdilər və burada fərqli siyasi mühitin formalaşmasına dəstək olardılar. Ancaq görünür ki, həmin ölkələrin siyasi institutları Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı prosesləri pisləsələr də, ümumi olaraq ölkəyə münasibətləri iqtisadi partnyora olan normal münasibətdir. Bizim hakimiyyət də bunu yaxşı bilir”.

Ekspertin sözlərinə görə, ABŞ Konqresi, Avropa Parlamenti, Avropa Şurası və ATƏT kimi qurumlar Azərbaycanla bağlı sərt bəyanatlar qəbul etməsinə baxmayaraq, bu, ABŞ prezidentinin administrasiyasının və Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycana qarşı dövlət siyasətinə ciddi təsir etmir: “Lakin ABŞ və bəzi Avropa Birliyi ölkələri Azərbaycanın neft ixracı və tranziti ilə bağlı icra etdiyi layihələrdən xüsusi pay əldə etmək üçün güclü siyasi təzyiq etməyə maraqlıdırlar. Bəzən Qərb ölkələrinin tam olaraq inanmadığı həmin layihələrin maliyyələşdirilməsində Azərbaycanın özünün investisiya qoyması və sonradan ümumi nəticənin müsbət olması ölkənin və ölkə rəhbərinin inandırıcı partnyor imicini artırır. Bu eyni zamanda dolayısı yolla təzyiqlərin də artırılmasına rəvac verir. Eyni zamanda hakimiyyətdə təmsil olunan zümrənin nəzarət imkanlarını hədsiz olaraq genişləndirir. O səbəbdəndir ki, ölkəmizə münasibət Qərbdə birmənalı deyildir. Burada stabilliyin hesabına iqtisadi layihələrin uğurla icrasını istəyirlər, Azərbaycanın sekulyar islam modeli olan bir ölkə obrazında qalmasını istəyirlər, ölkədə demokratik seçki və insan hüquqlarına hörmət olunmasına təminatın olmasını isə arzulayırlar”.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.