Üç övladı ilə Almaniyadan deport olunan jurnalist çıxılmaz vəziyyətdə: “Gedəcəyimiz yer yoxdur... ”

22-09-2021, 15:04           
Üç övladı ilə Almaniyadan deport olunan jurnalist çıxılmaz vəziyyətdə: “Gedəcəyimiz yer yoxdur... ”
Bir neçə gün öncə üç övladı ilə birgə Almaniyadan deportasiya edilən jurnalist Röya Rəfili çıxılmaz vəziyyətdə qalıb. Musavat.com bildirir ki, bununla bağlı sosial şəbəkədə status yazan jurnalist bildirib ki, övladları ilə birgə gedəcəyi yer yoxdur. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsə də, heç bir nəticə əldə edə bilməyib:

“Burada hava limanına enəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşına evsiz, işsiz və pulsuz olduğumu bildirmişəm. O da karantin bitən kimi Zabratdakı sosial sığınacağa yerləşdiriləcəyimizi və altı ay orada pul ödəmədən yaşaya biləcəyimizi deyib. Bu gün karantin bitib, Atletlər Kəndindən çıxmalıyıq. Gedəcək yerimiz yoxdur. Dediyim nazirliyin, Dövlət Sosial Müdafiə Fondunun, Sosial Xidmətlər Agentliyinin durumumuzdan xəbəri var, amma sığınacaqda bizə yer olmadığını bildirirlər. Burada sığınacağa ehtiyacı olan, getməyə yeri olmayan digər insanlar da var, hamımız küçədə qalmaq təhlükəsindəyik. Mənim uşaqlarla qadın, yaxud uşaq sığınacaqlarına getməyimi məsləhət görürlər. Ora mənim və uşaqlarımın psixoloji durumuna uyğun yer deyil. Jurnalist və vətəndaş kimi həmin sığınacaqlara dəfələrlə illər əvvəl getmişəm, yer problemi var, bir nəfərin yerinə neçəsi yerləşdirilir ki, küçədə qalmasınlar. Mən bizə vəd edilən dövlətin sosial sığınacağından 4 nəfərlik yox, 1 nəfərlik yer istəyirəm. Uşaqlarımı yığacağım kiçik, bir çarpayılıq yer istəyirəm ki, ailə olaraq yığışıb, durumumu düşünmək imkanım olsun. Bunu etmirlər.

Bizi Readmissiya Sazişinə əsasən geri gətirən dövlətdən, hökumətdən sığınacaq istəyirəm. İki yaşlı qızıma qanunsuz olaraq Azərbaycan vətəndaşı olduğunu təsdiq edərək deport etdirən Miqrasiya qurumlarından burada bizi yerləşdirmələri üçün sığınacaq istəyirəm. Mənim və başqa ölkə vətəndaşı olan atasının rəsmi icazəsi olmadan rəsmi, qanunsuz sənəd verərək deportumuza səbəb olan Almaniyadakı səfirliyimizdən, konsulluğumuzdan, həmçinin ölkə bacısından bizi buradakı sosial sığınacağa yerləşdirmələrini istəyirəm”.

Röya Rəfili onun deportasiya edilməsinin qanunsuz olduğunu da vurğulayıb: “Mənim razılığım olmadan üç uşağıma qayıdış şəhadətnaməsi verilib. İki yaşlı qızımın gətirilməsi qanuni deyil, orada ata rəsmi kağız, həmçinin uşağın Almaniyadan çıxışı üçün razılıq verməyib.

Öhdəmdə üç azyaşlı var. Onları məndən ayırmadan, bizə sosial sığınacaq verin. Düşmən dövlət olan Ermənistandan tutub gətirdiklərini hotellərdə yerləşdirən hökumətimdən Azərbaycan vətəndaşı olaraq sosial sığınacaq istəyirəm... “

Xatırladaq ki, jurnalist Röya Rəfili sentyabrın 13-ü gecə saatlarında 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub.

Röya Rəfilinin Almaniyaya getməzdən öncəki son iş yeri "Yeni Müsavat" qəzeti olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.