“Bahalaşma bütün sahələrdə, o cümlədən ərzaq məhsullarında özünü göstərəcək” - FAKT BUDUR!

15-09-2021, 20:28           
 “Bahalaşma bütün sahələrdə, o cümlədən ərzaq məhsullarında özünü göstərəcək” - FAKT BUDUR!
Bu gündən Azərbaycanda"Aİ-95 premium" və "Aİ-98 super" markalı benzinin qiyməti bahalaşıb.
​Azərbaycanda"Aİ-95 premium" və "Aİ-98 super" markalı benzinin qiyməti bahalaşıb. Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi "SOCAR Petroleum" bildirib ki, bu gündən "Aİ-95 Premium" markalı benzinin 1 litrinin qiyməti 15 qəpik artaraq 1,60 AZN, "Aİ-98 Super" markalı benzində isə 30 qəpik bahalaşaraq 1,90 AZN təşkil edib.

"SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli BBC News Azərbaycancaya açıqlamasında qiymət artımının səbəblərini izah edib: "Bu yanacaq növləri ölkəmizə xarici ölkələrdən idxal olunur. Bu dəfəki sifarişimiz Rumıniyadan idxal olundu. Qiymət artımı mənbə ölkədəki yanacaq növlərinin qiymətinin artırılması ilə əlaqəlidir".

O deyib ki, qiymət artımını əvvəlcədən proqnozlaşdırmaq "mümkün deyil" və qiymət ancaq "sifariş zamanı bilinir".

Ü.Həbibbəyli yerli istehsal olan "Aİ-92" markalı benzinin qiymətinin artmayacağını bildirib. Bu ilin avqust ayında "Aİ-98" markalı benzinin qiyməti, iyul ayında isə "Aİ-95" markalı benzininin qiyməti hər biri 5 qəpik bahalanmışdı. Daha öncə isə yanvar ayında Tarif Şurasının qərarı ilə "92 markalı" benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.

Bizimyol.info saytına Tarif Şurasının son qərarını şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, sözügedən qurum fəaliyyətini “gizli” və qapalı qaparır.

“Bu Şurada ictimai təşkilatların nümayəndələri təmsil olunmalı, hər hansı qərardan əvvəl ictimai müzakirələr aparılmalı idi. Tarif Şurası cəmiyyətin fikrinə qəti əhəmiyyət vermir. Əhalinin sosial vəziyyəti nəzərə alınmır.​ O şurada təmsil olunanlar düşünmürlər ki, Azərbaycanda istehlakçıları hansı çətinliklər gözləyir. Dövlət başçısı dəfələrlə tapşırıb ki, insanları dövlətə qarşı qoymaq olmaz, korrupsiya və inhisar halları ilə mübarizə aparmaq lazımdır. Lakin praktikada görürük ki, bahalaşma ancaq inhisarçıların işinə yarayır. Əlbəttə, dünyada baş verən proseslər bizim bazara da təsir edir, lakin biz daha çox süni bahalaşmanın şahidi oluruq”, - deyə ekspert vurğulayıb.

E.Hüseynovun sözlərinə görə, dövlət qurumları ictimai təşkilatların fikri ilə hesablaşmır, nəticədə ciddi problemlər üzə çıxır: “Məsələn, “İstehlakçıların hüquqlarına dair” qanun layihəsini mən Milli Məclisdən ala bilmədim. Demək olar ki, bütün qurumlarda belədir. Qanun və qərarların qəbulu zamanı vətəndaş cəmiyyətini təmsil ​ edən şəxslərin, ictimai birliklərin mövqeyi nəzərə alınmır. Sanki qanun və qərarlar “yorğan altında” qəbul olunur”.

Müsavat Partiyasının başqanı Arif Hacılı da o fikirdədir ki, Tarif Şurasının son qərarı əhalinin kasıb və orta təbəqəsinə ciddi təsir edəcək.

“Hakimiyyətə yaxın olan bəzi jurnalistlər və bloggerlər cəmiyyətə sübut etməyə çalışırlar ki, sözügedən bahalaşma sıravi vətəndaşlara təsir etməyəcək, qərar ancaq varlı təbəqənin istifadə etdiyi yüksək oktanlı yanacağa şamil olunur və s. Lakin əslində belə deyil, bütün cəmiyyət bu və digər məsuliyyətsiz qərarlar üzündən əziyyət çəkir. Bahalaşma bütün sahələrdə, o cümlədən gündəlik ərzaq məhsulları və tikinti materialları bazarında da özünü göstərəcək. Düşünürəm ki, Tarif Şurası reallıqdan uzaq qərarları verməklə, cəmiyyətdə dərin narazılıqlar yaymaqdadır. Bu qurumun fəaliyyətində şəffaflığı, cəmiyyətə açıqlığı da təmin olunmalıdır”,- deyə partiya sədri vurğulayıb.

A.Hacılı ölkədəki son təyinatlar və yeni təyin olunan məmurlar haqqında sosial şəbəkələrdə yayılan məlumatları da şərh edib: “Sosial şəbəkələrdə hər gün ayrı-ayrı məmurların korrupsiyaya bulaşması barədə yetərincə ciddi məlumatlar yayılır. O məlumatlar araşdırılmalı və tədbir görülməlidir. Son təyinatlarla bağlı isə onu deyə bilərəm ki, Azərbaycanda kadr islahatlarının prinsipləri dəyişməlidir. Adətən, məmurlar şəxsi sədaqət, yerlibazlıq, qohumbazlıq, hansısa yüksək vəzifəli şəxsə bağlılığı əsasında təyin olunurlar. Onların bu vəzifəyə qədər keçdiyi yol, yola verdiyi nöqsanlar barədə dövlət başçısına dolğun məlumat verilmir. Digər tərəfdən, tələskənlik olmamalı, hansısa vəzifəyə göstərilən namizədlər diqqətlə araşdırılmalıdır”.
Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.