Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Lerik meşələrinin qırılması ilə bağlı yazımıza cavab verdi - MÖVQE
17-09-2021, 14:59

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Cabbar Qəribov:
Lerik rayonunda, daha dəqiq desək, Lənkəran RMTM-nin Razvandoband meşəbəyliyində ağacların kəsilməsini əks etdirən fotolar Razvandoband meşəbəyliyinin 16 saylı meşə dolayının 48 saylı kvartalında çəkilib. Həmin kvartalda meşəbəyliyin istifadəsi üçün ayrılmış sanitar qırma sahəsi mövcuddur. Fotolorda görünən kəsilmiş və bir yerə toplanmış ağaclar da qazlaşdırılmamış yaşayış məntəqələrinin və həmin ərazidə xidmət aparan qurumların qış dövründə odun yanacağına olan tələbatını ödəmək məqsədilə həmin qırma sahəsindən tədarük olunan ağaclardır.
Fotoda görünən ərazi qırma sahəsinin aşağı anbarıdır. Ağaclar fotoda sağlam kimi görünsə də, əslində belə deyil, istəyən şəxs gəlib ağaclara yerində baxış keçirə və onların sağlam olmadığını görə bilər. Fotolardakı Kamaz və traktorun görüntüləri isə həmin ərazidə çəkilməyib, ərazi dağlıq olduğu üçün orada Kamaz markalı avtomobilin hərəkəti mümkün deyil.
Bilirsiniz ki, Lerik rayonu dağlıq rayondur, buradakı əksər yaşayış məntəqələri qazla təmin edilməyib. Onların yanacaq odununa olan tələbatını Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsi həyata keçirir. Bu günə kimi, yəni iyul ayından başlayaraq idarə tərəfindən ümumilikdə 3400 m3 odun tədarük edilib. Odun tədarükü indi də davam etdirilir.
Hazırda müəssisəmiz tərəfindən əhaliyə, hərbi hissələrə, səhiyyə və tədris müəssisələrinə dəyəri ödənilməklə odun satışı həyata keçirilir.
Odunun daşınması müəyyən texnika və avtomobillər vasitəsilə meşədən çıxarılaraq anbarlara yığılır, oradan da yenə yük avtomobillərinə yüklənərək əhaliyə satılır. Elektrik mişarlarının səsi, avtomobil və traktorların hərəkəti əhalidə belə bir yanlış fikir yaradır ki, guya ağaclar qanunsuz kəsilir, odunlar qanunsuz daşınır və bu hal brakonyerlik kimi qələmə verilir.
Ola bilər ki, kimsə, ya vətəndaş, yaxud da meşə işçisi qanunsuz kəsintiyə yol versin. Belə halların qarşısını almaq üçün də operativ tədbirlər görülür, daxil olan siqnallar dərhal araşdırılır və qiymətləndirilir. Amma yenə də təkrar edirəm, bu, qanuni ayrılmış qırma sahələrindən tədarük olunaraq əhaliyə və müəssisələrə dəyəri ödənilməklə verilən oduncaqdır. Apardığımız araşdırmalar təsdiqləyir ki, pozuntu kimi təqdim olunan halların əksəriyyəti nazirliyin yerli qurumları tərəfindən odun tədarükü ilə bağlı aparılan qırmalardır.
Xüsusilə vurğulamaq istəyirəm ki, odun tədarükü zamanı əsasən bioloji inkişafdan qalmış, köküstə qurumuş, yıxılmış ağacların sanitar qırıntısı həyata keçirilir və qırma sahələrinin məqsədəuyğunluğu mütəxəssislərimiz tərəfindən təsdiqləndikdən sonra həmin ərazilərdə qırma işləri aparılır.
Hər gün, hansı rayonda, hansı meşəbəyliklərdə odun tədarükünün aparıldığı, gün ərzində nə qədər odunun tədarük edildiyi barədə məlumatlar verilir.
İctimai fəallardan, media nümayəndələrindən xahiş edirəm ki, dəqiqləşdirilməmiş, araşdırılmamış məsələləri yayıb ictimaiyyətdə çaşqınlıq yaratmasınlar.
Biz maraqlıyıq ki, şikayətlər olduqda birgə araşdıraq, meşələrimizin, təbiətimizin qorunmasında sıx əməkdaşlıq edək.