Kreml sifarişi: İrəvan Qarabağla necə şantaj edilir – Şərh
28-04-2018, 10:09
Putin hazırda təşviş içərisindədir. Ermənistada hakimiyyət dəyişikliyinin qarşısını almaq üçün müxtəlif variantlara əl atmaqdan çəkinmir. Hətta o, Ermənistanda baş nazir vəzifəsini əvəz edən Karapetyanı zoraki üsullara əl atmağa təhrik edir. Bir sözlə, Putin Ermənistanda zor gücünə yenə də siyasi status-kvonu qoruyub saxlamaq istəyir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Qleb Kuznetsovun “Vzqlyad” qəzetinə açıqlamasında Ermənistanı və xalqı növbəti dəfə Azərbaycan faktoru ilə şantaj etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu yazısında Kuznetsov subyektivliyə yol verib:
“O, Ermənistanda baş verən hadisələri yanlış istiqamətə yönəltməyə çalışır. Xüsusən də Ermənistanı Azərbaycanla qorxutmaq istəyir. Ermənistanda bu inqilabın, üsyanın baş verib-verməyəcəyindən asılı olmayaraq, Azərbaycan özünün ərazi bütövlüyünü təmin edəcək gücə malikdir. Kuznetsovun Saakaşvili ilə Paşinyanı, Paşinyanla Elçibəyi müqayisə etməsi isə birmənalı deyil. Çünki Saakaşvili Eduard Şvardnadzeyə qarşı mübarizə aparırdı. Bu part-nomenklaturanın sovet dövrünün adamı idi. Ona görə də Saakaşvili tərəfindən Şvardnadzenin devirilməsi o qədər də çətin olmadı. Azərbaycanda Elçibəyin devrilməsində isə Rusiya birbaşa rol oynadı. 4 iyun hadisələrinin “baş qəhrəmanı” Surət Hüseynov Rusiyanın adamı idi və Rusiya tərəfindən də dəstəklənirdi. Çünki o zaman Azərbaycan ordusu az qala öz əraziləri üzərində nəzarəti təmin etməyə qadir idi. Bu səbəbdən də Elçibəyi devirdilər. Doğrudur, burada Elçibəyin komandasının da ciddi səhvləri olmuşdu. Amma indi keçmiş Gürcüstan və Azərbaycan gerçəkliyini nümunə gətirərək, Paşinyanı və erməniləri inqilaba meyil etdikləri üçün ölkədə xaosun, qarşıdurmaların, qarmaqarışıqlığın yaranacağı ilə qorxutmaq Rusiyanın siyasətinin bir parçasıdır. Onlar Azərbaycanın bu qarışıqlıqdan istifadə edərək, Dağlıq Qarabağı özünə qaytaracağı ilə Ermənistanı şantaj edirlər. Bu siyasi cəhətdən məsələyə çox qeyri-etik yanaşmadır. Çünki Azərbaycan hələ nə hücuma keçir, nə də bu barədə anons verir. Amma onu da qətiyyətlə deyirik ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq təmin edəcək. Bir sözlə, Kuznetsobun bu mövqeyi Rusiya siyasi dairələrinin sifarişlərinə xidmət edir”.
Politoloq vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ və ərazi bütövlüyü məsələsində zərrə qədər də güzəştə getmək fikri yoxdur:
“Qarabağın alınıb ermənilərə verilməsi, 20% torpağımızın işğal edilməsində, 1 milyona yaxın insanın öz torpaqlarından, yuvasından qovulmasında Rusiya çox böyük rol oynayıb. İşğalçı əslində Rusiyadır. Ona görə də Rusiyanın Qarabağı alıb bizə verməsi inandırıcı görünmür”.
Politoloqun sözlərinə görə, Paşinyanın bütövlükdə Sərkisyan rejiminin üstündə qələbə qazandığını, qələbəsini təmin etdiyini söyləmək çətindir:
“Çünki hələ parlamentdə baş nazirlik vəzifəsinin müzakirəsi mayın 1-də keçiriləcək. O zamana qədər Rusiya sürətlə Ermınistandakı hadisələrə müdaxilə edəcək. Təsadüfi deyil ki, erməni rəsmiləri durmadan Moskvaya çağırılır, burada müzakirələr aparır. Yəni Ermənistanda gedən proseslər hər gün masaya yatırılır və hər gün məsələnin həll yolları axtarılır. Rusiya hadisələrə zoraki üsullarla müdaxilə etməyin tərəfdarı olduğunu açıq surətdə ortaya qoyub. Hələ ki, bunu uğurla həyata keçirə biləcək lider tapa bilməyib”.
Politoloq qeyd edib ki, hazırki baş nazir əvəzi Karen Karapetyan güc tətbiq etməkdən ehtiyat edir:
“Çünki bu, polisin də üsyançılar tərəfinə keçməsinə gətirib çıxara bilər. Hətta Ermənistanda hərbiçilərə də etibar edilmir. Çünki hərbiçilərin bir qismi Serj Sərkisyan devrilərkən üsyançılar tərəfinə keçmişdi. Belə görünür ki, Rusiya proseslərə yalnız öz qüvvələrindən istifadə ilə müdaxilə edə bilər. Çox mürəkkəb bir prosesdir. Qərb də bu prosesləri diqqətlə izləyir. Rusiyanın bu proseslərin sonunda ciddi zərbə ala biləcəyi və bunun Rusiya üçün arzuolunmaz nəticələri olacağını proqnozlaşdırmaq olar. Ona görə də Rusiya tərəddüd içərisindədir”.