Pensiya yaşı çatmayanlara ŞAD XƏBƏR: Yığılan kapitaldan istifadə etmək hüququ verilə bilər - AÇIQLAMA
20-11-2021, 00:00

“Milli Məclisin komitə büdcə müzakirələrində sosial sfera ilə bağlı təkliflərimdən biri də pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi ilə bağlı oldu. Belə ki, mövcud qaydalara əsasən, vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunial xidmətləri ödəmək, kredit qaytarmar və sair istiqamətlər üçün istifadə edilir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov səsləndirib. O bildirib ki, bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur: “Məsələn təqaüd yaşına çatmamış 200 min manatdan çox kapital olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir. Bu baxımdan təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsini kommunal xidmət haqqının və ya kreditinin ödənişi kimi istifadə etmək hüququ alsın. Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman onun əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı. Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulunu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun hesab edilməlidir. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər. Bu həm də yığımlara marağı artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb olar. Bu hal həmçinin pensiya yığımlarına marağı artıra və vəsaitin daha ünvanlı istifadəsinə imkan yaradar” – deyə millət vəkili fikirlərini tamamlayıb.