Hər tərəfdə tələ qurulub: - Bakıda 150-yə yaxın "yalançı" tikinti şirkəti var
18-11-2021, 19:38
Mənzil sahibi olmaq hər bir insanın arzusudur. Öz evin olsun, kirayələrdən canın qurtarsın. Deyirlər kirayə evlərdə həyatlar da kirayədir. Ay necə keçirsə, kirayə mənzildəki ömür də elə keçir. Necə keçdiyini bilmirsən. Bu səbəbdən də hər kəs çalışır ki, bir evi olsun. İllərlə pul yığır, böyük kredit yükünün altına girir. Borca düşür, sıxıntıda boğulur, təki bir evi olsun. Bəzən bu arzusuna çatır. Bəzən isə, tam arzuma çatdım dediyi yerdə aldadıldığını başa düşür. Xəbər tutur ki, illərlə arzusunda olduğu evin bir neçə sahibi var, görür ki, illərlə kreditini ödədiyi mənzil 3-4 nəfərə satılıb. Sonrakı ömrü isə, məhkəmələrdə mübarizə ilə keçir vətəndaşın. Ən yaxşı halda, MTK sahibi həbs olunur. Vətəndaş isə, illərlə arzusunda olduğu mənzili itirdiyini başa düşür.
Qeyri-rəsmi statistikaya görə, Bakıda 150-yə yaxın "yalançı" tikinti şirkəti var. Bu şirkətlər, vətəndaşları aldatmaqla məşğuldur.
Bir neçə gün əvvəl, redaksiyamıza tikinti şirkəti tərəfindən aldadılma ilə bağlı bir şikayət daxil olmuşdu. Yasamalda Şərifzadə 33 ünvanında "İnşaat Konstruksiyaları" MMC adlı tikinti şirkəti, 6 il əvvəl vətəndaşların yaşadığı binanı sökərək onlara iki il müddətində yeni mənzillə təmin etməyi vəd verib. İki il olub 4 il, 4-cü il isə 6-cı illə davam edib. İndi aradan 6 il keçib, aldadan vətəndaşlar bütün dövət qurumlarına, hətta ölkə başçısına da müraciət ediblər. Ediblər, amma hələ ki, şikayətləri nəticəsiz olaraq qalıb. Yerli mətbuatda, bu şirkət haqqında dəfələrlə vətəndaş şikayətləri işıqlandırılıb. Amma heç bir nəticə əldə edilməyib.
Və yaxud AMAY Ticarət Mərkəzinin rəhbəri olan Abdulla Abdullayevə məxsus tikinti şirkətinin də, yüzlərlə vətəndaşı aldatdığı və bir mənzili 5-6 nəfərə satıldığı təsdiq edilmişdi.
Ötən illərdə prezident administrasiyasına "Hermes-S", "Murad M.S.", "İnteks", "Grand Plaza", "Elite City", "N Turan", "Pearl Construction", "TFM Smart Project", "Fədək", "Sizin mənzil", "NV Construction", "Dönüş-1", "MVVL Verus Praedium", "Azadlıq Residence", "Pilot-1", "FVS İnşaat", "Rahatlığın məkanı", "Poleks", "Park Bayil", "İnşaat Konstruksiyaları", "Draft Construction", "Qlobal-SF", "Malibo", "Avrasiya Construction", "İnkişaf-S", "SKY Residence", "Xəmsə-İnşaat", "Buta Qroup", "Cavid 2016", "Rahat Həyat", "Qismət-M Construction", "Archico" MMC-lər, "Sabah Residence", "Best Construction", "Regal Residence", "Orbita", "Merkuri", "Pilot İnşaat A", "Yeni ev-19", "Məkan", "EDİF", "Mahal", "Teymuroğlu", "Olympus Park", "Bəhrə", "İqtisadçı-2005" və digər MTK-lar barədə şikayətlər daxil olurdu.
Xüsusilə qeyd etməliyik ki, vətəndaşların aldadılması prosesi, 86 saylı qərardan sonra başlandı. Bütün tikinti şirkətləri, bu qərarı əsas gətirərək binaları vətəndaşlarla razılığa belə gəlmədən sökür və narazı olan vətəndaşlara hədə-qorxu gəlinirdi. Dəfələrlə vətəndaşlar və tikinti şirkətləri arasında olan qalmaqallarda mən özüm də şirkət əməkdaşlarının təzyiqinə məruz qalırdım. Amma şikayət etsəm belə, nə vətəndaşların, nə də mənim şikayətlərim təmin edilmirdi. Bu hadisələr, daha çox 2017-2018-ci ildə geniş vüsət almışdı. Vətəndaşlar, qanunsuz olaraq evlərindən çıxarılırdı. Onların şikayətləri ünvana çatmır, problemləri həll edilmirdi. Qazanan isə, çox zaman məmurlar tərəfindən təsis edilmiş tikinti şirkətləri olurdu. Bu gün həmin şikayətlərin çoxu, məhkəmələrdədir və mübarizələr davam edir. Amma aradan illər sürətlə keçir. Problemlər həllini tapmır. İtirən vətəndaşın isə, tikinti şirkətlərinə və məhkəmələrə inamı qalmır. Bilir ki, yenə də məğlub odur.
Niyə vətəndaşa, vətəndaşın mülkiyyət hüququna qarşı bu qədər laqeydlik var? Çünki tikinti şirkətlərinin çox hissəsi, bəzi məmurlara məxsusdur. Rəhbərliyə başqa şəxslər təyin edilsə də, vətəndaşın ağzını yummağa çalışan və haqqını tapdayan məmurlardır. Dəfələrlə vətəndaşları aldana tikinti şirkətlərini araşdıran zaman, bu şirkətlərin arxasında yüksək çinli məmurların dayandığına şahid olmuşam. Bəli, onlar haqqında yazmaq da təhlükəlidir bizim üçün. Niyə? Yüzlərlə vətəndaşın haqqını yeyə bilən, cəzasız qalan məmur üçün bir jurnalisti susdurmaq nədir ki? "Kim vurduya" getmək isə, hər bir jurnalist üçün qorxulu kabusdur.
Vətəndaşların tikinti şirkətləri tərəfindən aldadılmaması üçün dövlət özü buna diqqətlə yanaşmalıdır. Bu gün müharibədən qalib çıxan bir ölkənin vətəndaşı, adi tikinti şirkəti qarşısında məğlubdursa, o zaman bu şirkətlərin düşməndən nə fərqi var? Ermənistan da torpaqlarımızı işğal edərək, 30 il öz tapdağı altında saxladı. Bu gün bəzi tikinti şirkətləri də vətəndaşlarla eyni səviyyədə davranır. Yəqin ki, bir gün Azərbaycan qələbə çaldığı kimi vətəndaşlar da, onları yağmalayan və onların mülkünə sahib çıxan tikinti şirkətləri üzərində qələbə çala bilərlər. Aldanmış vətəndaşlar isə, qalib ölkənin məğlub vətəndaşlarıdır.
İqtisadiyyatın inkişafı üçün, tikinti sektoru da inkişaf etməlidir. Ancaq ölkədə tikinti şirkətlərinə qarşı davam edən bu inamsızlıq var ikən, bu sahə necə inkişaf edə bilər ki? Maraqlı mövzudur...
Tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşlar, bizimlə əlaqə saxlaya bilər.
Bizimyol.info