Ermənilərin Rusiyadakı ən böyük dayağı getsə...
28-04-2018, 11:27
Ermənişünas-alim Qafar Çaxmaqlı: “Lavrovun gedişi Qarabağ məsələsində müəyyən dəyişikliyə səbəb ola bilər”
Rusiyadakı prezident seçkilərindən sonra xarici işlər naziri Sergey Lavrovun öz postundan uzaqlaşdırılacağı barədə iddialar səslənsə də, hələlik bunlar öz təsdiqini tapmayıb. Ancaq erməni əsilli nazirin Rusiya xarici siyasət idarəsinin başçısı vəzifəsində qalması heç şübhəsiz ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirən amillərdəndir, bunu Moskvada da yaxşı bilirlər.
Xüsusilə də S.Lavrovun 2017-ci ilin yanvarında “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” kimi absurd bəyanat verməsindən sonra Rusiyanın Qarabağ məsələsində müsbət rol oynayacağına şübhələri daha da artırdı. Həmsədr ölkənin XİN rəhbəri ölkəmizin ərazi bütövlüyünü şübhə ilə qarşılayırsa, təbii ki, burada ədalətli həll yolundan söhbət gedə bilməz.
Bu da faktdır ki, Rusiya XİN rəhbəri vaxtaşırı Ermənistanın və Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə birgə tədbirlərə qatılmaqla Azərbaycan torpaqlarının işğalına sanki bərabət qazandırdığını nümayiş etdirib.
Rusiyalı tanınmış analitik və tarixçi-alim Oleq Kuznetsov maraqlı fikirləri ilə diqqət çəkib. O qeyd edib ki, Ermənistanda Rusiyanın dayaqlarının zəifləməsi Rusiya hakimiyyətində iki əsas erməni lobbistinin - Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və xarici işlər naziri Sergey Lavrovun vəzifədən getməsi ilə nəticələnə bilər. “İkincisi, Azərbaycan Cənubi Qafqaz məkanında Rusiyanın mehriban qonşuluq münasibətlərində olduğu yeganə ölkə kimi qalacaq və Kremlin Cənubi Qafqazda kiminlə dostluq eləməklə bağlı seçimi qalmayacaq. Bu halda ehtimal olduqca böyükdür ki, Moskva Azərbaycanı öz ərazilərini işğaldan azad eləməyə və ”Arsax" terrorçu-qondarma dövləti məhv eləməyə stimullaşdıracaq. Bunun ardınca isə Moskva-Bakı-Ankara regional təhlükəsizlik üçbucağı qurulacaq və Güney Qafqaz, nəhayət ki, sabitliyə və təhlükəsizliyə qovuşacaq"-ekspert daha sonra bildirib.
S.Lavrovun postundan uzaqlaşdırılmasının Qarabağın azadlığına yol açacağını zənn edənlər arasında artıq xarici ekspertlərin də olması maraqlı məsələdir.
Yeri gəlmişkən, bu xəbərlərin fonunda Rusiya XİN rəhbərinin Bakıya telefon zəngi də maraqlıdır. Məlumata görə, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyası Xarici İşlər naziri Serqey Lavrov arasında telefon danışığı olub. Bu barədə Teleqraf.com ttp://teleqraf.com/-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları müzakirə ediblər. Ermənistanda baş verən son hadisələr Rusiyanı daha çox Qarabağ məsələsinə diqqət yetirməyə vadar edib. Moskva və İrəvan arasındakı bir sıra telefon danışıqlarında Qarabağ məsələsinə toxunulması da bunu sübut edir. Şübhəsiz ki, S.Lavrov Ermənistanı xilas etmək üçün İrəvanda gərgin hadisələrin baş verdiyi bu günlərdə Qarabağda müharibənin alovlanmasını istəməz.
Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, Lavrovun istefası halında da Qarabağla bağlı dəyişikliklərə inanmır: “Fakt budur ki, Moskvanın siyasətini Lavrov müəyyənləşdirmir. O, bu siyasəti ancaq həyata keçirir”.
Politoloq HikmÉt HacızadÉ ile ilgili görsel sonucu
Ermənistandakı hadisələrin Qarabağ üçün nə vəd etdiyinə gəldikdə, H.Hacızadə dedi ki, hələ nə isə demək tezdir: “Nümayişçilərin qarşısında iki böyük vəzifə durur: 1. Korrupsiyalaşmış ”Qarabağ klanı"nı devirmək və uğurlu islahatlar aparmaq; 2. Ermənistanın müstəqilliyini bərpa etmək,yəni bu ölkəni Rusiyadan qoparmaq. Bu, alınsa, onda Qarabağ probleminin həlli ilə bağlı müsbət dəyişikliklər gözləmək olar".
Politoloq Elçin Mirzəbəyli isə bu fikirdədir ki, Rusiyanın maraqları ilə bağlı məsələlərdə bu ölkənin ekspertlərindən obyektiv şərh gözləməyə dəyməz: “Rus ekspertlərin böyük əksəriyyəti öz şərhlərində iki xətti əsas götürürlər. Onlardan açıqlama götürən tərəfə xoş görünmək və razı salmaq üçün 1-2 gəlişigözəl söz söyləmək və bu sözlərin arxasından Rusiyanın maraqlarını təqdim etmək. Bu baxımdan, Oleq Kuznetsov da digərlərindən fərqlidir. Putin hakimiyyətində Matviyenko və Lavrov Kremlin Cənubi Qafqazdakı strateji maraqlarını öz arzu və istəklərinə uyğun şəkildə müəyyənləşdirmək gücündə və potensialında deyillər. İndiki Rusiyada bu mümkün deyil. Lavrov və Matviyenko ilə bağlı mülahizələr isə ona xidmət edir ki, Rusiyanın Azərbaycana və Ermənistana qarşı münasibətinin Moskvanın strateji siyasəti olmadığı, konkret fərdlərin şəxslərin konkret mövqeyindən qaynaqlandığı önə çəkilsin. Yəni Putin yaxşıdır, ətrafı pisdir”.
E.Mirzəbəyli qeyd etdi ki, bu, Rusiya siyasətinə məxsus ənənəvi yanaşmadır və tarixin bütün dövrlərində özünü büruzə verib: “Lavrov Rusiyanın xarici siyasətində iştirak edən fiqurlardan biridir. Yəni xarici siyasət təkcə diplomati fəaliyyətlə yekunlaşmır, həddən artıq geniş anlayışdır. Dövlətin xarici siyasətinin qurulmasında mədəniyyətdən müdafiə sənayesinədək bütün komponentlər iştirak edirlər. Bu komponentlər arasında əlaqələndirici və yönləndirici funksiyanı isə prezident həyata keçirir. Bu baxımdan, Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinin hakimiyyət ierarxiyasında təmsil olunan bir neçə şəxslə əlaqələndirilməsini doğru hesab etmirəm”.
“Kimin öz postundan getməsindən asılı olmayaraq, Rusiyanın siyasəti dəyişməz”. Bunu isə ermənişünas alim Qafar Çaxmaqlı bildirdi. Amma ekspert Ermənistanın Rusiyada himayəçilərindən biri olan rusiyalı nazirlə bağlı fərqli fikirdədir: “Lavrovun gedişi Qarabağ məsələsində müəyyən dəyişikliyə səbəb ola bilər. Bu, yalnız onun erməni kökənli olması ilə əlaqəli deyil”.