Sənədsiz evlər niyə sənədləşdirilmir... - Maraqların toqquşduğu sahə

25-11-2021, 22:31           
Sənədsiz evlər niyə sənədləşdirilmir... - Maraqların toqquşduğu sahə
Azərbaycanda “sənədsiz evlər” ifadəsi səslənəndə, ağıla ilk gələn yer Binəqədi rayonunun ərazisi olur. Burada yol boyunca düzlənmiş neftçıxarma qurğuları, ətrafa yayılmış kəskin neft qoxusu, natəmiz şərait və səliqəsiz tikilmiş evlər əslində buranın yaşayış üçün əlverişli olmadığından xəbər verir. Ancaq buna baxmayaraq, bu yerlərdə tikilən evlərin sayı hər gün getdikcə artır.

Bu gün həmin ərazilərdə oldum. Quru torpağın bağrını dələn neft qurğuları, göz işlədikcə uzanıb gedən borular, sıx və bir qədər səliqəsiz tikilmiş evlər... Sakinlərdən birinə yaxınlaşdım. Rizvan adlı sakin bildirdi ki, kirayədən canını qurtardığı üçün şükür edir, yerdə qalan şeylər düzələsi problemlərdir: “Bu evi manat-manat yığdığım pulla inşa etmişəm. 14 il kirayədə yaşamışam. İndi pisdir, ya yaxşıdır, hər nədir, əsas odur öz evimdir, Allaha min şükür. Kirayə haqqı ödəmirəm, öləndə də biləcəm ki, öz evimdə ayaqlarımı cütləyib, öləcəm. Uşaqlarım, ailəm məndən sonra qapı-qapı kirayə axtarası olmayacaq. Qardaş, ev böyük şeydir. Ac da olsan, tox da olsan, xəstə də olsan, təki öz evində olasan. Mən düz 14 il kirayələrdə yaşamışam. Yaşamışam yox e, sürünmüşəm. İndi birtəhər Allah nəsib edib, bir balaca imkan düşüb, tikmişəm. Sənədi barədə nə yalan deyim? Məlum məsələdir də. Güya hansı sənədlidir ki? Başımızı salıb aşağı, günlük ruzimizin arxasınca gedirik. Nəsə oldu, nəsə dedilər, deyirəm: “Baş üstə”. Problem yaratmağa gələnlər də olur, niyə olmur? Bir də gördün, gəldilər, tökülüşdülər: “Bunu götür, filan şeyi sök, sənədi gətir”. Birtəhər yola verirəm, çıxıb gedirlər. O dəfə bu qonşuluqdakılardan biri istədi ki, həyətinin üstündə bir balaca çardaq salsın, SOCAR-dan gəlib dağıtdılar. Nəyə icazə ala bilmisənsə, vəssalam, onunla kifayətlənməlisən. Burda məskunlaşma dünənin, bu günün işi deyil ki. Neçə illərdi burda, bax, beləcə məskunlaşma gedir. İndi hərə bir cür “hörmətlə”, minnətlə tikir, girir içinə də. İndi bu qədər adamdan sənəd tələb etmək də heç onlara sərf eləməz. Əslində, bəli, sənəd olmalıdır, demirəm qanuni iş görürlər, xeyr. Amma indi vəziyyət elədir ki, ölkənin yarısından çoxu sənədsiz evlərdir. Nə edəcəklər? Kürəyib, Xəzərə tökəsi deyillər ki? Birtəhər yola verirlər də. Ta özünüz bilirsiniz necə, hansı şəkildə. Bir ara dedilər burda hər kəslə görüşüb, qanuniləşdirəcəklərmiş. Odur-budur, səs-səmirləri çıxmır. Yəqin kimlərəsə belə sərf edir də”,– deyə Rizvan bildirib.

Xatırladım ki, hələ 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı uyğun qurumlara xüsusi tapşırıq vermişdi: “Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək”.

Məlumata görə, 2019-cu ilin mayında Bakı Şəhər İcra Hakimiyyətinin yeni təyin edilən başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyev onu şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. Ancaq buna baxmayaraq, problem hələ də öz həllini tapa bilməyib.

Bu evlər sənədsiz olduğu üçün sığorta şirkətləri onları sığortalamaqdan imtina edir. FHN-dən bildirilir ki, bu evlər sığortalı deyilsə, kömək etmək çətindir. Əmlakı sığortalamaq üçün isə onu dövlət qeydiyyatına almaq lazımdır. Elə isə bu məsələ öz həllini necə tapacaq?

Mövzu ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadovla əlaqə saxladım. Ekspert bildirdi ki, birinci məsələ, ən vacib və nöqsanlarla dolu olan sahə mülkiyyət hüququnun əldə olunması ilə bağlıdır: “Sizin, yaxud mənim hər hansısa bir əmlakımız varsa, təbii ki, burada əsasən yaşayış evindən söhbət gedir, birinci növbədə bizim bu hüququmuz Konstitusiya ilə qorunur. Hər bir şəxsin əmlakı, mülkiyyəti, yaşadığı evi Konstitusiya ilə qorunur. Təbii ki, bunun bir sənədi olmalıdır. Sənədi olmayanda da, təbii ki, həmin mülkiyyət tanınmır. İstənilən vaxt həmin mülk plana düşə bilər, sökülə bilər və sair. Amma hər bir Azərbaycan vətəndaşının mülkiyyətini dövlət tanımalıdır və onun mülkiyyət hüququ qorunmalıdır. Konstitusiyaya uyğun olan budur.

Binəqədi ərazisi qanunsuz tikililərin sayına görə çoxluq təşkil edən bir rayondur. Mən düşünürəm ki, SOCAR-ın ərazisində tikilən bu evlər vaxtilə burada işləyən neft işçilərinin yaşaması üçün bir növ "gecəqondular" olublar. O zamanlarda, yəni Sovet dövründə onları evlə təmin edə bilmirdilər və onlara da yaşamaları üçün burada müəyyən razılıq verilmişdi. Sonradan həmin şəxslərdən kimlərsə qalıb, kimlərsə dünyadan köçüblər və bu "gecəqondu" kimi tikilmiş evlər özlərindən sonrakılara mülk kimi qalıb, daha sonra başqa məskunlaşanlar olub. Mən belə düşünürəm. Hazırda həmin ərazidə olan torpaqlar SOCAR-ın balansında olduğuna görə, onlar oraya müəyyən müdaxilələr edirlər ki, torpaq onlarındır. Onlara heç bir müraciət etmədən, öz tikintilərini artırırlar. Yəni gələcəkdə konpensasiya verilərsə, tutaq ki, bir otaq oldu iki otaq, onda konpensasiya artıqlaması ilə veriləcək. Hardasa, mən o dövlət qurumunun bu məsələyə nəzarət etməyinin tərəfdarıyam.

Məsələyə FHN-nin nəzərindən baxdıqda, o ərazi sıx bir ərazidir və sabah evlərin arasında bir yanğın hadisəsi olsa, yanğınsöndürən maşınlar daxil ola bilməyəcək.

Gördüyünüz kimi, bu, artıq başqa bir qanunvericiliyə zidd oldu. Günü bu gün hökumətin belə nəhəng ərazilərin köçürülməsi ilə bağlı böyük vəsaiti və zamanı yoxdur. Necə deyərlər, “yuxarısı bığ, aşağısı saqqal” məsələsi kimi. Bu, mənim öz düşüncəmdir. Ancaq amnistiya olmalıdır. Amnistiya olarsa, o biri problemlər gələcəkdə üzə çıxacaq”,– deyə ekspert Elnur Azadov bildirib.
Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.