"Keçən aydan tələbələrə təhsil kreditləri verilməliydi, amma proses hələ başlamayıb" - ETİRAZ

18-11-2021, 12:13           
"Keçən aydan tələbələrə təhsil kreditləri verilməliydi, amma proses hələ başlamayıb" - ETİRAZ[center][/center]
"2022-ci ilin dövlət büdcəsində təhsilə ayrılan xərcləri xüsusi qeyd etmək istərdim. Təhsil xərclərinin 2022-ci il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 4,5 faiz olmaqla dövlət büdcəsindən 3884,3 milyon manat vəsait ayrılacaq".

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin dünən keçirilən iclasında deyib. B.Əliyev bildirib ki, dövlət büdcəsinin yüksək rəqabətli insan kapitalının formalaşması konsepsiyasına uyğun olaraq həyata keçirilən təhsil sahəsindəki islahatların maliyyə təminatı 2022-ci ilin dövlət büdcəsində əsaslı şəkildə möhkəmləndirilib: “Təhsil xərclərinin 2022-ci ilin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 13,0 faiz təşkil etməsi onu göstərir ki, dövlət tərəfindən vətəndaşların keyfiyyətli təhsilə çıxışına təminat yaradılıb. Bununla bağlı bəzi statistik göstəricilərə diqqəti çəkmək istərdim: dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı 110834 nəfərə çatdırılacaq. Ölkə üzrə tələbələrin ümumi sayı təqribən 180000 nəfərdir və onların 60 faizdən çoxu, yəni 110834 nəfəri dövlət hesabına təhsil alacaq; təqribən 22000 həssas sosial kateqoriyadan olan tələbənin təhsil xərci dövlət büdcəsi hesabına qarşılanır; Prezidentin Fərmanı ilə “Təhsil-tələbə krediti fondu” yaradılmış və onun nizamnamə kapitalının 102 milyon manata çatdırılması nəzərdə tutulub; təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 50 faizdən az olmayan səviyyəyə çatdırılması və bu tendensiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur; növbəti ildə 600 təhsil müəssisəsinin təmiri və investisiya proqramlarına uyğun olaraq yeni məktəblərin tikilməsi planlaşdırılır; Bununla bağlı təkcə bir faktı qeyd edək ki, Prezident İlham Əliyev azad edilmiş şəhər və kəndlərimizdə inşa ediləcək ən müasir infrastruktura malik ümumtəhsil məktəblərinin bir neçəsinin təməlini qoyub. Tələbələrin təqaüdlərinin, müəllimlərin əməkhaqqının artırılması nəzərdə tutulur.

Qeyd etməliyik ki, 2022-ci ilin dövlət büdcəsində əməyin ödənişi xərclərinə 8097,3 milyon manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Bu, cari ilin büdcəsindən 1496,3 milyon manat çoxdur və son hədd də deyil. Çünki neft gəlirlərinin proqnozdan artıq daxil olan hissəsi Prezidentin təşəbbüsü ilə ilk növbədə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsinə, o cümlədən maaşların artırılmasına yönləndirilməsi ilə bağlı büdcəyə dəyişikliklər də edilir” - deyə B.Əliyev bildirib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunu layihəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanmış mükəmməl qanun layihəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş bu büdcə layihəsi Qalib Dövlətin daha da güclənməsinin, Qalib Xalqın firavan həyatının və azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinin maliyyə təminatıdır: “Hesab edirik ki, 2022-ci ilin dövlət büdcəsi qısa müddət ərzində ölkənin dinamik inkişafını və əhalinin sosial müdafiəsini daha da gücləndirməyə imkan verəcəkdir”, - deyə B.Əliyev qeyd edib.

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi “Şərq”ə açıqlamasında vurğulayıb ki, dövlət başçısı tərəfindən hər il prioritet olaraq qarşıya qoyulan bir məqsəd var ki, o da yalnız dövlət sifarişləri üzrə oxuyan tələbələrin sayını artırmaqdır. Ekspert bildirib ki, hər il ayrılan plan yerlərində demək olar ki, dövlət sifarişli yerlərin sayının çox olmasına dövlət tərəfindən daha çox diqqət yetirilir:

“Təkcə bir faktı qeyd edim ki, ali təhsil müəssisələrinə 2020-ci ildə 21 min 934 sifarişli yerlər ayrılmışdı. Bununla yanaşı, 2021-ci ilin qəbul ilində artıq 22 minin üzərində dövlət sifarişli plan yerləri ayrılmışdı. Bu, təhsilin əlçatanlığını təmin etməyə, eyni zamanda müəyyən qədər əhalinin maddi durumuna dəstək verməyə hesablanmış bir qərardır. Eyni zamanda burda magistratura pilləsi də nəzərdə tutulur, orda da müəyyən sifarişli yerlər ayrılır. Həmçinin, orta ixtisas təhsil müəssisələrində, yəni kolleclərdə də dövlət sifarişli yerlər ayrılır. Amma təəssüflər olsun ki, kolleclərdə daha çox ödənişli əsaslarla təhsil öz əksini tapıb. Halbuki, ali təhsilin istər bakalavr, istərsə də magistratura pilləsində dövlət sifarişli yerlər özəl müəssisələrdə də formalaşırsa, kolleclərdə bu mümkün deyil və orada yalnız ödənişli əsaslarladır. Həmçinin, dövlət kolleclərində daha çox ödənişli əsaslarla plan yerləri var. Onu da qeyd edim ki, komitə sədrinin açıqladığı rəqəmlər düzdür, reallığa yaxın rəqəmlərdir. Ancaq orada tələbələrə təhsil kreditinin verilməsi ilə bağlı müəyyən fikirlər var. Qeyd edim ki, tələbələrə təhsil kreditinin verilməsi üçün artıq keçən aydan proses başlanmalı və kreditlər verilməli idi. Amma təəssüflər olsun ki, proses hələ də başlanmayıb. Halbuki, ilkin formada 80 milyardlıq büdcə ayrılmışdı. Sonradan fondun ehtiyat büdcəsi artırıldı. Buna baxmayaraq tələbələrə hələ də təhsil krediti verilməyib. Müəyyən qədər sosial qruplar var ki, onlar şəhid ailəsidir, məcburi köçkündü, sağlamlıq imkanları məhdud olan şəxslərdir ki, onların təhsil xərclərini dövlət qarşılayır. Buna təhsil haqqı demirəm, təhsil xərci deyirəm. Təhsil xərclərini dövlət öz üzərinə götürür, ödəyir. Bütün tələbələrin xeyrinə atılan addımlar düşünürəm ki, gələcək üçün perspektivlər vəd edir. Amma təəssüflər olsun ki, biz komitə sədrinin dediyi kimi, əmək haqqı və tələbələrin təqaüdünün artımının şahidi olmuruq”.

Müsahibimiz qeyd edib ki, bu yaxınlarda yalnız peşə istiqamətində təhsil alanların təqaüdləri artırıldı:

“Amma son dövrlər biz baxırıq ki, tələbələrin təqaüdləri artırılmır. Bununla paralel olaraq müəllimlərin əmək haqqı hər dəfə deyilir artıralacaq, amma o da artırılmır. Düşünürəm ki, müəllimlərin də əmək haqqının artırılmasına komitə sədri, təhsil komitəsinin üzvləri də çalışmalıdır. Sadəcə durub kənardan utopik rəqəmlər açıqlamaq o qədər də maraqlı deyil. Yalnız real rəqəmləri bildirmək daha məqsədəuyğundur. Dövlət tərəfindən müəyyən ərazilərdə məktəblər tikilir, elə məktəblər var ki, onların təmirinə vəsait ayrılır. Həmçinin, modul tipli məktəblər tikilir. Bunlar görünən tərəfdir, amma görünməyən tərəf ondan ibarətdir ki, sırf təhsil üçün ayrılan büdcədən olan pul müəllimlərin əmək haqlarının artırılması üçün nəzərdə tutulmur. Müəllimlərin də əmək haqlarının artırılması mütləq nəzərdə tutulmalıdır. Təəssüflər olsun ki, son dövrlərdə 6-7 il ərzində xaricdə təhsil almaq istəyənlərin sayı çoxalıb. Bu da ölkədə təhsil sisteminin ideal olmamasına əsaslanır. Eyni zamanda qəbulun onlar üçün əsaslı imkan yaratmaması ilə də bağlıdır. Burada şəxslər daha çox attestatla xaricə üz tuturlar. Biz bunun qarşısını almaq üçün müəyyən işlər görməliyik. Əgər biz ölkə vətəndaşının təhsil almağını istəyiriksə, ayrılmış büdcədən vəsaitləri düzgün şəkildə istifadə etməliyik. Düşünürəm ki, plan yerlərini daha çox artırmaq olar.

Həmçinin, qəbulun şərtlərini daha çox sadələşdirib, kənara çıxan vətəndaşların qarşısını almaq olar. Çalışmaq lazımdır ki, xaricə beyin axını sürətlənməsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.