“Şirkətimizin Əli Həsənovla heç bir bağlılığı yoxdur” – 3 milyona yaxın vergi borcu olan şirkətdən açıqlama

31-03-2021, 17:04           
“Şirkətimizin Əli Həsənovla heç bir bağlılığı yoxdur” –
Mətbuatda indiyə qədər sabiq “Qaçqınkom” sədri Əli Həsənovun yaxın adamlarının adına rəsmiləşdirilən mal-mülk və biznes strukturlarına dair çoxsaylı məlumatlar yayılıb. Ə.Həsənovun varidatına, biznesinə xüsusilə onun nəvəsi Nail Allahverdiyevin öz bahalı avtomobilində törətdiyi, iki nəfərin ölümü və iki nəfərin yaralanmasıyla nəticələnən qəzadan sonra diqqət daha da artıb .

Sabiq “Qaçqınkom” sədrinin biznes strukturlarına dair məlumatlarda zaman-zaman konkret şirkət adları, ünvanlar göstərilib. Lakin bu məlumatlara rəsmi səviyyədə hər hansı təkzib verilməsinə rast gəlinməyib.

“AzPolitika.info” xəbər verir ki, bugünlərdə sosial şəbəkələrdə maliyyə analitiki Ülvi Qasımov tərəfindən Ə.Həsənova aid olduğu bildirilən “Polimer Sənaye Parkı” MMC-nin fəaliyyəti və külli miqdarda vergi borcuyla bağlı məlumat paylaşılıb. Məlumatda vergi orqanının rəsmi saytına istinadla qeyd olunur ki, “Polimer Sənaye Parkı” MMC-nin dövlət büdcəsinə 2 milyon 640 min manat vergi borcu var: “YAP-ın İdarə Heyətindən uzaqlaşdırılan “Qaçqınkom”un eks sədri Əli Şamil oğlu Həsənova məxsus olan biznes strukturlarından birinin –“Polimer Sənaye Parkı” MMC-nin dövlət büdcəsinə 2 milyon 640 min manat vergi borcu var ( mənbə : https://www.e-taxes.gov.az/ebyn/vergiBorcu.html ) “Polimer Sənaye Parkı” MMC (www.polypark.az) plastik məmulatların istehsalını həyata keçirir. MMC-nin direktoru Əli Şamil oğlu Həsənovun oğlu, polis polkovniki Emin Həsənovun yaxın dostu Rahim Maqsudəli oğlu Maqsudovdur.

Keçmiş məmurlara məxsus müəssisələr dövlətə olan vergi borclarını ödəsələr, bu gün işğaldan azad olunan Qarabağımızın bərpasına tələb olunan vəsaiti formalaşdıran dövlət büdcəmizə böyük kömək olar.”

“AzPolitika.info”-nun sözügedən paylaşımla bağlı sorğusuna cavab olaraq, “Polimer Sənaye Parkı” MMC-dən redaksiyamıza daxil olan açıqlamada adı çəkilən şirkətin sabiq “Qaçqınkom” sədri ilə heç bir işgüzar əlaqəsinin olmadığı, yalnız “Polimer Sənaye Parkı” MMC-nin rəhbəri Rahim Maqsudovun atasının və özünün Əli Həsənovla və oğlu Emin Həsənovla qiyabi tanışlığının olduğu bildirilir. Şirkətdən həmçinin bildirilib ki, Ülvi Qasımov adlı şəxslə şirkətin heç bir əlaqəsi olmayıb, sosial şəbəkələrdə onun yaydığı məlumatlardan gec xəbər tutulub. “Əks halda işgüzar nüfuzumuzun qorunması naminə bu böhtanlara adekvat cavab verilərdi”.

“Şirkətin yeganə təsisçisi və İdarə heyətinin sədri Maqsudov Rahim Maqsudəli oğludur. Uzun müddət – 30 ilə yaxındır biznes fəaliyyəti ilə məşğul olan Rahim Maqsudov, kifayət qədər təcrübə və ticari qabiliyyət əldə etdikdən sonra müstəqil qaydada istehsalat müəssisəsi qurmaq qərarına gəlmiş və şirkəti təsis etmişdir. Həmin vaxtdan da fasiləsiz olaraq həmin şirkətə rəhbərliyi şəxsən özü həyata keçirməkdədir. Göründüyü kimi “Polimer Sənaye Parkı” MMC-nin nə təsisçiləri arasında, nə də rəhbər heyəti içərisində xəbərdə adları qeyd edilən şəxslərdən heç biri yer almamış, fəaliyyəti ilə bağlı həmin şəxslərin yaxından və ya uzaqdan əlaqəsi olmamışdır”, - şirkətdən bildirilib.

Şirkətin fəaliyyətilə bağlı isə bildirilir ki, “Polimer Sənaye Parkı” MMC uzun illərdir qeyri-neft sektorunda çalışır və ölkə iqtisadiyyatına töhfə verir: “10 ildən artıqdır rəsmi qaydada fəaliyyət göstərən “Polimer Sənaye Parkı” MMC (hüquqi ünvanı: Siyəzən rayonu, Bəşir Səfəroğlu küçəsi 1, VÖEN 2902561521) polimer tərkibli məhsulların istehsalı və satışı ilə məşğul olan, yüzlərcə vətəndaşımızı iş yeri ilə təmin edən, hər il dövlət büdcəsinə yüz minlərlə manat vergi və digər büdcə ödənişləri ödəyən qeyri-neft sektoruna aid yerli istehsalat şirkətidir.”

Bununla yanaşı, şirkətin doğrudan da səyyar vergi yoxlamasından sonra 2 milyon 640 min manatlıq vergi borcunun yarandığı, lakin bununla bağlı məhkəməyə müraciət edildiyi vurğulanır: “Şirkətin dövlət büdcəsinə 2.640.000 manat borcunun olması qeyd edilmişdir. Bununla bağlı bildirilir ki, bəli, həqiqətən də AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində dövlət qurumu tərəfindən “14 aprel 2020-ci il tarixli, № 2000027023198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarın əsassız olduğu və qanunsuz olaraq tərtib edildiyinə görə ləğv edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. 2-1(118)-164/2021 saylı inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin hakimi cənab Ceyhun Məmmədovun icraatındadır. Məhkəmə mübahisəsi çərçivəsində hakim tərəfindən vəsatətimiz təmin edilərək, yoxlama aktının düzgünlüyünün yoxlanması üçün iş materialları AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Hal-hazırda da iş materialları ekspertiza mərkəzində tədqiq edilməkdədir.”

Göründüyü kimi, şirkət rəsmi məktubla Əli Həsənovla heç bir əlaqəsinin olmadığını bildirir, sözügedən vergi borcu ilə bağlı isə məhkəməyə müraciət olunduğunu, hazırda məsələnin araşdırıldığını qeyd edir. Vergi borcuyla bağlı məsələnin araşdırıldığını və şirkətin rəsmən Ə.Həsənovla hər hansı əlaqəsinin olmadığını bildirməsini nəzərə alaraq, məktubda qeyd olunanlara əlavə şərh verməyə lüzum qalmır...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.