Daşkəsənin icra nümayəndəsi haqda şok iddialar
24-11-2021, 00:08

“Xudayar Ələkbərov 18 nəfər işçinin hər birinin maaşından 50 manat kəsir; pul vermədikdə, bizi işdən çıxarmaqla təhdid edir”
Daşkəsən rayonunun Aşağı Daşkəsən kəndinin sakinləri "Hürriyyət"ə müraciət edərək, hər ay kənd icra nümayəndəsi Xudayar Ələkbərova maaşlarının müəyyən hissəsini vermək məcburiyyətində qaldıqlarını bildiriblər.
Dost İş Mərkəzinin əməkdaşları olduqlarını bildirən şəxslər iddia edirlər ki, Xudayar Ələkbərov bu yolla hər ay qanunsuz yollarla ümumilikdə 4000-5000 manat civarında maliyyə vəsaiti əldə edir.
Adını çəkilməsini istəməyən əməkdaşlar iddia etdikləri qanunsuz hallarla bağlı redaksiyamıza danışıblar:
"Biz Daşkəsən rayonun Aşağı Daşkəsən kənd sakinləriyik. Eyni zamanda, DOST İş Mərkəzinin işçiləriyik. Bizim icra nümayəndəmiz Ələkbərov Xudayar aldığımız 290 manat maaşın 50 manatını nəğd şəkildə bizim əlimizdən alır. 18 nəfər işçiyik. Hər birimizdən hər ayın sonu 50 manat pul alır. Vermədikdə, bizi işdən çıxarmaqla təhdid edir.
Dəfələrlə Aparat rəhbərinə bildirsək də, heç bir nəticə əldə edə bilməmişik.
Digər tərfdən, beş nəfərin adını qanunsuz yerə “işçi” olaraq yazıb. Həmin kartları da özündə gəzdirir. Pulu özü alıb, şəxsi işləri üçün xərcləyir.
Ümumilikdə, baxça ilə birgə 44 işçisi olan Xudayar Ələkbərov hər ay qanunsuz yollarla 4000-5000 manat civarında pul əldə edir. Xahiş edirik ki, özünüz də araşdırma aparasınız və bu işi gündəmə gətirəsiniz.
Onu da qeyd edək ki, Ələkbərov Xudayarın pensiya yaşından artıq bir il keçib”.
Mövzunu araşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında "DOST İş Mərkəzi" ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Ramilə Məmmədli "Hürriyyət"ə bildirdi ki, DOST İş Mərkəzi ödənişli ictimai işlər proqramının icrası vəziyyətinin mütəmadi monitorinqlərini həyata keçirir:
"Yazılmış şikayətin anonim olması və şikayətdə işçilərin bildirdiyi əmək haqqının DOST İş Mərkəzi tərəfindən ödənən əmək haqqı sisteminə uyğun gəlməməsi bu şikayətin mərkəzin fəaliyyəti ilə bağlı olmadığını göstərir. DOST İş Mərkəzi ödənişli ictimai işlər proqramının icrası vəziyyətinin mütəmadi monitorinqlərini həyata keçirir".
YƏHYA
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
/hurriyyet.az/