Bakıda tələbələrə nəqliyyat pulsuz olacaq? - Təklif

5-08-2019, 13:18           
Bakıda tələbələrə nəqliyyat pulsuz olacaq? - Təklif
Azərbaycandakı universitetlərdən biri 16 tələbəni ictimai nəqliyyatda gediş haqqı ilə təmin edəcək. Universitetin bu addımı qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da ictimai nəqliyyatın tələbələrə pulsuz olması məsələsini yenidən gündəmə gətirib.
Təhsil üzrə ekspert Kamran Əsədov bu barədə “Yeni Sabah”a açıqlamasında deyib ki, tələbələrə mütləq güzəşt olmalıdır:

“Qardaş Türkiyədə bu təcrübə var. Tələbələrə verilmiş kart onların bütün nəqliyyatlarında, hətta ictimai iaşə obyektlərində, eyni zamanda satış, kitab mərkəzlərində onlar üçün böyük sayda güzəştləri nəzərdə tutub. Amma təəssüf ki, Azərbaycanda bu yoxdur. Nəzərə alın ki, Azərbaycanda 164 min tələbə var. 16 tələbəyə edilən güzəşt olduqca azdır. Düşünürəm ki, ən azından tələbələrin metrodan istifadə etdiyini nəzərə alaraq, onlara xüsusi kart paylamaq lazımdır. Güzəşt olmalıdır. Çünki tələbə Azərbaycanın gələcək elmi potensialıdır, düşünən beynidir. Nəzərə alsaq ki, ölkədə kifayət qədər ödənişli təhsil alanlar var, biz onların sosial durumunu yaxşılaşdırmalıyıq. Tələbələrə güzəştlər tək nəqliyyat vasitələrində yox, digər sahələrdə də olmalıdır. Onların yataqxana təminatı da aşağıdır, kirayə qalırlar. Aşağı təhsil səviyyəsinin müqabilində təhsil haqları da yüksəkdir”.

Ekspertin sözlərinə görə, tələbəyə qoyulan kapital iqtisadiyyata müsbət təsir edir:

“Tələbəyə qoyulmuş kapital geri dönən kapitaldır. Siz ona bu gün 10 manat pul qoysanız, o sabah sizə 100 manat qazandıracaq. Bununla siz gələcəyinizə sərmayə yatırmış olursunuz. Azərbaycanın kifayət qədər iqtisadi gücü var. Azərbaycan iqtisadi, sosial inkişafına görə dünyada lider ölkələrdən biridir. Bu aylıq maksimum 50-100 min manata çıxa bilər. 160 min tələbəyə 20 qəpik yardım göstərilməsi dövlət büdcəsinə elə də ciddi təsir etməz. Azərbaycan dövlətinin gücü, iqtisadi gücümüz güzəştlərin tətbiq edilməsinə imkan verir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.