Balaca kişi

25-03-2021, 07:45           
Balaca kişi
İndiyədək bir zəhmətkeş uşaq görmədim ki, dərisi ağ, əynində də rəngli libası olsun...

Tibbi maskada olsam da, gülümsəyəndə azca qıyılan, kənarlarına qırış düşüb, bəbəkləri parlayan gözlərimdən ümid edirəm ki, narahat olmadı. Uzun müddət eləcə onu seyr etmişəm. Yanaqları qızarıb, yəqin soyuq dalayıb. Əlləri də qabar bağlayıb, yaman sərt görünür. Cüssəsini görməsəm, əlindən, səsindən, baxışlarından elə bilərdim, əkəpükə kişidir.

Koroğluda ““Neftçilər”, “Qara Qarayev”, “Əhmədli”, “Həzi Aslanov”” deyə çağırarkən səsinə tərəf çevrilib baxanda da təəccübləndim. Avtobusa minəndən özümdən ixtiyarsız fikrim bu balaca kişiyə yönəlir, baxışlarım ona tərəf boylanır. Avtobusun konduktoru olan yeniyetmənin maksimum 15 yaşı olar-ya olmaz, amma özünü lap həyatın hər üzünü görmüş, çoxbilmiş kişilər kimi aparır. Bəzən minib-düşən sərnişinləri ayaqdan-başa süzür. Elə baxır, elə baxır, elə bilərsən, nəsə fərqli bir şey görüb, kəşf etməyə, yaddaşına həkk etməyə çalışır.

Avtobusa anasının əlindən tutub onu yaşda oğlanlar, qızlar minir. Onlara xüsusi bir diqqətlə baxır. Bu anda düşünürəm ki, İlahi, görəsən, ürəyində özünü onlarla müqayisə edirmi? Düşünürmü ki, “həmyaşıdıq, onlar qayğılardan uzaq, bir əllərində bahalı telefon, bir əllərindən anaları tutub, sevdikləri videonu izləyərək avtobusda başını qatıb gedəcəkləri ünvana çatmağı gözləyir, mən isə hər dayanacaqda daha uca səslə stansiyaları sadalayıb sərnişin çağırır, axşam qalacaq qazancımın qayğısını çəkirəm?”

Ağ gün görən ağarır, qara gün görən qaralır

Həmyaşıdlarının rəngli geyimləri, onun isə ayağında “makasin” ayaqqabı, tünd-boz cins şalvar, qara köynək və balaca, dolu bədəninə kip oturmuş pencək var. “Ağ gün görən ağarır, qara gün görən qaralır” deyirlər. Elə bu balacanı həmyaşıdaları ilə öz fikrimdə müqayisə etdikcə bir də təsdiqini tapıram. Doğrudan da, indiyəcən bir zəhmətkeş uşaq görmədim ki, dərisi süd rəngi ağ olsun, əynində də rəngli libası. Hamısını tünd-qara rəngli geyimlərdə, yanaqları qırmızı, əlləri qabarlı görmüşəm.

İnsanı ucaldan əməkdir, amma...

Heç adətim olmasa da, bu arada pandemiyanı da lənətləyirəm. Məktəblər açıq olsaydı, bu balaca, heç olmasa məktəbdə, parta arxasında olardı. Əməksevərlik, kiçik yaşlarından əməyə öyrəşmək yaxşıdır, amma hər yaşın öz əməyi var. Yeniyetmənin əmək sərf edəcəyi təhsili, kitabları olmalıdır. Artıq fiziki əmək günü-gündən öz dominantlığını itirir, hər sahədə zehni əməyə uduzur.

İndi hansı zəmanədir ki, uşaqlarımızın iş deyəndə ağıllarına sürücülük gəlsin? Kiçik yaşlarından atasının və ya tanışın yanında konduktorluq etsin, yolları öyrənsin? Bu mənzərə ürəkdağlayandır. Onun həmyaşıdları arasında, müəllim və valideyn nəzarətində sosiallaşmaq üçün N sayda imkanları olmalıdır. Gəl gör ki, reallıq bütün bunları bir avtobus qapısı ağzında məhdudlaşdırır...

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.