İş adamı kəndə ekskavator yeritdi, sakinlər etiraza QALXDI - Prezidentə MÜRACİƏT (FOTOLAR)

24-10-2018, 07:43           
İş adamı kəndə ekskavator yeritdi, sakinlər etiraza QALXDI - Prezidentə MÜRACİƏT (FOTOLAR)
Bu dəqiqələrdə Ağstafa rayonunun Tatlı kənd sakinləri etiraz aksiyasına başlayıb.

Demokrat.Az hadisə yerindən xəbər verir ki, akisyada iştirak edən 23 kənd sakini olan ailə üzləşdikləri məmur özbaşınalığından narazılığını bildirir.

Sakinlərin verdiyi məlumata görə, “Umid İnşaat” şirkətinin rəhbəri, iş adamı Asəf Məmmədov kənd sakinlərinin suyunu kəsərək, Ağstafa rayonu ərazisində düşmənlə təmas xəttinə yaxın ərazidə yerləşən Həsənsu çayının yatağını dəyişmək və orada özünə təsərrüfat obyekti qurmaq istəyir.

Sakinlərin sözlərinə görə, iş adamı Asəf Məmmədovu himayə edən vəzifəli şəxslər Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyev, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Ağstafa rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Ramiz Tatarovdur.

Hazırda Asəf Məmmədov özü də əraziyə gəlib. O, kəndə ekskavator gətizdirərək, çayın yatağını qazdırmağa çalışır. Ancaq kənd sakinləri buna mane olurlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ərazidə qazıntıların qanunsuz olmasını əsas tutaraq işi dayandırıb. Ancaq iş adamı Asəf Məmmədov özü ilə gətirdiyi dəstəsilə ərazidən getmək istəmir. O, sakinləri polislə hədələyir.

Sakinlər deyir ki, məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə müraciət olunub.

Sakinlərin sözlərinə görə, Asəf Məmmədov tam qanunsuz olaraq ərazidə qazıntı işləri aparmağa çalışır.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi var ki, ərazidə qazıntı işləri aparmaq təhlükəli olduğu üçün buna icazə verilmir. İndi Asəf Məmmədov bizi hədələyir, deyir ki, mənim arxamda vəzifəli adamlar dayanır və sairə. Bu cür hədələrlə kənd sakinlərinin torpağını əlindən almaq istəyir. Biz buradan cənab Prezidentimiz İlham Əliyevə və Hörmətli Mehriban xanım Əliyevaya müraciət edirik. İmkan verməyin ki, bizə qarşı bu qədər haqsızlıq və özbaşınalıq olsun. Asəf Məmmədovun və onu himayə edən məmurların əməllərinin araşdırılması və lazımı tədbirlər görülməsi üçün tapşırıqlar verməyinizi sizdən xahiş edirik", - deyə sakinlər qeyd edir.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları - Vüqar Qasımov və Fərmayıl Məmmədrzayev də əraziyə gəlib.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.