“Ali təhsil haqqında” qanun hansı yeniliklər gətirir? Ekspertlər izah edir

22-04-2021, 07:42           
“Ali təhsil haqqında” qanun hansı yeniliklər gətirir?
Azərbaycanda “Ali təhsil haqqında” yeni qanun layihəsi hazırlanıb. Layihə bu sahədə bir çox dəyişiklikləri nəzərdə tutur. Əgər dövlət sifarişli yerlər tələbə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən boş qalarsa, həmin yerlərə ya eyni ixtisas, ya da eyni qrupa daxil olan digər ixtisas üzrə imtahan nəticələrinə əsasən ən yüksək bal toplamış və ödənişli əsaslarla qəbul olan tələbələr yerləşdiriləcək. Proses Təhsil Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirləcək.

Təhsil eksperti Elçin Əfəndi “Press Klub”a açıqlamasında xatırlatdı ki, bakalavr pilləsi üzrə təhsil almaq istəyən abituriyentlər ali təhsil müəssisələrinə imtahan verdikləri zaman, həmçinin, imtahandan sonra müsabiqədə iştirak edərkən müəyyən bal toplayıb, ödənişli əsaslarla təhsil alırdılar:

“İndi isə həmin şəxslər təhsil aldığı ixtisas üzrə boş qalan yerlər varsa, ödənişli əsaslardan dövlət sifarişli əsaslara transfer olunmaq hüququ qazanmış olurlar. Bu proses Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin razılığı əsasında baş tutur”.

Ekspertin sözlərinə görə, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi prosesində də dəyişiklik ediləcək:

“Əvvəllər ödənişli əsaslarla təhsil alan tələbə bir ali təhsil müəssisəsindən digərinə köçürülərkən orda da təhsilini ödənişli əsaslarla davam etdirirdisə, bundan sonra müvafiq ixtisas üzrə yığdığı bal ona digər təhsil müəssisəsində dövlət sifarişli əsaslarla təhsil almağa imkan verəcək. Hər hansı tələbə ödənişli əsaslarla təhsil alırsa, onun balı dövlət sifarişi üzrə təhsil almağa və transfer etməyə imkan verirsə, o zaman həmin tələbələrə bu hüquq verilir. Bu, həm bakalavr, həm də magistr üzrə təhsil alan tələbələrə də şamil edilir. Eyni zamanda, onların gələcəkdə diplomlarının tanınması və qeydiyyatı zamanı dövlət sifarişli əsaslarla təhsil alması barədə də məlumatlar qeyd olunacaq”.

Qanun layihəsi 10 fəsil və 77 maddədən ibarətdir. Tələbələri maraqlandıran digər bir məsələ təhsil krediti ilə bağlıdır ki, bu da qanun layihəsində “Ali təhsilin iqtisadiyyatı” fəslində təhsil kreditlərinə dair ayrıca maddə (65-ci maddə) olaraq yer alıb. Belə ki, təhsil kreditləri həm təhsil haqqını, həm də təhsil alan zaman çəkilən digər xərclərin tam ödənilməsini əhatə edəcək. Bu, ali təhsil haqqında qanun layihəsinin ilkin versiyasında öz əksini tapıb. Layihədə qeyd olunur ki, təhsillə əlaqədar xərclərə yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri də daxil olacaq. Təhsil kreditinin orta aylıq məbləği hər tədris ilinə görə inflyasiya və indeksasiya nəzərə alınmaqla müəyyən ediləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov “Press Klub”a şərhində 2021-ci ilin dövlət büdcəsində təhsil kreditlərinin ödənilməsi üçün 80 milyon manat vəsait ayrılmasının nəzərdə tutulduğunu vurğuladı:

“Əvvəlki illərdə bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkirdi və hətta onların təhsillərini davam etdirməsində də çətinliklər olurdu. Bu baxımdan, təhsil kreditləri imkan verəcək ki, həmin tələbələr bu kreditlərdən faydalanaraq təhsil haqlarını və digər xərclərini ödəmək imkanı qazansın”.

Deputat əlavə etdi ki, krediti alan şəxs təhsil müddəti bitdikdə sonra əmək fəaliyyətinə başlayıbsa, iki ildən gec olmayaraq kredit borcunu ödəməyə başlamalıdır. V. Bayramov qeyd etdi ki, kreditin gec müddətə qaytarılması tələbələri təhsil alan zaman maliyyə qayğısından azad edəcək:

“Tələbə təhsilini başa vurduqdan sonra təhsil kreditlərini qaytaracaq. Xüsusən də təhsil alan tələbə üçün həmin krediti əldə etməkdə hər hansı çətinlik yaranmayacaq. Çünki bu, bir tərəfdən kreditlərin məzun olduqdan sonra geri qaytarılması, digər tərəfdən isə sosial baxımdan vacibdir. Tələbə məzun olub, işlədiyi dövrdə həmin kreditləri geri qaytarmaq imkanına malik olacaq”.

Millət vəkili təhsil kreditinə bir sıra güzəştlərin də nəzərdə tutulduğunu söylədi:

“Belə ki, təhsil müddətində əlaçı olmuş, təhsildə bir il itirməyən tələbə təhsil kreditini və ya onun bir hissəsini ödəmək öhdəliyindən azad edilə bilər. Bundan başqa, beynəlxalq olimpiada, müsabiqə və yarışlarda ilk üç yerdən birini qazanan, təhsil müddətində davamlı olaraq əla, ümumi uğur qazanmış, bu qanunla müəyyən edilmiş şərtlər daxilində istedadlı tələbələrə təhsil kreditləri əvəzsiz verilir”.

Qeyd edək ki, təhsil kreditlərinin qeydiyyatı məqsədilə Təhsil Krediti Reyestri yaradılır və “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulur.

Ülviyyə Şahin












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.