TƏBİB-in korrupsiya ilə mübarizədə böyük qələbəsi və həbslərin - PƏRDƏARXASI...

26-04-2021, 11:23           
TƏBİB-in korrupsiya ilə mübarizədə böyük qələbəsi və həbslərin -
Azərbaycan pandemiya ilə mübarizə aparmaqla yanaşı eyni cəbhədə dövlətin siyasətini, əməyini yerə vuranlarla da savaş aparmaqdadır. Bu müharibənin ilk mərhələsində böyük qələbə əldə olundu və fəsadların qarşısı alındı. Əks halda, dövlətin gördüyü işlərə və imicinə zərbələr olacaqdı.

Hakimiyyətin epidemiyaya qarşı həyata keçirdiyi kompleks tədbirlərə, dövlətin rezervləri hesabına bütün vətəndaşlara pulsuz xidmətə baxmayaraq, bu işləri gözdən salanların olması, şübhəsiz ki, bütövlükdə hökumətə etimadsızlıq mühiti yaradılmasına hesablanmışdı.
Rublika.Az-ın Analitik Şöbəsi yazır ki, əhalinin sağlamlığının mühafizəsi və milli təhlükəsizliyin təmin olunması üçün irimiqyaslı, sərt addımlar atılmasına zərurət var idi.
Çünki xeyli zamandır dillərdə bu söz-söhbətlər dolaşırdı, infeksiya ilə bağlı ixtisaslaşmış xəstəxanalarda, modul tipli səhiyyə müəssisələrində neqativ hallara yol verildiyi, rüşvət alındığı iddiaları ağız-ağız gəzirdi. Bu, ilk növbədə hakimiyyətin siyasətinə, onun gördüyü işlərin ruhuna zidd idi, eyni zamanda, pandemiyaya qarşı mübarizənin alverə çevrilməsi təəssüratı formalaşdırırdı.
Necə ola bilər ki, dövlətin rezervlərindən dərmanlar alınsın, çarpayılar ayrılsın, koronavirus xəstələri ödənişsiz müalicə olunsun, amma yenə vətəndaşlar baxımsızlıqdan, rüşvət istənilməsindən giley-güzar etsin?!
Deməli, bu hallar var imiş və ortalıqdakı mafioz şəbəkə hökuməti xalqla üz-üzə qoyaraq çarəsiz, ümidsiz xəstələrin yaxınlarından pul almaqla karantin dövründə varlanmaq eşqinə düşüblər. Buna “taun vaxtı qonaqlıq” adı da vermək olar.
Ona görə əsaslı şübhələr müəyyən edilərək “Yeni Klinika”nın baş direktoru Pərviz Abbasovu, FHN-ə məxsus Zığdakı modul tipli xəstəxananın baş həkimi İmran Ağayevi, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədovu qandallayıb rüşvət virusuna bulaşdıqları üçün COVİD19 olmayan dörd divarlıq yerə göndərdilər.
Ancaq burada bir məsələni qarışdırırlar və ictimai rəydə çaşqınlıq yaradırlar. Söhbət həbs edilənlərə görə TƏBİB və onun rəhbəri Ramin Bayramlının qınanmasından gedir.
Rublika.Az müfəssəl məlumatlar əldə edərək xəbər verir ki, sözügedən iki tibb müəssisəsində xəstələrin yaxınlarından pul istənilməsi kimi iyrənc halların olması haqda TƏBİB-ə əsaslı şikayətlər daxil olub.
Məhz bu məlumatlar, edilən şikayətlər TƏBİB rəhbərliyi tərəfindən araşdırmalar aparılmasına zərurət yaradıb. Yəni R.Bayramlının qarşısına qoyduğu hədəf pandemiya ilə paralel rüşvətxorluğa qarşı mübarizə olub. Cəmiyyətə isə yanlışlıqla informasiyalar ötürülür, ictimai rəy yönləndirilir və belə səhv fikir yaradılır ki, TƏBİB özü bu işlərə bulaşıb və R.Bayramlı istefa verməlidir.
Əksinə, TƏBİB rəhbərliyi özü marağında olub ki, koronavirus xəstələrinin müalicəsində şəffaflıq təmin edilsin, xoşagəlməz hallarda aradan qalxsın, suyu bulandıran P.Abbasov, İ.Ağayev kimi mafiozlar zərərsizləşdirilməklə proses tormozlansın, xalqa və dövlətə edilən pisliyin fəsadlarının qarşısı alınsın. Buna görə R.Bayramlıya bir təşəkkür düşməlidir ki, zamanında bu halların mövcudluğu barədə müəyyən təftiş işləri aparıb. Bəzi xəbər portalları “Yeni klinika”nın direktoru ilə Ramin Bayramlının dostluq münasibəti olduğunu, hətta birincinin o vəzifəyə gətirilməsində TƏBİB sədrinin rol oynadığını iddia edir.
Lakin bir məsələdə ciddi səhvə yol verirlər ki, TƏBİB rəhbərliyinin özü bu neqativ hallardan narahat olub və zamanında dövlət məlumatlandırılıb ki, onların qanunsuz hərəkətlərinə son qoyulsun.
Təbii ki, burada istintaq orqanlarının üzərinə daha böyük iş düşüb, səlahiyyət sahibi onlardır, lakin TƏBİB də onun imicinə zərər vuran bu məxluqlardan qurtulmaq istəyində imiş. Odur ki, bu həbslərlə bağlı yazılanda pərdəarxası nüanslara diqqət yetirmək lazımdır.
Bu tuthatutun ardınca səhiyyə nazirinin işdən azad edilməsi, Sabirabad xəstəxanasında şöbə müdirinin qandallanması göstərdi ki, dövlət bu istiqamətdə əsaslı addımlar atır, konkret fəaliyyət var, real faktlar toplanaraq cəza tədbirləri görülür. Əlbəttə, hökumət 3-5 mafiozun ucbatından adına xələl gəlməsini istəmir.
Axı TƏBİB bir ildən artıqdır ki, pandemiya ilə mübarizədə dövlətin bütün proqramlarını uğurla icra edir, xəstəxanalarda virusa yoluxmuş insanların müalicəsi, ağır vəziyyətdə olanların həyata qaytarılması üçün həkimlər fədakarlıq nümayiş etdirir.
Onların əməyini yerə vuran, zəhmətini gözdən salan acgöz abbasovlar, ağayevlər cəzalandırılmalı idi ki, başqalarına görk olsun. Üstəlik, niyə 3-5 rüşvətxor adama görə bütün fədakar həkimlərin adı batırılmalıdır?
Nəyə görə bu cür tamahkar və vicdansız baş həkimlərin üzündən TƏBİB-in reputasiyası zədələnməli, ünvanına haqsız ittihamlar səslənməli, R.Bayramlının mövqeyi haqlı ikən haqsız vəziyyətə düşməlidir? Odur ki, bu həbslərin gerçəkləşməsində bu sahədə şəffaflığın yaranmasını istəyən bütün tərəflərin marağı, fəallığı olub.
Hətta belə demək mümkünsə, TƏBİB səhiyyə sistemində rüşvətxorluğa qarşı ilk və irimiqyaslı qələbəsini qazanmış oldu, ona atılan böhtanı, ləkəni təmizlədi. Dövlətin hələ 2020-ci ilin yanvar ayından pandemiyaya hazırlaşdığı, müasir laboratoriyalar əldə etdiyi, beynəlxalq bürokratik əngəllər fonunda testləri ilk olaraq aldığı, tibb işçilərinin gecə-gündüz boğulan xəstələri xilas etməyə çalışdığı, aylarla ailə üzvlərini görə bilmədiyi bir məqamda kimlərinsə öz ciblərini doldurması bu prosesdəki hər bir şəxsin əziyyətini kölgə altına alır.
Bu xoşagəlməz halların ardından səhiyyə naziri Oqtay Şirəliyev 16 ildən sonra vəzifəsindən uzaqlaşdırıldı. Məsələyə şərh verən ekspertlər bu qərarın da prosesin davamı olduğu qənaətindədirlər.
Görünür, cəzalandırma prosesi müxtəlif yollarla davam edəcək. Və TƏBİB rəhbərliyi pandemiya ilə mübarizə mühitində bütün eybəcərliklərin aradan qalxması üçün sona qədər müqavimət göstərəcək.

Həmidə Vəliyeva
Rubrika.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.