“Əmək pensiyaları" haqqında qanuna dəyişikliyin üstünlükləri - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
5-07-2021, 11:50

"“Əmək pensiyaları" haqqında qanuna iki vacib dəyişiklik edilib. Hər iki dəyişiklik əhalinin sosial müdafiəsinin gücləndirilməsi pensiyaçıların pensiya təminatının yaxşılaşdırılması niyyətini güdür”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, birinci dəyişiklik ondan ibarətdir ki, əgər əlilliyi olan şəxs təkrar əlilliyə müraciət edən zaman 6 ay müddətində gecikmə olubsa, bu gecikmə nəzərə alınmayacaq və əlillik müddəti bitdiyi gündən onun əlillik pensiyası veriləcəkdir: “Yəni indiyə qədər ki, qanunvericiliyə görə, əgər, əlillik müddəti bitəndən sonra gecikmə halları olarsa, həmin gecikdiyi aylar üzrə penisiyalar verilmir. İkinci vacib dəyişiklik isə dövlət qulluğunda işləyib, sonra dövlət qulluğu orqanı publik-hüquqi şəxsə çevrildiyi halda vətəndaşın dövlət qulluqçusu kimi pensiya almaq hüququna iki illik güzəşt olunur”.
Musa Quliyev həmçinin qeyd edib ki, mövcud qanunvericiliyə görə, dövlət qulluğunda çalışan şəxs 15 il staj toplayar və pensiya yaşına çatarsa, onlar da dövlət qulluqçusu kimi pensiya alırlar: “İndi isə, publik-hüquqi şəxsə çevrildiyi halda həmin işçilər 13 il staj topladığı halda dövlət qulluqçusu kimi penisiya ala biləcəklər. Hər iki dəyişikliklər vətəndaşların sosial müdafiəsini gücləndirmək, pensiya almaq hüququnun daha da stabil güzəştli şərtlərlə təmin olunmasına xidmət edən dəyişikliklərdir”.