Beyninin yarısını, 6 barmağını, 1 gözünü itirən qaziyə nə qədər təqaüd təyin olunub?- Nələr olur? Rəsmi

18-11-2021, 12:58           
Beyninin yarısını, 6 barmağını, 1 gözünü itirən qaziyə nə qədər təqaüd təyin olunub?- Nələr olur? Rəsmi
DSMF yayılan məlumatlarla bağlı narazılığını gizlətməyib. Qurumda hesab edirlər ki, məsələyə birtərəfli və qərəzli yanaşılıb və dövlətin dəstəyi görməzdən gəlinib.
Bu gün sosial şəbəkədə qazi Cahangir Əliyevə 200 manat pensiya kəsilməsi ciddi ictimai qınağa səbəb olub. Hər kəs məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini (ƏƏSMN), eləcə də Dövlət Sosial Müdafiə Fondunu (DSMF) qınayaraq həmin məbləğdə pensiyanın qazimizə təyin olunmasını ədalətsiz adlandırıb.
"Qazi Cahangir Əliyevin 10 əl barmağından 6-sı yoxdur, bir gözü görmür. Bir qulağı eşitmir, sağ ayağı tutmur, beyninin yarısı yoxdur, yerində plastmasdır. Bu adama 200 manat pensiya kəsiblər!" - paylaşımlarda bildirilir.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirməyə çalışıb.
DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili Sputnik Azərbaycan-a bildirib ki, jurnalistlər bu məlumatı hazırlayıb yayarkən bir qədər diqqətli olmalıdırlar. Onun sözlərinə görə, təəssüf ki, məsələyə birtərəfli və qərəzli yanaşılıb. Həmçinin dövlətimiz tərəfindən qazi və şəhid ailələrinə sosial sahədə göstərilən dəstək görməzdən gəlinib.
"Qazimiz Əliyev Cahangirə müddətsiz I dərəcə əlillik təyin edilib. Qazimizə tək 200 manat deyil, 400 manat, ona qulluq edən anasına isə 50 manat məbləğində təqaüd təyin olunub. Yəni qazimizə ümumilikdə 650 manat məbləğində sosial ödəniş həyata keçirilir. Səhhətinin yaxşılaşdırılması ilə bağlı görülən işlərə gəlincə, qazimiz müxtəlif vaxtlarda Sumqayıt Reabilitasiya Mərkəzində stasionar olaraq reabilitasiya müalicəsi alıb, təkərli oturacaqla təmin olunub. Türkiyənin VM Medical Park Pendik Xəstəxanasındakı müalicə alan qazimizin xərcləri qarşılanıb, məişət şəraitinin yaxşılaşdırılması üçün yardım edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində israilli həkim heyəti tərəfindən ona tibb xidmət göstərilib.
Əgər qazimizin ailə üzvlərinin sosial vəziyyəti ilə bağlı görülən işlər də sizi maraqlandırırsa, onu da bildirək ki, həm Dövlət Sosial Müdafiə Fondunun, həm də Dövlət Məşğulluq Agentliyinin əməkdaşları qazinin ailəsində olub, onların sosial vəziyyəti ilə maraqlanıblar. Cahangirin atası Əliyev Gülbala işləyir, eyni zamanda pensiya alır. Qazinin anası oğluna qulluq etdiyinə görə işləmir, lakin dərzi olduğu nəzərə alınaraq "kiçik dərzi sexi" zərfi üzrə aktivlərlə təmin olunub. Bacısı isə hazırda orta məktəblərin birində müəllim işləyir. Beləliklə, ailənin aylıq ümumi gəliri 1800 manata yaxındır. Bundan başqa, Cahangirin anasına mənzil növbəsinə durması üçün yerli icra hakimiyyətinə müraciət etməsi də tövsiyə olunub", - R.Mehdili deyib.
R.Mehdili bildirib ki, bu cür yanlış informasiyalar yaymaqla ictimaiyyət arasında çaşqınlıq yaradılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.