Qalmaqallı bələdiyyə sədri vəzifəsindən azad olundu - SƏBƏBLƏR

17-04-2021, 12:20           
Qalmaqallı bələdiyyə sədri vəzifəsindən azad olundu - SƏBƏBLƏR
Neftçala rayon Xolqaraqaşlı kəndinin bələdiyyə sədri Əlibala Səlimov işdən çıxarılıb.

Valyuta.az xəbər verir ki, bununla bağlı Moderator.az-a danışan Ə. Səlimov, öz istəyi ilə bu vəzifədən uzaqlaşdırıldığını bildirib.

“Məni heç kim bələdiyyə sədri vəzifəsindən çıxarmayıb. Özüm iki aydır ki, bununla bağlı xahiş edirdim. İki dəfə iclas çağırmışam ki, bələdiyyə üzvləri məni çıxarmaq istəmirdi. Axırda sədr vəzifəsindən çıxmaq üçün çox xahiş etdim.

Qaldı ki, örüş sahəsinə biz baxmırıq ki, buna görə də sakinlərlə problemimiz olsun. 1996-cı ildə islahat gedəndə iki kolxoz, iki kənd var bir ərazi nümayəndəliyi var idi. İslahat gedən dövrdə gərək torpaqlardan azaldıb örüş yeri saxlayaydılar. Amma çox təəssüflər olsun ki, örüş yeri saxlamayıblar" – deyə keçmiş sədr qeyd edib.

O deyib ki, bələdiyyədə isə 38 hektar örüş yeri var, onun 25 hektarı Neftçala su kanalının ərazisinə düşür:

“Üç hektar yarım şəhid ailəsinə verilib və qalanı da qalıb. Mən 47 ildir ki, bu kənddə işləyirəm. Bu kəndi yaratmışam, tikmişəm. İki məktəb, iki məscid və xəstəxana tikdirmişəm. Yol, bağ, park saldırmışam. Cənab prezident buna görə mənə iki medal verib.

Bəzilərinin əlindən iş gəlməyəndə sözə keçirlər. Dünən iclas çağırdım, xahiş etdim ki, səhhətim əl vermir, əsəblərim korlanıb. Yerimi 25 yaşlı ali təhsilli bir gəncimizə vermişəm”.

Neftçalanın bələdiyyə üzvü Vəfa Nağı “Amerikanın Səsi”nə bildirib ki, Əlibala Səlimovun yerinə artıq Elnur Səfərov adlı şəxs yeni bələdiyyə sədri seçilib.

Xatırladaq ki, kənd sakinləri və V. Nağı keçmiş bələdiyyə sədrinin otlaq sahələrini qanunsuz olaraq icarəyə verdiyini, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində təklif etdiyini iddia edirdi.

Bundan əlavə, ötən il V. Nağı şəxsi şəkillərinin kəndin müxtəlif yerlərinə vurulduğunu deyərək bu məsələdə də keçmiş bələdiyyə sədri Əlibala Səlimovu itttiham etmişdi.

Bildirmişdi ki, Əlibala Səlimovun ona qarşı bu davranışının səbəbi bələdiyyə iclasında çıxış etmək istəməsi və Ə.Səlimovun əməlləri barədə sosial şəbəkələrdə məlumat yaymasıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.