Rəzalət: Əmlak Xidməti nazirliyin tikdiyi evə görə şəhid ailəsini cərimələyib

15-09-2021, 12:45           
Rəzalət: Əmlak Xidməti nazirliyin tikdiyi evə görə şəhid ailəsini cərimələyib
Astarada rəzalət baş verib. Reportyor.info-nun verdiyi xəbərə görə, I Qarabağ müharibəsində itkin düşən, sonradan şəhid adı verilən Babayev Aqil Sultanəli oğlunun anasına haqsızlıq edilib. Belə ki, şəhid anası qəzalı vəziyyətdə olan evdə yaşayırdı. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Astaranın Təngərüd kəndində iki otaqlı ev tikərək şəhid ailəsinə təhvil verib. İşə bax ki, bu il Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Lənkəran regional idarəsinin əməkdaşları kəndə gələrək şəhidin qardaşı İnam Babayevi 300 manat cərimələyiblər. Bunu belə izah ediblər ki, pay torpağında ev tikmisiniz.

Burada bir neçə sual çıxır: torpaq şəhidin qardaşı İnam Babayevin adına olsa da, ev anası Babayeva Telnisa xanıma məxsusdur. Ev anasının adına olduğu halda , hansı əsasla şəhidin qardaşını cərimə edirlər?
İkincisi, onların haradan yadına düşüb ki, şəhid ailəsi üçün nazirliyin kənddə tikdiyi evin hansı, torpaq üstündə olduğunu təftiş etsinlər?! Üçüncüsi, evi şəhid ailəsi öz hesabına tikməyib, dövlətin başqa bir strukturu tikib. Belə olan halda, hansı əsasla şəhid ailəsi cərimələyir? Hətta deyək ki, tikinti pay torpağı üstündədir, övladını vətən üçün qurban verən bir anaya bunu çox görürlər? Yaxşı, nazirlik ev tikəndə nə üçün əmlak xidməti həmin vaxt gəlib araşdırma aparmayıb? Niyə məhz indi yada düşüb? Və ən əsası şəhidin qardaşı nə üçün cərimə olunmalıdır? İ. Babayev deyir ki, qardaşı dövlət və torpaq üçün şəhid olub, amma ailəyə pay torpağında ev tikildiyi üçün cərimə kəsilir. Torpaqdan isə pay olmur… Yaxşı olar ki, məmurlar qırmızı xətti keçməsinlər, qəlbi yaralı şəhid ailələrinin heysiyyatına toxunmasınlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.