Məmurları cəzaya aparacaq sənəd: - 3 aylıq müddətdən 30 il keçib, amma...
21-09-2021, 19:40

Bir çox ölkələrdə “Gəlir deklarasiyası haqqında” Qanun qəbul edilib və bu ölkələrdə vətəndaşlar öz gəlirləri barədə müvafiq qurumları məlumatlandıraraq, vergi ödəyirlər.
Postsovet ölkələri sırasında bu qanun nəinki Baltikyanı dövlətlərdə, eləcə də qonşu Gürcüstan və Rusiyada da qəbul olunub. Qərb ölkələrində isə artıq gəlir deklarasiyasını “online” şəkildə də həyata keçirmək mümkündür. Azərbaycanda isə bu sahədə qanun da qəbul edilməyib.
Maraqlıdır, bu qanunun reallaşmamasında kimlər maraqlıdır- vətəndaşlar, yoxsa məmurlar?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, ölkədə 1990-cı illərin sonunda “Gəlir deklarasiyası haqqında” qərar vardı və Nazirlər Kabineti onun infrastrukturunu hazırlamalı, 3 ay müddətində təqdim etməli idi:
“Həmin vaxtdan az qalsın ki, 30 il keçib, ancaq tətbiq edilmədi. 2000-ci illərin əvvəllərində bunu qanunvericilik şəklinə salmağa çalışdılar və bu təklif birinci oxunuşdan da keçdi. İlk növbədə məmurlar “Gəlir deklarasiyası” ilə bağlı açıqlamalar verməli, hər ilin sonunda öz gəlirlərini açıqlamalıdırlar.
Ancaq təəssüf ki, o da tətbiq edilmədi. Çünki bu gəlir deklarasiyasının tətbiqi vəzifədə olan məmurlara müəyyən problemlər yaşada bilərdi. Gəlir deklarasiyasında yalnız öz adına deyil, ailə üzvlərinin də adına olan daşınan, daşınmaz əmlak, aktivlər hamısı qeyd edilməlidir. Məsələn, bu, 15 ilə yaxındır ki, Rusiyada tətbiq olunur, hər dəfə də mart ayında gəlir deklarasiyası açıqlananda cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Bir çox məmurlar məcburən öz daşınan, daşınmaz əmlakını bəyan edir, məlum olur ki, çox aşağı maaşla vəzifələrdə çalışanların 100 milyonlarla rublluq əmlakı var.
Azərbaycanda da bundan dərs götürüblər. Anladılar ki, “Gəlir deklarasiyası haqqında”Qanunun təsdiqi və elan olunması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olacaq. Çünki əgər onu gizlətsələr, Azərbaycan kiçik bir dövlətdir və hamı bir çox məsələlərdən agahdır. Hansısa bir məmur gəlir deklarasiyasında məsələn, öz evini deyil, başqa bir mənzili, yaxud öz avtomobilini deyil, digər bir avtomobili göstərsə, bu, ictimai müzakirələr, jurnalistlərin araşdırması zamanı üzə çıxacaq. Ona görə də “ağrımaz başım” deyərək “Gəlir deklarasiyası haqqında”Qanunun qəbulunu uzun illərdir ki, uzadırlar”.