İqtisadçı Gömrük Komitəsinin "maxinasiya"-larını açdı FAKT
4-02-2016, 23:07
Gömrük Komitəsinin sədri Aydın Əliyev mediaya deyib ki, idxalın gizlədilməsi ilə bağlı aparılan müstəqil araşdırmalar kökündən yanlışdır və heç bir rəsmi mənbəyə əsaslanmır.
İqtisadçı-ekspert Rövşən Ağayev A.Əliyevin iddialarına cavab verib. UNCTAD-ın BMT-nin patronajlığı altında fəaliyyət göstərən təsisat olduğunu xatırladan R.Ağayev bildirib ki, dilimizə Ticarət və İnkişaf üzrə BMT Konfransı kimi tərcümə edilən strukturun bütün statistik məlumatları rəsmidir və BMT-nin üzvü olan dövlətlərin qurumları tərəfindən təqdim edilir:
“Məsələn, siz təşkilatın saytından Gürcüstanın Azərbaycana ixracını bu dövlətin, Azərbaycanın Gürcüstandan idxalını isə Azərbaycan tərəfinin rəsmi orqanlarından alınmış rəqəmlər əsasında öyrənə bilərsiniz. İndi BMT-yə aid başqa bir mənbədən – United Nations Commodity Trade Statistics Database (UN Comtrade)dən bircə məhsulun nümunəsində götürülən məlumatlara diqqət yetirin: Azərbaycan Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana dəyəri 25.1 milyon dollar olan 9.8 min ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal edilib (0405 əmtəə kodu ilə). Yəni bizim rəsmilərin məlumatına görə, bu kod üzrə idxal yağların 1 kq-nın idxal dəyəri 2.5 dollar təşkil edib. Amma Azərbaycana yağ ixrac edən ölkələrin UN Comtrade təqdim etdiyi məlumata görə, 2014-cü ildə Azərbaycana 0405 əmtəə kod üzrə 27.8 min ton yağ daxil olub, həmin yağın bu ölkələrdə Azərbaycan üçün rəsmiləşdirilən ixrac dəyəri 115.4 milyon dollar olub.
Bu məlumata əsasən, 1 kq kərə yağının idxal dəyəri təxminən 4 dollar təşkil edib. Göründüyü kimi, tək kərə yağı üzrə idxal kütləsində 2.8 dəfə, ixdalın dəyərində 4 dəfədən çox fərq var. Ümid edirəm ki, Gömrük Komitəsi UN Comtrade-lə milli statistika arasında bu kəskin uyğunsuzluğa mütləq aydınlıq gətirəcək. Yeri gəlmişkən, UN Comtrade-in məlumatına görə, 2014-cü ildə Azərbaycana idxal edilən kərə və süd mənşəli digər yağların 80%-i və ya 22.8 min tonu Yeni Zelandiyanın payına düşüb. İkinici yerdə 4.7% (1.4 min ton) Avstraliya gəlir”.