Məktəblərdə AQRESSİV davranışlar artıb – Amma “nə əvvəlki təhsil var, nə də o müəllimlər”

29-11-2021, 18:53           
Məktəblərdə AQRESSİV davranışlar artıb – Amma “nə əvvəlki təhsil var, nə də o müəllimlər”
“Təsəvvür edin, 1976-cı ildə Pedoqoji institutu bitirb, Bakı kəndlərinin bir məktəbinə təyinat aldım, mən böyük siniflərə 10-11-cilərlə işləyirdim. Şagirdlərlə aramda 4-5, bəziləri ilə 3 il yaş fərqimiz vardı. Ancaq mənə bir müəllim kimi böyük hörmət edirdilər. Lap yeri gələn də əllərində xətkeşlə vururduq, küncdə saxlayırdıq, hansısa cəza tətbiq edirdik. Lakin bir dəfə olsun bir valideyn bizə və ya şagirdin özü bir irad bildirmirdi. Hər şey əndazəsində idi”.

45 ildir orta məktəbdə fizika müəlliməsi çalışan Rəisə Məmmədova bildirir ki, o, illərdə müəllimə daha böyük hörmət var idi və sözü qanun idi, uşaqlar da buna sona qədər qulaq asırdı.

Rəisə müəllimə qeyd edir ki, müasir dövrdə isə meyarlar zamana uyğun dəyişib, daha nə əvvəlki təhsil qalıb, nə də əvvəlki müəllimlər.

“İndi şagirdə nəsə deməmiş valideyn müəllimin başının üzərini kəsdirir, haqlı oldu, olmadı, hər zaman övladlarını qorumaq istıyirlər. Bu isə əslində, şagirdn özünə ziyan vurur”.

Zaman öz yerində, pandemiya da bir çox sahələrə dağıdıcı zərbə vurduğu kimi, təhsilin də sarsılmış məhvərini silkələdi. Sərt qapanmalar təhsilə həm bilik sahəsində, həm də müəllim şagird münasibətlərinə neqativ təsir etdi. Uşaqlarla bərabər müəllimlərdə də aqressiv fon artmağa başladı. Necə deyərlər, lap zayı çıxdı.

Psixoloqlar düşünür ki, onlayn sistemdə müəllim nəzarətindən uzaq düşən şagirdlərdə əlavə saymazlıq, dərs prosesinə məqsədsiz müdaxilələr meydana gəldi. Burada isə nə valideyndə, nə də müəllimdə nəzarət mexanizmi işləmədi. Bir növ təhsil də lağ obyektinə çevrildi.

Son zamanlar cəmiyyətdə bu cür halların artması isə bir çox məsələləri qabarıq şəkildə biruzə verib.

2-ci sinif şagirdi Aytən Musayevanın anası Aysel bildirir ki, qızı müəllimindən gördüyü aqressiv hərəkətləri öz oyuncaqları üstündə təcrübə edəndə başa düşüb ki, bu davranışlar onun övladının psixologiyasında dərin izlər buraxıb.

“Təsəvvür edin, uşaq bütün oyuncaqları yığıb dərs oxumadıqlarına görə, onlara çox aqressiv halda “gözünüzü çıxaracam, öldürəcəm sizi, dayanın” qışqırırdı. Yaxınlaşıb ondan belə etdiyini soruşanda mənə bildirdi ki, Dilbər (sinif rəhbərləri) biz dərsi bilməyəndə bizə belə qışqırır.

Vəziyyət göründyündən betər acınacaqlıdır. Haqlı tərəf axtarmaq isə problemin həllini uzatmaqdan başqa heç nəyə xidmət etmir. Ekspertlərin fikirncə, burada mexanizim işləməlidir, müəllimin səviyyəsi və psixoloji yetkinliyi, təhsilin isə daha dəqiq proqramlarla qavranışlı olması şərtdir.

İndi alınmış vəziyyət müəllimlərin işə qəbul olunduğu zaman psixoloji tesdən, peşəkar psixoloq müayinəsindən keçməli olduğu məsələsini gündəmə gətirib.

Araşdırmamızdan bəlli olur ki, Azərbaycanda rəsmi olaraq heç bir müəllim işə qəbul olduğu zaman psixoloq müayinəsindən keçmir. Bu barədə Bizim.Media-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib.

“İşə qəbul olan zaman müəllimlər ilk olaraq bilik və bacarıqları qiymətləndirilir, daha sonra isə müsahibə götürülür və həmin zaman psixoloji və eləcə də dünyagörüşü ilə bağlı suallar verilib cavab alınır ki, bunun əsasında da şəxsiyyət haqqında müəyyən fikir formalaşır. Ancaq xüsusi olaraq psixoloq müayinəsi olmur”.

Təhsil eksperti Elçin Əfəndi isə düşünür ki, təkcə müsahibə ilə vəziyyət həll oluna bilməz. O, bu barədə Bizim.Media-ya deyib.

“Yalnız müsahibə əsasında müəllimin ümumi psixoloji vəziyyətini müəyyən etmək doğru deyil. Yaxşı olar ki, müəllim işə başlayandan sonra ən azı 1 dəfə ümumi psixoloji yoxlanılsın”.

Ekspert həmçinin bildirib ki, ümumiyyətlə, məktəblərdə güclü psixoloji komanda formalaşmalıdır.

“Mövcud təhsil proqramı o qədər çətin və ağırdı ki, həm şagird, həm müəllim yorulur və nəticədə hər iki tərəfin aqressiyası müşahidə olunur. Bunların olmaması üçün dərs yükü və təhsil proqramı yüngülləşdirilməli, məktəblərdə psixoloji iş düzgün qurulmalıdır”.

Məsələ bu qədər sadə, həlli isə bir o qədər mürəkkəbdir. Arada isə zaman çay kimi axıb gedir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.