İnsan qadağaya qarşı: yuxarılar əvvəlki kimi idarə edə, aşağılar belə yaşaya bilmir

18-11-2021, 07:10           
İnsan qadağaya qarşı: yuxarılar əvvəlki kimi idarə edə, aşağılar belə yaşaya bilmir
Həkim: “Birmənalı şəkildə həyat öz axarına dönməli, insanların ixtiyarı özlərinə verilməlidir”

Sosioloq: “Artıq pandemiya ləğv olunmalı, insanlar sosial həyatlarına geri qayıtmalıdırlar”

COVID-19 pandemiyasının gətirdiyi qaydalar və məhdudiyyətlərlə keçən iki il geridə qalır. Vəziyyətlə barışmayan insanlar isə elə ilk aylardan etiraz edirlər. Toplaşır, nümayişlər keçirir, qaydalarda dəyişiklik edilməsinə dair tələblər səsləndirirlər. Amma bunlar bizdə yox, xarici ölkələrdə baş verir.

Mətbuatdan izlədiyimiz bu etirazlar sual yaradır: Onlar bu etirazlarında nə dərəcədə haqlıdırlar? Axı məhdudiyyətlər tətbiq edilərkən hökumətlər bununla bağlı qərarlarını mütəxəssislərin tövsiyələrinə əsaslanaraq verdiklərini deyirlər. AYNA mövzuya dair ekspertlərlə həmsöhbət olub.

Həkim-farmakoloq Müşfiq Hüseynovun sözlərinə görə, pandemiya ilə keçən iki illik müddətdə qaydalar fərqli ölkələrdə fərqli formada özünü göstərdi: “Bu müddət bəzi ölkələrdə bir qədər daha sərt, bəzi ölkələrdə bir az yumşaq qaydalarla müşahidə olundu. Özbəkistan, Qazaxıstan kimi ölkələrdə artıq heç bir epidemioloji vəziyyət müşahidə edilmir, maska taxan da yoxdur. Qapalı məkanlarda belə, maska tələbi yoxdur. Sadəcə başqa ölkələrdən gələnlərdən PCR testi tələbi var”.

“Bizdə isə vəziyyət bir qədər fərqlidir. Baxmayaraq ki, vaksinasiya sayı bir sıra ölkələrlə müqayisədə kifayət qədər yaxşıdır, amma hələ də qapalı məkanlarda maska tələbi var. Mən bir ay əvvəl də demişdim, daha heç bir qapanma, ağırlaşmadan söhbət gedə bilməz. Birmənalı şəkildə həyat öz axarına düşməlidir. Nə edib-etməyəcəklərini insanların öz öhdələrinə buraxmaq lazımdır. Fevral ayında müəyyən qədər ağırlaşmalar olsa da, mart ayından sonra yaya doğru heç bir epidemioloji vəziyyətin qalmayacağını düşünürəm. Buna görə yavaş-yavaş bu istiqamətdə addımlar atmaq lazımdır. Məsələn, toylara 150 nəfərlik qonaq çağırma ilə bağlı limiti aradan qaldırmaq olar. Artıq bu cür qadağaların heç bir mənası yoxdur”, - deyə mütəxəssis bildirib.

COVID-19 ilə bağlı məhdudiyyətlər əleyhinə etirazlara münasibət bildirən Hüseynov deyib ki, insanlar etiraz etmək hüquqlarından istifadə edirlər və bu, normaldır: “Avropa özünün azadlıq meyarları ilə məşhurdur. İnsanlar hansısa məqamı, qərarı öz azadlıqlarının məhdudlaşdırılması kimi görəndə buna etiraz edirlər. Buraya pandemiya ilə bağlı bir sıra qərarlar da daxildir. Onların azadlıqları bəzi hallarda bizə görə qabardılmış olsa da, bu, belədir. İnsanlar da etiraz hüquqlarından istifadə edirlər. Həyat normal axarında getmirsə, hansısa qaydalar həyatlarını çətinləşdirirsə, çıxıb buna etiraz edirlər. Çünki bu, onun vətəndaş kimi hüququdur”.

“Sadəcə biz də daxil olmaqla, bir sıra ölkələrdə vətəndaşların bu hüququ ya qismən tanınır, ya da ümumiyyətlə, tanınmır. Buna görə bizə qeyri-adi gələ bilər. Mən bir vətəndaş kimi nədənsə narazıyamsa, bunu bildirmək hüququm var. Bu, normaldır. Onların epidemioloji vəziyyətlə bağlı məhdudiyyətlərə, bu vəziyyətin uzanmasına qarşı etirazları haqlıdırmı? Bəzilərinə görə haqlıdır, bəzilərinə görə yox. Bu, tamamilə individual məsələdir”, - deyə həkim vurğulayıb.

Sosioloq Sahib Altay isə o fikirdədir ki, pandemiya ilə bağlı tətbiq edilən qaydalar beynəlxalq protokollara əsasən olmalı idi, amma bu, gözlənilən kimi olmadı: “Pandemiyaya dair müxtəlif dövrlərdə gedişata uyğun olaraq müxtəlif fikirlər səsləndirmişəm. İlk altı ayda düşünürdüm ki, qapanmalar olmalıdır. İnsanlarda pandemiyaya qarşı bir müdafiə mexanizmi, özünü qoruma vərdişi yaranmalıdır. Bu da beynəlxalq səviyyədə qəbul edilmiş pandemiya, epidemiya protokollarına əsasən olmalıdır. Həmin protokollarda da maksimum qapanma 15 gündür. 15 gündən bir ara verilir, müəyyən dəyişikliklər olur”.

“Qapanmaların özü də gözlənilən kimi olmadı. Virusun qısa zamanda aradan qaldırılacağı ilə bağlı vədlər də səsləndirilirdi, amma bu olmadı. Sülh şəraitində hərbçiyə nizamnaməyə əsasən təlimlər aşılanır, amma müharibə şəraitində nizamnamə pozula bilir. Pandemiyada da vəziyyət belə oldu. Getdikcə vəziyyət çətinləşdi. Kütləvi ölümlər oldu və nizamnamələr pozuldu. İnkişaf etmiş ölkələrdə müəyyən dərəcədə protokollara əməl edilsə də, Azərbaycan və Azərbaycan kimi ölkələrdə protokollara qətiyyən əməl olunmadı”, - deyə həmsöhbətimiz söyləyib.

Bundan əlavə, sosioloq qeyd edib ki, inkişaf etmiş ölkələrdə sosial işçilik fəaliyyəti var və bu, ayrıca bir ixtisasdır: “Həmin ölkələrdə sosial işçiləri cəlb etdilər, sosial tətqiqatlar apardılar. Ona əsasən də müəyyən qədər protokollara əməl etməyə nail oldular. Lakin hər şeyə rəğmən artıq dünyada bir narazılıq var”.

S.Altayın sözlərinə görə, dünyanın COVID-19 pandemiyasına qədər bir neçə epidemiya və pandemiya təcrübəsi olub və COVID-19 onlardan heç də daha təhlükəli deyil: “Həmin təcrübələrdən yola çıxaraq deyə bilərik ki, onlar arasında COVID-19-dan daha ciddi və təhlükəli pandemiyalar olub. Amma artıq insanlar tətbiq edilən məhdudiyyətlərə qarşı çıxırlar. Bu gün Avropa insanının pandemiya qaydalarına etiraz etməsi onların böyük bir təzad içərisində qalmalarından xəbər verir. Xüsusən də inkişaf etmiş ölkələrdə bu etirazları daha çox müşahidə edirik. Avropa insanının hüquq anlayışı var. Avopa ölkələri tamamilə olmasa da, müəyyən qədər demokratik cəmiyyətin örnəyi hesab olunur. Onlar bu gün böyük bir təzad içərisində qalıblar. Çünki bir tərəfdən demokratiya örnəyi sayılırlar, digər tərəfdən də hökumət onların əvəzinə qərar verir. Axı demokratiyanın əsası budur ki, hakimiyyətin mənbəyi xalqdır”.

“Hakimiyyət belə əsaslandırır ki, vətəndaşın sağlamlığı üçün mütəxəssisləri cəlb edib, onların rəyi əsasında qərar verir, vətəndaş isə deyir ki, bu, demokratik anlayışlara ziddir, həm şəxsi, həm ictimai həyatı əhatə edən pandemiya qərarları heç də demokratik deyil. İnsanların birinci narazılığı budur. İkincisi isə siyasi rejimdən, idarəetmədən asılı olaraq insanlar səslərini çıxara bilmir, kütləvi toplaşa bilmirlər. Demokratik quruluşa əsaslanmış ölkələrdə insanlar buna qarşı kütləvi şəkildə etiraz edirlər”, - deyə həmsöhbətimiz bildirib.

O, hesab edir ki, artıq pandemiya ləğv olunmalıdır, insanlar sosial həyatlarına geri qayıtmalıdırlar: “İnsan bioloji olmaqla yanaşı sosial canlıdır. Onun bir tərəfini əlindən alıb, digər tərəf üzərində qərarlaşmasını məsləhət görmək və ya onu bu məcburiyyət qarşısında qoymaq absurddur. Çünki bu, insanlarda psixoz yaradır. Ötən iki il ərzində biz gördük ki, bu qapanmalar nələrə səbəb oldu. Müxtəlif virusların, xəstəliklərin üzə çıxdığını, insanlarda tənbəllik formalaşdığını müşahidə edirik. Maddi yoxsulluq artıb. Artıq inkişaf etmiş ölkələrdə belə, qiymət artımları gedir, şirkətlər iflas edir, dövlətlərarası əlaqələr zəifləyir. Bunun qarşısı alınmalıdır. İnsanın əmək fəaliyyəti təkcə maddi ehtiyaclarını ödəmək üçün yox, həm də ona mənəvi və psixoloji stumul vermək üçün olan vasitədir. İnsanların əmək fəaliyyəti bərpa olunmalıdır. İşsiz insanlar çoxdur”.

“Ola bilsin ki, hökumətlər verdikləri qərarlarla insanların sağlamlığını düşünür, amma artıq bunlar keçərsizdir, insan psixologiyasına ziddir. Cinayətkarların, narkomanların sayı artır. Sosial anlamda olduqca çox sayda mənfi davranışların, vərdişlərin sayı artıb. İnsanın sosial tələbatı var, o tələbat ödənilməlidir. İnsan hərəkətdə olmalıdır, ünsiyyət qurmalıdır. Belə olmayanda insan həm psixoloji, həm də bioloji cəhətdən zəifləyir. Bu zaman da problemlərlə əhatə olunmuş bir canlı yaranır. İnsanların ictimai mühitdə özlərini qorumasına dayanıqlı bir sistem yaradılmasının tərəfdarıyam”, - deyə Altay fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.