Ermənilərin "Qardian"qəzetində gedən məqaləsinə azərbaycan diplomatlarından adekvat cavab

3-09-2015, 11:52           
Ermənilərin "Qardian"qəzetində gedən məqaləsinə azərbaycan diplomatlarından adekvat cavab
Azərbaycanlı diplomatlar Amerika Erməni Milli Komitəsinin (ANCA) əməkdaşı Simon Mahakyanın münaqişə zonalarında mədəni irsin qorunması ilə bağlı “The Guardian”dakı yazısına həmin nəşrdə cavab veriblər.

APA-nın məlumatına görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə müəllifin mədəni irsin qorunmasının vacibliyi barədə yazması və Azərbaycanı tənqid etməsini gülünc adlandırıb: “Ermənistan və Azərbaycan arasında münaqişə zamanı Azərbaycan deyil, Ermənistan monoetnik ölkəyə çevrilib ki, bu da dünyanın bu bölgəsində nadir nümunədir. Bu ölkə özünün etnik azərbaycanlı əhalisinin əsrlərlə yaşı olan mədəni və tarixi irsini silməklə təkmədəniyyətli cəmiyyətə çevrilmək siyasəti aparır”.

Səfir bildirib ki, Ermənistan həmin siyasəti daha zorakı şəkildə işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda da həyata keçirir: “Britaniyalı səyyah Corc Mitçel 2014-cü ilin noyabrında işğal olunmuş torpaqlara səfər edərkən işğal olunmuş Azərbaycan şəhəri olan Ağdamı “kabus şəhəri” və “Qafqazın Xirosiması” adlandırıb, ətraf ərazilərdə təbiətin və mədəni-tarixi irsin dağıdılması barədə hesabat hazırlayıb. Azərbaycan dəfələrlə beynəlxalq faktaraşdırıcı missiyaları işğal olunmuş ərazilərdə mədəni irsin qorunması ilə bağlı vəziyyəti öyrənməyə çağırıb, Ermənistan isə bu missiyanın öz işini icra etməsinə mane olub. ATƏT-in faktaraşdırıcı missiyası 2005 və 2010-cu illərdə Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin dağıdılması ilə bağlı hesabat verib. Buraya muzeylərin talan edilməsi, tarixi, mədəni və dini əhəmiyyəti olan abidələrin dağıdılması, yerlərdə vəziyyətin dəyişməsinə cəhdlər daxildir. Bu günə kimi də davam edən bu siyasətin əsas məqsədi işğal olunmuş ərazilərin tarixini saxta mənbələr əsasında yenidən yazmaqdır. Biz Azərbaycanda bütün etnik və dini azlıqların tarix və mədəniyyətinə hörmətimizlə fəxr edirik. Buna ən yaxşı nümunə Bakının mərkəzi meydanlarından birində yerləşən erməni kilsəsidir. Bununla yanaşı, Azərbaycanın Ermənistanın özündə, eləcə də Dağlıq Qarabağ və ətraf 7 rayonda olan demək olar ki, bütün abidələrinin dağıdılması təəssüf doğurur”.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov isə qeyd edib ki, Azərbaycan üçün mədəni irsinin qorunması həmişə vacib və həssas məsələ olub: "Culfa qəbristanlığının məhv edilməsi ilə bağlı ittihamlar Azərbaycanın işğal edilmiş ərazilərində aparılan mədəni təmizləmə kimi dəhşətli faktlardan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa yönəlmiş növbəti cəhddir. 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycan mədəniyyətinin zənginliyini təmsil edən mədəni və dini irsi təkcə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ torpaqlarında və 7 ətraf rayonlarda deyil, həm də Ermənistanın öz sərhədləri daxilində vəhşicəsinə dağıdılıb və məhv edilib. Ermənistanın Masis rayonunda Ağa Dədə məscidi və qəbristanlığının məhv edilməsi Azərbaycan əhalisinə qarşı aparılan növbəti mədəni terrorizm nümunəsidir. Azərbaycan hökuməti bu məsələləri, UNESCO və müraciət edilmiş müvafiq təşkilati mexanizmlərin monitorinq missiyaları daxil olmaqla, müvafiq beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Bütün bu cəhdlərə baxmayaraq, bu təşəbbüsləri blok etməyə yönələn Ermənistanın neqativ mövqeyi nəticəsində bu missiyaların işi baş tutmayıb. Azərbaycan UNESCO-nun qlobal missiyasını və mədəniyyətlərarası dialoq və yaxınlaşmanı güclü şəkildə dəstəkləyir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.