Dövlət qurumları boyun qaçırır, əlac özümüzə qalıb: cəmi 30 manat

26-11-2021, 07:26           
Dövlət qurumları boyun qaçırır, əlac özümüzə qalıb: cəmi 30 manat
Bu addımı atmaqla özümüzü və ailəmizi böyük fəlakətdən xilas edə bilərik

22 noyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) növbəti dəfə dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlik dəm qazının təhlükəsi və ehtiyat tədbirlərindən bəhs edən maarifləndirici videoçarx hazırlayıb.

Bildirilir ki, ölümlə nəticələnə biləcək təhlükənin qarşısını almaq üçün qaz cihazının saz vəziyyətdə olması və standartlara uyğun olması zəruridir. FHN-in məlumatında o da bildirilir ki, bacaların ildə iki dəfə təmizlənməsinə ehtiyac var.

Dəm qazı bəlası təkcə bizdə deyil, Avropa vəsıra MDB ölkələrində də yaşanır - qazdan zəhərlənmə halları barədə mütəmadi olaraq məlumat verilir. Oralarda belə halların qarşısını almaq üçün bələdiyyələr fərdi yaşayış evlərində xüsusi dəm qazı detektorları quraşdırır.

AYNA ölkəmizdə xüsusi dəm qazı detektorlarının quraşdırılıb-quraşdırılmadığı və quraşdırılmadığı halda bu problemlə hansı strukturun məşğul olmalı olduğunu araşdırmağa çalışıb.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevin dediyinə görə, Azərbaycanda bəzi binalarda belə detektorlar quraşdırılıb: “Onları bu binaları tikən şirkətlərin özləri quraşdırıb”.

Qurum sözçüsü deyib ki, 2016-cı ildən “Azəriqaz” yalnız yaşayış binalarından kənarda olan qaz kəmərlərinə və avadanlığına cavabdehdir: “Binaların içərisindəki qaz xətlərinin və qaz cihazlarının istismarına isə Fövqəladə Hallar Nazirliyi cavabdehdir”.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva isə “Azəriqaz”dan olan həmkarının iddiası ilə razılaşmır: “Binalarda qaz cihazlarının işinə biz yox, “Azəriqaz” nəzarət edir. Bizim fərdi yaşayış evlərinə yalnız fövqəladə hallarda, məsələn, yanğın zamanı daxil olmaq hüququmuz var”.

Onun sözlərinə görə, FHN maarifləndirmə işləri aparır, vətəndaşları qaz cihazlarından istifadə qaydalarını pozmamağa çağırır.

“Azəriqaz” İB-nin Ölçmə Cihazları İdarəsinin sabiq rəisi Nüsrət Qasımovun bildirib ki, ölüm hallarının aradan qaldırılması üçün tikinti şirkətlərinin qaz cihazlarının üzərinə dəm qazı detektorlarının quraşdırılmasını öhdəsinə götürən xüsusi qanun qəbul edilməlidir: “Buna nəzarət Fövqəladə Hallar Nazirliyinə həvalə oluna bilər. Bu nazirlik tikilən binaların dövlət tərəfindən qəbulunda iştirak edir”.

“Bəs evlərində müvafiq detektorlar olmayan əhali nə etməlidir” sualına cavab verən Qasımov qeyd edib ki, müvafiq detektorları mağazalardan 30 manata alıb özünüz quraşdıra bilərsiniz. Və bu halda dövlət qurumlarından icazə tələb olunmur.

Müəllif: Rəşad Rüstəmov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.