Təhsil Nazirliyinin şagirdlərlə “qaydasız döyüşü” - NƏ ETMƏLİ?
17-11-2021, 10:33

Müəyyən hallarda təhsil müəssisəsinin təhsili dövlət təhsil standarlarına uyğun təşkil etməyərək keyfiyyətsiz kadr hazırlığına səbəb olması müşahidə oluna bilər.
“Təhsil haqqında” Qanunda göstərilir ki, bu halda müvafiq icra hakimiyyətinin məhkəmədə iddia qaldırmaq hüququ var. Qanunda qeyd edilir ki, təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər. Bununla yanaşı, iddiaya təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi də daxildir. Ölkədə təhsilin səviyyəsi ilə bağlı bir çox iradlar bildirilsə də, hələ də həllini tapmayan problemlər var.
Xüsusilə də son illər keyfiyyətsiz təhsillə bağlı şagirdlərin, valideynlərin davamlı iradlarını eşidirik. Məhz təhsil müəssisələrindəki keyfiyyətsiz təhsilin nəticəsidir ki, şagirdlər məktəbə, yalnız adı gəlməyənlərin siyahısına düşməməsi məqsədilə gedirlər. Dərslər bitdikdən sonra həqiqətən də bilik almaq üçün repetitor yanına üz tuturlar.
Ötən müddət ərzində bu cür keyfiyyətsiz təhsilə görə hansısa təhsil müəssisəsi ilə bağlı iddia qaldırılıbmı?
Təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya bildirib ki, bu, "Təhsil haqqında"Qanunun 42-ci maddəsi ilə tənzimlənir:
"Burada qeyd edilir ki, Təhsil Nazirliyi təhsil müəssisəsinin akkreditasiyası zamanı və yaxud hər hansı şikayət əsasında keyfiyyətsiz təhsil müəyyən olunubsa, o zaman nazirlik həmin təhsil müəssisəsini məhkəməyə verir. Həmin keyfiyyətsiz təhsil verən müəssisə həm valideyndən aldığı pulu geri qaytarır, həm də həmin şagirdin təhsil proqramlarının yerinə yetirilməsini təmin edir. Məsələn, bir şagird "A" məktəbində 7-ci sinifdə oxuyursa, akkreditasiya zamanı Təhsil Nazirliyi gəlib yoxlayır, görür ki, buna hələ də 5-ci sinifin materialları tədris olunur. Belə olan halda TN həmin təhsil müəssisəsini məhkəməyə verir. Müəssisə də valideynin pulunu geri qaytarır, həmçinin şagirdin keçmədiyi müddət ərzində mövzuların bir təhsil müəssisəsində yerinə yetirilməsinin təhsil haqqını təmin edir. Azərbaycan müstəqilliyinin 31-ci ilini yaşayır. Ancaq indiyədək bir dəfə də praktikada olmayıb ki, TN hər hansı təhsil müəssisəsini bu məsələ ilə bağlı məhkəməyə vermiş olsun. Praktikada belə bir hal yoxdur. Baxmayaraq ki, TN-in vəzifələrindən biri də tədris prosesinin həyata keçirilməsinə nəzarət etməkdir. Ancaq biz bilirik ki, keyfiyyətli təhsil verməyən təhsil müəssisələrinin sayı "n" qədərdir".
Ekspert deyib ki, qanunvericilikdə başqa bir boşluq da var:
"Təhsil haqqında" Qanunun 16-cı maddəsində göstərilir ki, dövlət mülkiyyətində olan məktəbəqədər və ümumtəhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələri akkreditasiya olunur. Akkreditasiya-həmin təhsil müəssisəsinin dövlət standartlarına uyğun olaraq təhsil verilməsini və həmin təhsil müəssisəsinin statusunu müəyyən edən prosedur qaydadır. Ancaq “Ümumtəhsul haqqında” Qanunda göstərilir ki, mülkiyyət hüququndan asılı olmayaraq, bütün ümumtəhsil məktəbləri akkreditasiya olunub. Yəni dövlət mülkiyyətində olan ümumtəhsil məktəbləri də akkreditasiya olunmalıdır. İndiyədək də praktikada elə bir hal yoxdur ki, dövlət mülkiyyətində olan təhsil müəssisələri akkreditasiya olunsun. Ona görə də bu məsələ bizim qanunvericilikdə olan bir çox məsələlər kimi boşluqda dayanıb. Reallıq odur ki, istər dövlət, istər özəl mülkiyyətdə, bu, ödənişli təhsil alanlara aiddir. Ancaq istər "Təhsil haqqında" Qanunun 14-cü maddəsi, istərsə də "Ümumi təhsil haqqında" Qanunun 19-cu maddəsi olsun, orada göstərilir ki, dövlət mülkiyyətində olan ümumtəhsil müəssisələrində dövlət standartlarına uyğun olaraq, təhsil ödənişsizdir. Ölkədə lisey, gimnaziylar TN-in birbaşa tabeliyində olan məktəblərdir. TN son 7-8 ildir tədris prosesinə nəzarət etmək iqtidarında deyil. Hər şey "qaydasız döyüş" şəklində gedir. Ortada yüzlərlə faktlar var. Nazirlik təhsil müəssisəsinin idarə olunması, tədrisin həyata keçirilməsi ilə bağlı fərdi qaydalarda müəyyən cəza tətbiq etsə də, nəzarət sistemi yoxdur. Qanunvericilik elə qurulub ki, dövlət mülkiyyətində olan məktəblərə heç bir iddia qaldıra bilməzsən".