Azərbaycandan çıxarılan “çirkli pul”: Həm də evlərdə “yuyulur”

18-09-2021, 07:01           
Azərbaycandan çıxarılan “çirkli pul”:
Azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar-avqust aylarında 858 mənzil alıblar.

2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 700 mənzil almışdılar. Türkiyənin Statistika Komitəsinin yaydığı məlumata görə, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, mart ayında 106 mənzil, aprel ayında 131 mənzil, may ayında 47 mənzil, iyun ayında 164, iyul ayında,127 mənzil, avqust ayında isə 138 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95, 35, 42, 70, 115 və 154 mənzil olmuşdu. Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 9-cu yerdədir.

Statistik rəqəmlərdən də göründüyü kimi, alınan evlərin sayında artım var.

Maraqlıdır, bu, “çirkli pul”ların yuyulmasıdır, yoxsa yatırım vasitəsi?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Azərbaycan vətəndaşlarının xarici ölkələrdə mənzil almalarının bir çox səbəbləri olduğunu deyib:

“Burada müxtəlif amillər var. Rusiyada yaşayan azərbaycanlıların böyük hissəsi həmin ölkənin vətəndaşı olsalar da, Azərbaycan vətəndaşlığından çıxmayıblar. Bu proses Türkiyədə də belədir. Məsələn, orada yaşayırlar, bəziləri özləri üçün ilk ev alırlar, bəziləri yatırım üçün bunu edir. Pandemiya dövründə pulları ölkədən çıxara bilmirlər deyə hansısa formada pul qazanıb daşınmaz əmlaka yatırır, bu, bir növ həm də pulu leqallaşdırmaq istəyidir. Evi alır, sonra evi satır, pulu rahat şəkildə ölkədən çıxarır. Yəni öz əmlakımı satmışam, pulu da istənilən ölkəyə apara bilərəm. Bu, bütün dünyada baş verən prosesdir, kim haradan istəyir özünə ev alır. Amma bizdən fərqli olaraq, Türkiyədə əmlak satışları, daşınmaz əmlak üzərində hüquqlar daha çox qorunur.

Tikinti şirkətləri elə evlər tikirlər, elə təqdim edirlər ki, hər evin hovuzu, bağı olur. Onu əsasən icarə məqsədi ilə alırlar. Türkiyədə bir ara daha çox mənzil alırdılar, buna dollar və avronun məzənnəsinin qalxması səbəb olmuşdu. Dollar və avro qalxsa da, evlərin qiyməti köhnə qalırdı. Əlində pulu olanlar lirə ilə həmin evləri alıb, bazar tənzimlənəndən sonra baha qiymətə satırdı”.

Ekspert bildirib ki, dünyanın hər yerində daşınmaz əmlakla “çirkli pul”ların yuyulması var:

“Bu, istər Azərbaycanda, istərsə də Türkiyədə var. Ölkədən qeyri-leqal qazanılmış pulu çıxara bilmirlər, pulu daşınmaz əmlaka verirlər, bir müddətdən sonra həmin əmlakı alqı-satqı müqaviləsi ilə satır və pulu leqallaşdırır. Avropa ölkələrində daşınmaz əmlakla “çirkli pul”ların yuyulması mümkün deyil. İnkişaf etmiş Avropa ölkələrinə baxaq. Vətəndaş hər hansısa daşınmaz əmlakı nağd şəkildə alırsa, ondan qazandığı pulun bütün məlumatlarını tələb edilir. Yəni sən bunu hansı yolla qazanmısansa, buna dair çıxarış təqdim etməli, ondan sonra həmin mənzili ala bilərsən. Amma Türkiyə, Azərbaycan, Gürcüstan və digər ölkələr var ki, həmin ölkələrdə bunlar soruşulmur”.

Ekspert hesab edir ki, azərbaycanlıların xarici ölkələrdə bu qədər çox daşınmaz əmlak almaları ölkə iqtisadiyyatına ziyandır:

“Bir tərəfdən Azərbaycan vətəndaşlarının xarici ölkələrdə bu qədər çox daşınmaz əmlak almaları ölkə iqtisadiyyatına ziyandır. Çünki o pulun hamısı Türkiyədə qazanılmayıb, o pulun bir hissəsi Azərbaycandan ora gedir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.