‘Varlı məhbusların’ öz həbsxanası? - Ayı 300 manatlıq kamera?

13-05-2021, 08:57           
‘Varlı məhbusların’ öz həbsxanası? -
6 saylı cəza çəkmə müəssisəsində bir neçə məhbusun aclıq aksiyası keçirdiyi haqda xəbərlər yayılıb.
Aksiya keçirən məhbuslardan biri, Bəhruz Məmmədli mayın 12-də səhər saatlarında əmisi oğlu Adil Məmmədova deyib ki, aksiyanı dayandırmaq fikri yoxdur və o məhbus yoldaşları ilə birlikdə cəzaçəkmə müəssisəsində problemlər aradan qalxanadək aksiyanı davam etdirəcəklər:
“İndi bu dəqiqə aclıq aksiyası keçirir. Dünən saat 9-dan başlayıblar. Bu gün də əlaqə saxladı. Dedi ki, hələ də sözümün üstdə durmuşam, dönən deyil. Deyir ki, burda onu çox incidirlər. Hər şeyə rüşvət istəyirlər. Görüşün özü belə rüşvətlədir. Çox narazılıq edir. Deyir ki, içəridə özbaşnalıq, rüvşətxorluq var. Boğaza yığılıb, təngə gəlib”.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının yaydığı məlumata görə məhbuslar cəzaçəkmə müəssisəsində baha qiymətlərə, yeməyin keyfiyyətinə, rüşvət tələblərinə etiraz edirlər. Pandemiyaya görə bir çox məhbuslar yaxınlarından bağlamaları poçtla alırlar, amma cəzaçəkmə müəssisəsi poçt göndərişlərinə də qadağa qoyub.
Ayı 300 manatlıq kamera?
Bu ilin martında, əfv sərəncamı ilə 6 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan AXCP üzvü Babək Həsənov deyir ki, adi məhbuslar orada çox əziyyət çəkir. Onun sözlərinə görə, sanki bu cəzaçəkmə müəssisəsi “varlı məhbuslar” üçün nəzərdə tutulub:
“Pulun varsa, 6 saylı cəzaçəkmə müəssisəsində cəzanı istədiyin kimi çəkə bilərsən. Burada bilyard zalı, kompüter otağı, kino klubu, oyun meydançaları var. Burada tibb məntəqələri imkanlı şəxslərin əsarətindədir. Bir otaqda iki nəfər məhbus ayda 300 manat ödəyib qalır. Pullu məhbuslar pul verib özlərini ora saldırırlar. Pul tələsi üçün hər cür imkan yaradılıb”.
Mayın 12-si Azərbaycanda qeyri-iş günü olduğundan Penitensiar Xidmət, Ombudsmen aparatından bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.
Amma penitensiar xidmətin sözçüsü Mehman Sadıqov bir gün öncə, mayın 11-də yayılan bu xəbərləri təkzib edib. O bildirib ki, cəzaçəkmə müəssisəsində kimsə aclıq etmir, orada həyat həmişəki qaydasında davam edir.
“Məhbusların problemini dinləmək əvəzinə…”
Milli Məclisin insan haqları komitəsinin sədri Zahid Oruc bildirir ki, Ədliyyə Nazirliyi yanında nəzarət komitəsində təmsil olunan bitərəf vətəndaş cəmiyyətinin üzvləri həbxsanalara ictimai nəzarət edir. Onun sözlərinə görə hər hansı qanun pozuntu aşkarlanarsa, dərhal aradan qaldırılması istiqamətində işlər aparılır.
“Fərdi qaydada bizə belə müraciətlər çox olur. Dərhal Penitensiar müəssisələrin rəhbərliyi ilə danışıqlara keçilir. Bizim komitənin daimi əlaqələri var. Bu məsələdə də həmin məhbusların yaxınlarını əmin edirik ki, Penitensiar sistemin rəhbərliyi ilə danışıqlarımız olacaq. Bu barədə məlumatı ilkin mənbədən almağa çalışacağıq”.
“Müdafiə xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovsa AzadlıqRadiosuna bildirib ki, bu problemi ictimaiyyətdən gizlətmək üçün aksiya keçirən məhbuslara qarşı hədə-qorxu gəlinir:
“Cəzaçəkmə müəssisəsinin rəhbərliyi etiraz edən məhbusların problemini dinləmək əvəzinə onları cərimə zonasına - “karsa” salıblar, işgəncələr ediblər. 6 saylı cəzaçəkmə müəssisəsi bir nümunədir. Digərləri də qapalı tipli səhmdar cəmiyyəti müəssisəsi kimi fəaliyyət göstərir. Məhbusa müştəri gözü ilə baxılır”.
Rüfət Səfərov deyir ki, Azərbaycanda əksər cəzaçəkmə müəssisələrində qida təminatı, məhbusların saxlanma şəraitində ciddi problemlər var. Rüvşət və korrupsiya halları baş alıb gedir, məhbusların hüquqları pozulur.
Pentinesiar xidmət adətən bu cür iddiaları rədd edir. Xidmət cəzaçəkmə müəssisələrində qanunun tələblərinə tam əməl olunduğunu bəyan edir.
Amma həbsxanalardan gələn şikayətlər isə səngimək bilmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.