Pullu tenderdə vergi borclusu şirkətin qalib gəldiyinə daha bir nümunə - Xəzər rayonu, “Stone Construction”...

23-04-2021, 00:37           
Pullu tenderdə vergi borclusu şirkətin qalib gəldiyinə daha bir nümunə -
Fikrət Yusifov: “Bu o deməkdir ki, yenə qara əməllər, korrupsiya halları davam edir”

Ölkədə keçirilən tenderlərlə bağlı neqativ və qaranlıq məqamlar səngimək bilmir. Açıq görünür ki, keçirilən bir sıra tenderlər formal xarakterlidir və qalib olan şirkətlərin arxasında dayanan dairələr var.

Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi aprelin 19-da ehtiyat hissələrinin satın alınması müsabiqəsinə yekun vurub. Maraqlıdır ki, tenderin qalibi son bir ildə icra hakimiyyətlərinin keçirdiyi satınalmaları ən çox qazanan şirkətlərdən biri - “Stone Construction” QSC olub. Qalib gəldiyi tenderlərə nəzər salsaq görərik ki, şirkət çoxprofillidir: idman malları, tikinti materialları, maşın ehtiyat hissələri, təbliğat-təşviqat işləri, subsidiyaların verilməsinin təşkili, dəftərxana və təsərrüfat mallarının satışı və s. Sanki adıçəkilən şirkət bütün işləri bacarır. Ancaq qalib olan şirkətlə bağlı 2 diqqətçəkən məqam var. Birincisi, “Stone Construction” QSC-nin hazırda 67 min 585 manat 48 qəpik vergi borcu var. Satınalmalar haqqında mövcud qanunvericilik vergi borcu olan şirkətlərin müsabiqələrdə iştirak etməsini qadağan edir. İkincisi, adətən, böyük tenderləri udan ciddi şirkətlər haqqında internetdə məlumat olur. Ancaq qəribədir ki, bu şirkət və onun qanuni təmsilçisi ilə bağlı internet resurslarında hər hansı bir məlumat yoxdur. Bütün bunlar sözügedən tenderlə bağlı bir sıra şübhələrin yaranmasına əsas verir.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək istəsək də, bu mümkün olmadı.

Bütün hallarda, tez-tez təkrarlanan bu cür şübhəli tenderlərin qarşısını necə almaq olar? Ekspertlər çıxış yolunu nədə görürlər?

“Ona görə də keçirilən tenderlərlə bağlı şəffaflıq artırılmalıdır”
Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, tenderlərlə bağlı bu kimi neqativ halların qarşısını almaq üçün bir sıra işlər görülməlidir: “Çirkli oyunlar altında keçirilən tenderlərə son qoymağın zamanı gəlib çatıb. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizənin getdiyi bir dönəmdə bu cür şübhəli tenderlərə yer olmamalıdır. Belə halların qarşısını əsaslı şəkildə almaq lazımdır. Harada formal tender keçirilirsə, deməli, bu düzgün deyil. Bu o deməkdir ki, yenə qara əməllər, korrupsiya halları davam edir. Şəxsi maraqlar dövlət maraqlarını üstələyir. Ona görə də ölkədə keçirilən tenderlərdə şəffaflıq artırılmalıdır. Hər kəsin və bütün tərəflərin iştirakı ilə tenderlər keçirilməlidir. Təəssüflər olsun ki, bizdə bu belə deyil. Tenderdə normal oyunçular olandan sonra seçim də çox doğru olacaq. Nəticədə bu kimi neqativ halların baş verməsinə şərait yaranmaz. Yoxsa, tender keçirən tərəf özünə yaxın olan tərəfin qalib olmasına şərait yaradacaqsa, bunun heç bir mənası olmayacaq. Ona görə də keçirilən tenderlərlə bağlı şəffaflıq artırılmalıdır. Eyni zamanda, tender haqda qanun təkmilləşdirilməlidir”.

Professor onu da qeyd etdi ki, tenderlərdə neqativ hallara yol verən tərəflər sərt cəzalandırılmalıdırlar.
baki xeber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.