Lavrov: “Rusiya, Türkiyə və İran Suriyanın vahid dövlət kimi qalmasında maraqlıdır”
28-04-2018, 19:13
“Qərbin Suriyanın ərazi bütövlüyünə dəstəklə bağlı bəyanatları ancaq söz yığınıdır”
“Bir sıra həmkarlarımız bizim Suriya münaqişəsinin nizamlanması ilə bağlı birgə gördüyümüz işləri pozmaq istəyirlər”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya münaqişəsinin nizamlanması ilə bağlı Moskvada keçirilən Rusiya-Türkiyə-İran XİN başçılarının görüşündə söyləyib.
S. Lavrov ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aprelin 14-də Suriyaya endirdiyi aviazərbələri xatırladıb: “Suveren Suriya dövlətinə endirilən raket zərbələri təkcə bu ölkədə deyil, beynəlxalq arenada da vəziyyəti gərginləşdirib. Bu hadisə beynəlxalq hüququn pozulmasıdır, Suriya münaqişəsinin tez bir zamanda sülh yolu ilə həlli perspektivlərinə güclü ziyan vurub. Bu aksiyanın təşəbbüskarları öz hərəkətləri ilə təsdiq etdilər ki, Suriyanın ərazi bütövlüyü, suverenliyi və vahidliyinə dəstəklə bağlı səsləndirdikləri bəyanatlar ancaq söz yığınıdır. Qərbin Suriyanın ərazi bütövlüyünə dəstəklə bağlı bəyanatları ancaq söz yığınıdır. Bu sözlər Yaxın Şərqin yenidən dizayn edilməsi və Suriyanı parçalamaq planlarını pərdələmək üçündür. Əminəm ki, Rusiya, İran və Türkiyə Suriyanın vahid, bütün etnik qrupların və konfessiyaların bərabər hüquqlu yaşadıqları dövlət kimi qalmasında maraqlıdır”.