Uşaq bağçaları ilə bağlı ziddiyyətli açıqlamalar: Nazirlik səlahiyyətini unutdu

6-04-2021, 07:55           
Uşaq bağçaları ilə bağlı ziddiyyətli açıqlamalar:
“Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində təlim, tərbiyə, tədris müəssisələrinin fəailiyyət göstərib-göstərməməsi barədə müvəqqəti qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyindədir”

Aprel ayının 5-dən Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə məktəblərin bağlanacağı ilə bağlı qərar verildikdən sonra təhsil naziri Emin Əmrullayev bağçaların fəaliyyətini davam etdirəcəyini bildirmişdi. Növbəti gün isə Bakı Şəhər İcra Hakimiyyətindən bağçaların da fəaliyyətini dayandıracağı ilə bağlı məlumat təsdiqləndi.



Bunun ardınca Emin Əmrullayev növbəti dəfə canlı yayımda bağçaların fəaliyyətini davam etdirəcəyini bildirdi. 5 apreldə isə valideynlər bağça qapısında xəbər tutdular ki, bağçalar işləmir. Bir-birinin ardınca verilən ziddiyyətli qərarlardan əziyyət çəkən yenə ictimaiyyət oldu. Bəs bu anlaşılmazlığın səbəbi nə idi?



Mövzunu AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, mövcud anlaşılmazlığın yaşanma səbəbi müvafiq qərarda diqqətdən qaçan məqam olub: “2011-ci ildən etibarən Prezidentin Sərəncamından sonra uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyəti orqanlarına verildi. Digər tərəfədən də bilirik ki, uşaq bağçaları və körpələr evinin açılması üçün nizamnaməyə rəyi və təsdiqi Təhsil Nazirliyi verir. Düzdür, tabeçilik baxımından bağçaların Təhsil Nazirliyinə aidiyyəti yoxdur, lakin onlar bilməlidirlər ki, Nazirlər Kabinetinin fevral ayında imzaladığı qərara əsasən, ölkə ərazisində təlim, tərbiyə və tədrislə bağlı qərar qəbul etmək, yəni təlim, tərbiyə, tədris müəssisələrinin fəaliyyət göstərib-göstərməməsi ilə bağlı qərar vermək səlahiyyəti müvəqqəti olaraq pandemiya dövründə mövcud vəziyyət nəzərə alınmaqla Təhsil Nazirliyinə verilib. Qərarın Təhsil Nazirliyi tərəfindən verilməsində bir yanlışlıq yox idi, sadəcə onlar açıqlamanı verə bilmədilər. Bu da Təhsil Nazirliyindəki şəxslərin təcrübəsizliyindən irəli gələn bir məqam idi”.


“Maraqlı məqamlardan biri bu idi ki, bir çox işçiləri hüquqşünas olmasına baxmayaraq, onların bu məqam diqqətlərindən yayındı ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində təlim, tərbiyə, tədrislə bağlı müəssisələrin fəailiyyət göstərib-göstərməməsi ilə bağlı pandemiya dövründə müvəqqəti qərar qəbul etməklə bağlı səlahiyyət Təhsil Nazirliyindədir. Daha bir diqqətdən yayınan məqam ölkədə sərt karantin rejimi olmadığının nəzərə alınmaması olub. Əvvəlcə ölkədə sərt karantin rejimi idi. İnsanlar işə getmirdi və yaxud da çoxluq evdə idi. İndi isə sərt karantin rejimi deyil, iş yerləri açıqdır. Bu zaman uşaq bağçaları işləməsə, işləyən valideynlər övladlarını hara aparacaq? Bu, öz həllini tapmadığı üçün kütləvi bir problem yarandı. Bütün hallarda nazirlik özbaşına belə bir qərar verməmişdi, amma sonradan bu qərarı tam müdafiə edə bilməmələri yanlış mənzərə yaratdı”, - deyə ekspert bildirib.



O, təhsil müəssisələrinin bağlanması ilə bağlı qərarın epidemioloji vəziyyət nəzərə alınaraq verildiyini və bunun doğru addım olduğunu qeyd edib: “Təbii ki, epidemioloji vəziyyət nəzərə alınmaqla addım atılmalı idi və epidemioloji vəziyyət də yaxşı deyildi. Çünki Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə 80%-dən çox yoluxma halı qeydə alınıb və bu, riskli bir rəqəmdir. Təbii ki, yoluxanlar arasında təkcə məktəb işçiləri və şagirdlər yox, eyni zamanda uşaqlar da var. Uşaqlar potensial daşıyıcıdırlar. Ona görə də Təhsil Nazirliyi bu qərarı qəbul etməklə istəyirdi ki, həmin ərazilərdə vəziyyəti tamamilə nəzarətə götürsün”.



“Təhsil Nazirliyi yoluxma və epidemioloji vəziyyəti nəzərə alaraq bu addımı atmışdı, amma digər tərəfdən də Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyətləri ilə razılaşdırılaraq qərar qəbul edilə bilərdi. Dövlət qurumları arasında mobilliyin olmaması anlaşılmaz vəziyyətə səbəb oldu. Şənbə günü hörmətli nazir Emin Əmrullayev bağçaların işləyəcəyini demişdi, bu gün isə əksinin şahidi olduq. Buna da səbəb, qeyd etdiyim kimi, qərarda diqqətdən qaçan məqam idi. Qərar verilərkən baxmaq lazım idi ki, epidemioloji vəziyyətdə səlahiyyət hüququ kimdədir”, - deyə Əsədov fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.