Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Quba meşələrində ağacların kəsilməsi ilə bağlı yazımıza cavab verdi - MÖVQE
18-09-2021, 21:03

Teref.az xəbər verir ki, saytımızda dərc olunmuş "Quba regional meşə təsərrüfatı mərkəzində nələr baş verir! Hər ayın axırı nazir müavini gəlib 70-80 min manat rüşvət aparır!Video-fakt" tənqidi yazısına Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Şahlar Əkbərov operativ cavab verib.
Teref.az olaraq Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Şahlar Əkbərovun mövqeyini oxuculara təqdim edirik:
Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Şahlar Əkbərov:
Quba rayonunda ağacların kəsilməsini əks etdirən videogörüntü Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin Quba meşəbəyliyinin 4 saylı meşə dolayının 18 saylı kvartalında çəkilib.
Qeyd edim ki, çəkilmiş videoda göstərilən ağac kötükləri rayonun qazlaşdırılmamış yaşayış məntəqələrinin və həmin bölgədə fəaliyyət göstərən qurumların qış dövründə odun yanacağına olan tələbatını ödəmək məqsədilə sözügedən kvartalın qırma sahəsindən kəsilən ağaclardır.
Bildirirəm ki, görüntülərdəki ağacların dib kötükləri sağlam deyil, görüntü bir az uzaq məsafədəndir. Ağacın gövdəsi yaxından çəkilsə bu aydın görünər. Odun tədarükü zamanı əsasən bioloji inkişafdan qalmış, köküstə qurumuş ağacların sanitar qırıntısı həyata keçirilir. Bir daha təkrar edirəm, istəyən şəxs gəlib ağaclara yerində baxa və onların sağlam olmadığını görə bilər.
Hazırda müəssisəmiz tərəfindən əhaliyə, hərbi hissələrə, səhiyyə, tədris müəssisələrinə və qazlaşdırılmamış ucqar kəndlərin əhalisinə odun tədarükü həyata keçirilir.
Görüntülərdəki bir yere yığılan oduncağın toplandığı ərazi isə meşə sahəsi deyil. Oduncaqdan da goründüyü kimi 2-3 il əvvəl kəsilərək hansısa yaşayış yerinə gətirilmiş oduncaqdır.
Onu da bildirim ki, belə videoları çəkənlər əvvəllər meşəyə qazanc məqsədilə baxan şəxslərdir ki, indi onların qanunsuz əməllərinin qarşısı alınıb, arzularına çata bilmədikləri üçün bu cür şantaj xarakterli videolar çəkir, məlumatlar yayırlar.
Əlbəttə, meşədə qanunsuz ağac kəsilməsi halları da ola bilər. Biz bunu danmırıq. Lakin belə halların qarşısını almaq üçün qanunamüvafiq tədbirlər görülür.
İftira ataraq rüşvət məsələsini gündəmə gətirmək isə bu şantajçlların həqiqqətən də anormal təfəkküründən xəbər verir. Heç bir faktın, sübutun, əsasın və ümumiyyətlə, son bir neçə ildir belə bir mühitin olmadığı halda bu cür cəfəng iddialarla çııxış etmək ən azı vicdansızlıqdır.
Sonda isə bildirirəm ki, biz hər kəsə açığıq və bütün şikayətlərin birgə araşdırılması üçün ictimaiyyət nümayəndələri ilə sıx əməkdaşlıq etməyə hazırıq.
Teref.az