Beynəlxalq Böhran Qrupunun azərbaycanlı analitiki:“Seçkiyə qədər Paşinyanın Qarabağla bağlı mövqeyi məlum olmayacaq”
4-06-2018, 00:00
Nikol Paşinyanın gözlənilmədən hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda müsbət dəyişikliyə yol aça biləcəyi ilə bağlı müəyyən ümidlər yaradıb.
Lakin bu ümidlər nə qədər realdır?
Strateq.az xəbəbr verir ki, “Chatham House” araşdırma mərkəzinin eksperti, Beynəlxalq Böhran Qrupunun analitiki Zaur Şiriyev “BBC Azərbaycanca”ya müsahibəsində Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini xatırladaraq, Paşinyanın taleyinin yalnız bu seçkilərdən sonra müəyyən olunacağını deyib.
Bu səbəbdən, o, seçkilərədək Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllində hansı mövqe tutmasının məlum olmayacağını bildirib.
“Onların Sərkisyandan fərqli yanaşmaları ola bilər, – kompromisə daha yaxın, vəziyyəti daha real qiymətləndirən, – amma bunu biz yalnız seçkilərdən sonra görə bilərik”, – Şiriyev deyib.
O, Ermənistan parlamentində çoxluq təşkil edən və Paşinyanın əsas rəqibi olan Ermənistan Respublikaçı Partiyasının (ERP), Paşinyanın ictimai nüfuzuna Dağlıq Qarabağ münaqişəsi vasitəsilə mənfi təsir göstərməyə imkanlarının olduğunu bildirib.
“Ona görə də onlar öz ritorikalarında müəyyən qədər sərtlik nümayiş etdirdilər, çünki göstərməyə çalışdılar ki, Dağlıq Qarabağ münaqişəsinə onların mövqeyi sələflərindən fərqli deyil”, – cənab Şiriyev qeyd edib. Lakin o, Paşinyanın əvvəlki sərt ritorikasının getdikcə “normallaşdığını” da vurğulayıb.
Z.Şiriyevin fikrincə, Paşinyanın Qarabağla bağlı 2016-cı ildən etibarən sərt çıxışlarını onun şəxsi mövqeyinin ifadəsindən daha çox, Sarkisyan hökumətini tənqid etmək üçün istifadə etdiyi bir üsul kimi başa düşmək lazımdır. Eyni zamanda Paşinyanın 2008-ci il Ermənistandakı prezident seçkilərində keçmiş prezident Levon Ter-Petrosyanla eyni komandada olması da “onların Dağlıq Qarabağ münaqişəsinin həllində oxşar fikirləri bölüşdükləri və eyni həll yoluna inandıqları mənasına gəlmir”.
Cənab Şiriyev Paşinyanın, Ter-Petrosyanla keçmiş müttəfiqliyinin əsas səbəbini onların oxşar siyasi mövqedən çıxış etmələrindən daha çox, hakimiyyətdəki qüvvələrə qarşı seçki dövründə mübarizə aparmaq üçün praqmatik əməkdaşlıq kimi görür.
Z.Şiriyev həmçinin qeyd edib ki, “hazırki hökumətdə Dağlıq Qarabağ münaqişəsində daha fərqli mövqe nümayiş etdirmək üçün yetərli mandata malik olmadıqlarını da düşünə bilərlər.”
Cənab Şiriyevin sözlərinə görə, mayın 15-i Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk Qrupu ilə Parisdə görüşünə qədər, Ermənistan tərəfindən hər hansı bir görüş barədə bir məlumat və ya reaksiya yox idi: “Yalnız Azərbaycan tərəfi görüş keçirəndən sonra, ATƏT Minsk Qrupu həmsədrlərinin təsirilə artıq Ermənistan tərəfi razılıq verib ki, iyun ayında ATƏT Minsk Qrupu ilə Ermənistan xarici işlər naziri arasında görüş baş tutsun”.
Paşinyanın Dağlıq Qarabağ münaqişəsindən mənfəət əldə etmədiyini qeyd edən cənab Şiriyev, bunun Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib, lakin o, Ermənistanda hökumət dəyişikliyinin münaqişənin həllinə mənfi təsiri olduğunu da bildirib: “Mənfi təsir odur ki, yanvar ayında xarici işlər nazirlərinin görüşü baş tutmuşdu və orada bəzi məsələlər müzakirə olunmuşdu və hətta bəzi məsələlər üzrə prinsipial razılıq əldə edilmişdi”.
Bu görüşdə Azərbaycan üçün prinsipial məsələlərdən biri ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərə növbəti səfərinin tezliklə təşkil edilməsi idi və bunun üçün Ermənistan tərəfinin də razılığı lazımdır. 2010-cu ildəki missiya işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının ciddi və sistemli şəkildə pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsi kimi faktları üzə çıxartmışdı.
Z.Şiriyev hər iki ölkədə seçkilərin aprel ayında baş verdiyinə görə, yanvar ayındakı danışıqların daxili sabitlik şəraitində davam edəcəyi təəssüratının yarandığı, lakin Ermənistandakı hökumət dəyişikliyinin bu prosesə mənfi təsir göstərdiyini deyib.
Cənab Şiriyev hazırda iki ölkə arasında hərhansı formada rəsmi dialoqun olmadığını deyərək, bu müddətdə anlaşılmazlıqların yaranması təhlükəsinin də mövcud olduğunu və bunun cəbhə xəttində gərginliyin armasına səbəb olacağını deyib.
Şiriyev, Paşinyanın hakimiyyətə gəlməsindən sonra Azərbaycan rəsmilərinin bəyanatlarında sərt ritorika yerinə daha çox konstruktivlik nümayiş etdirildiyinə diqqət çəkərək, bunun Azərbaycan hökumətinin yeni Ermənistan hökumətinə həssaslıqla yanaşmasının bir əlaməti kimi qiymətləndiriblər.
“Bu, məncə, olduqca müsbət hal və konstruktiv mövqe idi. Qısaca, hazırda Azərbaycanın mövqeyini “gözlə və müşahidə et” siyasəti şəklində qiymətləndirmək olar”, – cənab Şiriyev deyib.