Parlamentdə narazılıq, deputatdan üzrxahlıq və... – “Bahalaşma belimizi qırır”

24-11-2021, 08:26           
Parlamentdə narazılıq, deputatdan üzrxahlıq və... –
Deputat: “Hörmətli nazirlər, qiymət artımları ilə bağlı çıxın xalqa izahat verin!”

Milli Məclisin bugünkü iclasında deputatlar gələn ilin dövlət büdcəsi ilə bağlı fikirlərini səsləndirib, təkliflər ediblər. Parlamentin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gələn ilin dövlət büdcəsi barədə danışarkən deyib ki, "2022-ci ilin dövlət büdcəsi” layihəsi birinci oxunuşda müzakirə edilərkən həm deputatlar, həm də hökumət üzvləri tərəfindən ətraflı məlumat verilib.

“Mən bütün rəqəmləri bir də təkrarlamaq istəməzdim. Amma ümumi olaraq qeyd etmək istərdim ki, 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlər sırasında 2022-ci il üçün dövlət büdcəsi layihəsində büdcə gəlirləri 1 milyard 389 milyon manat artırılaraq 26 milyard 816 milyon manata, xərcləri isə 1 milyard 336 milyon manat artırılaraq 29 milyard 879 milyon manata çatdırılıb”, - deyə Mirkişili vurğulayıb.

Komitə sədrindən gələn ilin dövlət büdcəsi barədə məlumat

Deputat qeyd edib ki, Dövlət büdcəsi kəsirinin 3 milyard 063 milyon manat, 2022-ci ildə inflyasiyanın orta illik göstəricisinin 4 faiz, ümumi daxili məhsulun real artım tempinin 3,9 faiz, neftin bir barelinin orta illik qiymətinin isə 50 dollar olacağı proqnozlaşdırılıb: “Qeyd edim ki, dövlət büdcəsinin vergi və gömrük rüsumlarından formalaşan gəlirləri 1 milyard 930 milyon manat artırılıb. Büdcə layihəsində sosial yönümlü xərclər ümumilikdə 1 milyard 649 milyon manat artılaraq 13 milyard 850 milyon manata və ya dövlət büdcə xərclərinin 46.4%-nə çatdırılıb. Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün bu məqsədlə ayrılan xərclər 173 milyon manat, təhsil xərcləri 606 milyon manat, səhiyyə xərcləri 118 milyon manat artırılıb. Ölkədə sosial ödənişlərin artırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamın icrası üçün layihədə 1 milyard 441 milyon manat vəsait nəzərdə tutulub”.

“Tərəfimizdən aparılmış təhlillər göstərir ki, layihənin həm plenar iclasda 1-ci oxunuş zamanı, həm də komitələrin birgə iclasında 2-ci oxunuş zamanı müzakirələrində deputat həmkarlarımın çıxışları 2 istiqamət üzrə olub. Birinci istiqamətə büdcə zərfinə daxil olan layihələrə mahiyyəti üzrə münasibət, sual və təklifləri aid etmək olar. Onların bir hissəsinə komitələrdə olan müzakirələr zamanı aydınlıq gətirilib. Hesab edirəm ki, digər hissəsinə isə hökumət üzvləri öz çıxışlarında aydınlıq gətirəcəklər. İkinci istiqamətə isə daha çox deputat həmkarlarımın seçildikləri dairələr üzrə sosial-iqtisadi problemlər, çağırışlar və onların həlli ilə bağlı təklifləri aid etmək olar. Hər bir deputat həmkarımın öz seçildikləri dairələr üzrə məsələləri müzakirəyə təqdim etməsi təqdirəlayiq haldır”, - deyə komitə sədri qeyd edib.

Deputat bildirib ki, müşahidələr və təhlillər göstərir ki, bu cür məsələlərin peşəkar formada müzakirəsi və həlli üçün yeni bir yanaşmaya ehtiyac var: “Yekun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və Milli Məclisin digər komitələri “2022-ci il dövlət büdcəsi layihəsi”nin Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul edilməsinə müsbət rəy veriblər. Hesab edirik ki, “2022-ci il dövlət büdcəsi layihəsi” dövlətin növbəti ildə ölkəmiz qarşısında olan hədəflərə batmasına və yaranacaq çağırışlara cavab verməsinə lazımi maliyyə imkanı yaradacaq".

Tahir Kərimli spikerdən və xalqdan üzr istədi

Deputat Tahir Kərimli Milli Məclisin ötən dəfə keçirilən iclasında parlamentin avtomobil parkının yenilənməsi və işçilərinin mənzil şəraitinin yaxşılaşdırılmaslı ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib: “Mənə yanlış məlumat veriblər, mən də bu məlumat əsasında yanlış çıxış etmişəm. Məlum oldu ki, sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə xeyli sayda insan yüksək vəzifələrə çəkilib. Bir neçə adama COVID-19-la bağlı 500 manat yardım edilib. Xüsusilə Milli Məclis rəhbərliyinin fəaliyyəti göz qabağındadır. Mən onun xaricilərlə bir neçə dildə necə danışdığının şahidi olmuşam. İndiki dövrdə - azad olunan torpaqlarımızda bərpa-quruculuq işləri getdiyi bir vaxtda mənzil məsələsini qaldırmağım düzgün deyildi. Ona görə dönə-dönə Milli Məclis Sədrindən və xalqdan üzr istəyirəm. Hesab edirəm ki, cəzamı xalq qınaqla verdi”.

Spiker S.Qafarova isə T.Kərimliyə gələn dəfə yanlış, təsdiqini tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.

“İqtisadiyyat Universitetində xüsusi istedadlı 30 tələbə universiteti bitirib, 30-u da ölkədə qalmayıb”

T.Kərimli çıxışının davamında hökumət üzvlərinə təkliflər irəli sürüb. Deputat bildirib ki, hökumət onların işində nöqsan axtarıldığını düşünür: "Bu, belə deyil. Biz görülən müsbət işləri də görürük. Hökumət bilməlidir ki, biz deputatlar daha çox rifah olmasında, ölkəmizin inkişaf etməsində maraqlıyıq. Ona görə xahiş edirəm ki, bəzi şeyləri süngü ilə qarşılamasınlar. Büdcədəki müsbət dəyişikliklərə toxunmaq istəyirəm. Hüquq-mühafizə orqanlarına və digərlərinə də ayrılan vəsaitləri optimal hesab edirəm. Bir şeyi bilməliyik ki, balıq susuz yaşaya bilmədiyi kimi, dövlət də intizamsız yaşaya bilməz. Orduya ayrılan vəsait də artırılır. Hörmətli nazirlər, qiymət artımları ilə bağlı çıxın xalqa izahat verin. Bahalaşma belimizi qırır, buna diqqət etmək çox vacibdir. İşsizlik məsələsi də qalmaqdadır. İqtisadiyyat Universitetində xüsusi istedadlı 30 tələbə universiteti bitirib, 30-u da ölkədə qalmayıb. Yeni iqtisadi siyasət formulunun yolu tapılmayıb".

Deputatdan nazirlərə sərt sözlər: “Ölkə qanunlarla idarə edilməlidir, oliqarx nazir fəaliyyəti ilə yox”

Deputat Sabir Rüstəmxanlı çıxıçında qeyd edib ki, uğursuz qiymət siyasəti, bahalaşma, rüşvətxorluq Azərbaycanın uğurlarına kölgə salmamalıdır:

“Ölkə qanunlarla idarə edilməlidir, oliqarx nazir fəaliyyəti ilə yox. Bu gün işsizlik, kommunal xərclərin artması, müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazı ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır”.

“Bizim üçün prioritet işğaldan azad olunmuş yerlərin bərpası məsələsidir. Xalq bunu başa düşür. Cəmiyyətdə olan bu sabitlik xalqın bunu başa düşməsinə görədir. Ancaq xalqın sosial rifahı da yaxşılaşdırılmalıdır. Biz cəmiyyətdəki ağrıları görürük və deyirik. Onun müalicəsi hökumətin işidir. Xahiş edirəm, burda biz deyənlərə hökumət üzvləri ciddi yanaşsınlar. Prezidentin ölkə boyu kərpic-kərpic qurduğu siyasət məmurların etinasızlığı ilə sökülməməlidir. Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir. Bu məsələlərə baxılmalıdır”, - deyə Rüstəmxanlı vurğulayıb.

Millət vəkilindən narazılıq: “Bütün strukturlarda kütləvi ixtisarlar gedir”

“Prezident İlham Əliyevin və Mehriban Əliyevanın diqqəti sayəsində yeni iş yerləri yaradılır”, - deyən deputat Məlahət İbrahimqızı bildirib ki, bu gün işsizliyin aradan qaldırılması üçün addımlar atılır: “Amma bütövlükdə bütün strukturlarda kütləvi ixtisarlar gedir, yüzlərlə insan ixtisara düşür. Biz başa düşürük ki, islahatlar getməlidir, amma ixtisarların kütləvi hal alması var, buna yol vermək olmaz. Biz qazilərimizin, şəhid və qazi ailələrinin işsizliyinin aradan qaldırılması ilə məşğul oluruq. İndi bu problem də ortaya çıxıb”.

“Xankəndi Pedoqoji İnstitutunun fəaliyyəti bərpa olunsun!”

Xankəndinin deputatı Tural Gəncəliyev isə hökumətdən Xankəndi Pedaqoji İnstitutunun bərpasını xahiş edib: “Ölkəmiz müharibədən yeni çıxmasına baxmayaraq büdcə layihəsi kifayət qədər sosialyönümlüdür. Hesab edirəm ki, Qarabağın Ermənistan işğalına qədər fəaliyyət göstərmiş təhsil ocaqları yenidən qurulmalıdır. Büdcədə müasir təhsil sisteminin qurulması və inkişaf etdirilməsi istiqamətinə xüsusi diqqət ayrılıb. Qarabağda təhsil infrastrukturunun yenidən qurulması məsələsi xüsusi diqqətə alınmalıdır. Bu xüsusda təmsil etdiyim Xankəndi şəhərində şəhərin işğalına qədər Pedaqoji İnstitutun filialı fəaliyyət göstərirdi. 1973-cü ildən bu institut müstəqil ali məktəb kimi fəaliyyət göstərirdi. Qarabağa geri qayıdacaq əhalinin təhsilində oynadığı müsbət rolu nəzərə alaraq, Xankəndi Pedaqoji İnstitutunun və bu kimi təhsil olacaqlarının yenidən bərpası xüsusi əhəmiyyət kəsb edir. Büdcədə Xankəndi Pedaqoji institutunun yenidən bərpasının nəzərə alınmasını xahiş edirəm”.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.